https://www.zirve.edu.az/
08.02.2020 14:20
Bulaq saflığını yaşayan ömür

Şairlik və müəllimlik onun fitrətindədir

Ömrün müəyyən çağında insanın dönüb özünə, keçdiyi həyat yoluna nəzər salmağı var. Bu baxış insanı özünə tanıdır. “Mən kiməm? Həyatda nə etdim, nə itirdim, nə qazandım?” - sualına cavab axtaranda geridə qoyduğu ömür yolu ilə qürur hissi keçirib fəxr edənlər də olur, etməyənlər də. Görkəmli şair - pedaqoq, Əməkdar mədəniyyət işçisi, “Qızıl kəlmə”,  “Vətən”, “Qızıl qələm”, “Araz” və  digər  ədəbi  mükafatlar  laureatı, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu keçdiyi ömür yolu ilə yalnız onun özü yox, həm də bu nəcib insanı yaxından tanıyanlar,  onun  həyat və fəaliyyətinə yaxından bələd olanlar da fəxr edə bilərlər.

 Çünki o, öz ömrünün heç bir anını səmərəsiz keçirməmiş, qələmə aldığı yüzlərlə şeiri, yetişdirdiyi tələbələri ilə ürəklərdə özünə ədəbi bir yuva qurmuşdur.

 Həyatda insan üçün bundan böyük xoşbəxtlik və səadət ola bilməz. Bu xoşbəxtliyə Rafiq Yusifoğlu, mən deyərdim ki, insanlara və həyata bəslədiyi tükənməz sevgi sayəsində nail olmuşdur.

 Rafiq müəllimi yaxından tanıyanlar yaxşı bilirlər ki, onun qəlbi daim gənclik eşqi ilə döyünür, yazıb - yaratmaq, universitet auditoriyalarında coşqunluqla dərs demək onun qanından - iliyindən süzülüb gəlir. Şairlik və müəllimlik Rafiq Yusifoğlunun fitrətindədir, o, vurğunu olduğu bu dünyaya şair və müəllim kimi göz açıb. Bu fitrət onu uşaqdan  böyüyə kimi xalqın gözündə ucaldıb, onu tanıyanların sevimlisinə çevirib.

 Rafiq Yusifoğlu çoxşaxəli yaradıcılığı ilə sayılıb seçilən ziyalılarımızdandır. O, ədəbi-bədii, elmi-pedaqoji, publisistik, tərcüməçilik və ictimai fəaliyyəti ilə istedadla zəhmətkeşliyin vəhdətini özündə təcəssüm etdirən bir şəxsiyyətdir. “Onun şairlik taleyinin təməlində müəllimlik, müəllimlik taleyinin təməlində şairlik dayanır” - desək yanılmarıq. Elə buna görə də onun poetik yaradıcılığından söhbət açılanda müəllim Rafiq Yusifoğlu, pedaqoji fəaliyyətindən bəhs edəndə şair Rafiq Yusifoğlu yada düşür.

 70 illik ömrünün az qala yarım əsrini gənc nəslin təlim-tərbiyəsi yolunda şam kimi əridən R.Yusifoğlu pedaqoji fəaliyyətə Sumqayıtda tərbiyəçi müəllim kimi başlamış, burada 10, 13, 23, 35 nömrəli orta məktəblərdə, “İdrak” liseyində dərs demiş, dilimizin zərifliyini, ədəbiyyatımızın zənginliyini sevə-sevə şagirdlərə öyrətmişdir. Dərin biliyi və zəhmətkeşliyi, pedaqoji ustalığı Rafiq müəllimi gənc yaşlarından tanıdıb ona yüksək nüfuz qazandırmışdır. Bu gün Sumqayıtda elə bir məktəb tapmaq olmaz ki, orada Rafiq müəllimin yetirmələri çalışmasın.

 Elmi yaradıcılığı Rafiq Yusifoğlunun pedaqoji fəaliyyətinin ayrılmaz bir hissəsini təşkil edir. O, 1984-cü ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, lakin əldə etdiyi uğurlarla kifayətlənməmişdir. Elmin daşlı-kəsəkli yollarında inamla irəliləyən Rafiq müəllim gərgin axtarışlar apararaq filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2000-ci ildən Sumqayıt Dövlət Universitetində çalışır. Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru kimi şərəfli bir yükü çiyinlərində daşıyır. Filologiya fakültəsinin formalaşmasında və inkişafında onun böyük əməyi olmuşdur. Təhsilin həm bakalavriat, həm də magistratura səviyyələrində müxtəlif fənləri tədris edən R.Yusifoğlu bir sıra fənn proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında səmərəli fəaliyyət göstərmiş və indi də bu sahədə öz fəaliyyətini davam etdirməkdədir. Onun “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı”, “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri”  dərslikləri tələbə, magistrant və müəllimlərin sıx-sıx istifadə etdikləri gərəkli tədris vəsaitləridir. Bu dərsliklərdən respublikamızın müxtəlif ali məktəblərində geniş istifadə olunur.

 Əsərləri orta məktəb dərsliklərində yer alan Rafiq Yusifoğlu müasir uşaq ədəbiyyatının, müasir Azərbaycan poeziyasının və müasir ədəbiyyatşünaslıq elminin aparıcı simalarındandır. O, 10 ildən çox bir müddət ərzində özünün ali təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində mühazirə və seminar dərsləri aparmış, vaxtilə ona bu ali məktəbdə dərs demiş alim-pedaqoqlarla çiyin-çiyinə çalışmışdır. Müəllim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Rafiq müəllim bu xoşbəxtliyin sevincini ikiqat yaşayan pedaqoqlardandır. Əgər ADPU-da o, öz müəllimləri ilə birlikdə çalışırdısa, bu gün Sumqayıt Dövlət Universitetində R.Yusifoğlunun yetirmələri onunla eyni fakültədə işləyir, onun dəyərli məsləhətlərindən və zəngin təcrübəsindən bəhrələnirlər. Özü də böyük məhəbbət və sevgi ilə. Rafiq müəllimin özünün də əməlləri tükənməz məhəbbətdən, səmimi sevgidən yoğrulub. O, kitablarının birinə yazdığı ön sözdə müəllim-tələbə münasibətlərindən bəhs edərkən qeyd edir: “Tələbələrimə dərs deyəndə çalışıram ki, birinci növbədə onların ürəyində həyata, ədəbiyyata, insanlara qarşı məhəbbət hissi oyadım. Bir var bir işi can dərdi, can harayı öyrənəsən, bir də var məhəbbətlə. Məhəbbət olan yerdə insanı böyük uğurlar, səadət, xoşbəxtlik, mənalı ömür gözləyir. Məhəbbət insan ömrünü adilikdən qurtarır, ona sirli-sehirli bir çalar gətirir. Xoşbəxtəm ki, tələbələrimin böyük məhəbbətini qazanmışam”.

 Bu gün professor Rafiq Yusifoğlunun yetirmələri arasında dosentlərin,  filologiya üzrə fəlsəfə doktorlarının, baş müəllim və müəllimlərin elmi-pedaqoji fəaliyyətlə məşğul olmaları bu təmənnasız və səmimi məhəbbətin parlaq təzahürüdür. Hazırda onun rəhbərliyi altında 1 nəfər doktorant, 2 nəfər dissertant fəlsəfə doktorluğu, 2 nəfər  elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işi üzərində tədqiqatlar aparır, öz müəllimlərinin yolunu ləyaqətlə davam etdirirlər. Rafiq Yusifoğlu uzun illər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundakı Dissertasiya şurasının üzvü kimi də səmərəli fəaliyyət göstərmiş, ölkə miqyasında ədəbiyyatşünas alimlərin hazırlanmasında əlindən gələni əsirgəməmiş, neçə-neçə elmlər doktorunun, fəlsəfə doktorunun rəsmi opponenti olmuşdur.

Özünü dərk edən insanların ruhu heç vaxt qocalmır. Ömrünün müdrik çağlarını yaşayan Rafiq Yusifoğlu da belə insanlardandır. Yenə də qaynar ilhamla yazıb-yaradan, dərs deməkdən, tələbələrlə birlikdə olmaqdan böyük zövq alan Rafiq müəllim ömrünün 70 illik zirvəsində  keçdiyi enişli-yoxuşlu həyat yolu ilə  öyünməyə haqlıdır. Çünki bu yol öz başlanğıcını zəhmət və istedaddan alıb. Çünki bu yolu Rafiq Yusifoğlu salıb. Şeirlərinin birində dediyi kimi:

Ay bulağa gedən cığır, 

Ətə-qana dolacaqsan.

Getdiyin yol gözəldisə,

Böyüyüb yol olacaqsan.

 70 illik ömrün bulaq suyu kimi saflığında zirvəyə doğru salınmış o cığır indi bənzərsiz bir yola çevrilmişdir. Bu, yalnız onun özünə məxsus, özünün saldığı yoldur: Rafiq Yusifoğlu yolu!

 Avtandil AĞBABA,

filologiya elmləri doktoru, professor, əməkdar jurnalist