Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-09 18:00:00
Azərbaycanda dövlət-din münasibətləri qanunlara və qarşılıqlı ehtirama söykənir  

Azərbaycan tarixboyu qədim mədəniyyət mərkəzlərindən biri olaraq dünyada multikultural və tolerant mühitin formalaşmasına əvəzsiz töhfələr verib, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb.

Hazırda dünyanın ayrı-ayrı bölgələrində etno-siyasi proseslərin, din və məzhəb münaqişələrinin baş verdiyi bir vaxtda müasir Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı bir məkana çevrilib.

Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət ölkəmizdə sabitliyin hökm sürməsinə, bu isə öz növbəsində, din və mənəviyyat sahəsində də stabilliyə gətirib çıxarıb. Din sahəsində sabitliyin qorunub saxlanmasına rəvac verən amillərdən ən başlıcası respublikamızda mövcud olan dövlət-din münasibətlərinin qanunlara və qarşılıqlı ehtirama söykənərək həyata keçirilməsidir.

Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 2018-ci il fevralın 9-da Sərəncam imzalanaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) təsis edilib. Bu gün Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlamasından 2 il ötür.

Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov AZƏRTAC-a institutun fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan İlahiyyat İnstitutu 2 tədris ilidir ki, Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III qrup üzrə iki istiqamətdə – islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə bakalavr səviyyəsinə, dinin tarixi, dinin psixologiyası, dinin sosiologiyası, islamşünaslıq ixtisasları üzrə isə magistraturaya tələbə qəbulu həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən instituta 2020/2021-ci tədris ili üzrə doktoranturaya qəbul başlanıb. Hazırda institutda ümumilikdə 166 tələbə təhsil alır.

İnstitut fəaliyyətə başladığı vaxtdan etibarən elektron təhsil sistemi ilə bağlı alternativlər araşdırılıb, bu məqsədlə ali təhsil müəssisəsinin əməkdaşları Türkiyəyə gedərək, 7 universitetin elektron təhsil sistemi ilə tanış olub və mühüm təcrübə əldə ediblər.

Aqil Şirinov qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbələr ilk gündən etibarən təhsillə yanaşı, sosialyönümlü layihələrə, maarifləndirmə tədbirlərinə də cəlb olunurlar.

İnstitutda ictimaiyyət nümayəndələri, elm xadimləri və tədqiqatçıların iştirakı ilə seminar, dəyirmi masa, ölkədəki əlamətdar hadisələrə və beynəlxalq günlərə həsr olunan tədbirlər keçirilir. Tələbələrin fərdi inkişafı, intellektual səviyyəsinin və mənəvi dünyasının zənginləşdirilməsi məqsədilə təlim və müsabiqələr, müxtəlif mövzularda konfranslar təşkil edilir.

“Könüllülər ili” çərçivəsində tələbələrimiz daha da fəallıq göstərirlər. Onlar “Bir” Tələbə könüllüləri və digər könüllü hərəkatları ilə əlaqələr qurublar. Bir sıra bilik yarışlarında, konfranslarda uğurlu çıxışları tələbələrimizin dünyagörüşünün artmasına və yeni uğurlar qazanmasına stimul verib. Onların daha çox könüllülük fəaliyyətinə cəlb olunmasına çalışacağıq.

“İnstitutun müəllimləri yeni dərs proqramları və dərsliklər üzərində çalışırlar. Bütün dərsliklərimizin öz mütəxəssislərimiz tərəfindən hazırlanması qərara alınıb. Artıq bir neçə kitab nəşrə hazırdır. “İlahiyyat nəşrləri” adlı layihəmizə isə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, həmçinin müxtəlif dillərdən tərcümə olunan əsərlərin nəşri daxildir. Keçən il ərzində müəllimlərimizin Azərbaycan Respublikasının Konstitusiyasının fars dilində tərcüməsini, “Din sosiologiyası” kitabını, habelə 15-ə yaxın elmi əsəri nəşr etdirdik. Bu kitablar cəmiyyət tərəfindən rəğbətlə qarşılandı, maraq doğurdu. Məqsədimiz ilahiyyat sahəsindəki problemlər barədə beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etməkdir. Bundan başqa, Aİİ-nin müəllimlərinin hazırladıqları “Dini terminlər lüğəti” artıq çapa hazırdır, mütəxəssislər tərəfindən müvafiq rəy alındıqdan sonra dərc olunacaq”, - deyə Aqil Şirinov qeyd edib.

O vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunun iki ildəki fəaliyyəti uğurlu olub, institut kollektivi bundan sonra da səmərəli çalışaraq daha çox nailiyyətlər əldə etməyə səy göstərəcək.