Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-08 11:23:00
Qəbul imtahanlarında hansı problemlər həll olunmalıdır?-“Proqrama uyğun deyil...”  

Məlum olduğu kimi ötən il qəbul imtahanlarına xarici dil fənni üzrə dinləmə mətnləri daxil edilib.  İmtahan iştirakçılarının əksəriyyəti  dinləmə prosesində qüsurlardan və ümumi nəticəyə mənfi təsir etdiyindən şikayətlənirdilər.

Bəs bu il dinləmə mətnlərində hansı problemlərin həll edilməsinə ehtiyac var?

Mövzu ilə bağlı AzEdu.az-a danışan ingilis dili  müəllimi Şəbnəm Cəbrail bəzi məsələləri diqqətə çatdırıb.

“İmtahan başlayanda şagirdlərə dinləmə mətninə aid sual və tapşırıqlarla tanış olmağa vaxt verilmir. Xarici dili nə qədər yaxşı bilən şagird olsa da,  dinlədiyi mətnin əsasında heç nə yaza bilməz. Yəni abituriyentə əvvəlcə bir dəqiqəlik vaxt verilməlidir ki, əvvəlcə suallara baxsın, ondan sonra dinləsin. Keçən il qəbul imtahanlarında isə şagird sualarla tanış olmadan mətn dinlədilir və sonra onlara iki dəqiqəlik vaxt verilirdi. İki dəqiqədən sonra mətn yenidən dinlədilirdi.  Guya bununla şagird iki dəfə mətnə qulaq asır. Amma əslində bu bir dəfə sayılır. Çünki şa oxumadan dinlədiyi mətnin ona heç  bir xeyri yoxdur. Hansı məqamlara diqqət edəcəyini şagird əvvəlcədən bilməlidir”.

O, həmçinin qeyd edir ki, ötən il şagirdlər  dinləmə qurğularının keyfiyyətsiz, səsləndirmənin isə boğunuq, aydın olmadığı bildiriblər.

“Düzü, Bakıda bilmirəm, amma rayonlarda keçirilən imtahanlara çox ucuz, keyiyyətsiz səsucaldanlar gətiriblər. Şagirdlər heç nə eşidib başa düşə bilməyiblər. Sınaq imtahanlarında 680-690 bal toplayan şagird dinləmədə 3 səhv etdiyinə görə 664 bal toplayıb. Həmin abituriyent deyir ki, müəllim,  səs o qədər keyfiyyətsiz, zəif idi ki, heç bilmədik orda nə danışır.   DİM-in öz saytında dinləmə mətnləri yerləşdirilib. Onlar çox keyfiyyətlidir. Həmin audiofayllar kimi olsa, təbii ki, şagirdlər yaxşı başa düşər”.

Ş. Cəbrayıl şagirdləri dinləmə mətnlərinə alışdırmaq üçün istifadə etdiyi vasitələri də sadalayıb.

“Daha çox DİM-in tərtib etdiyi dinləmə mətnlərindən, “Güvən” nəşriyyatın vəsaitlərindən istifadə edib şagirdlərin dinləmə bacarığını inkişaf etdirməyə çalışırıq. Amma yenə də tam yazan çox az şagird olur. Ən yaxşı oxuyan da  mütləq bir dənə də olsa, səhv  edir.  Əslində keçən imtahanlarda iştirak edən şagirdlərə böyük haqsızlıq oldu. Çünki onların dərsliklərində belə materiallar yox idi. Tədris boyu bir dəfə də bunu görməyən şagird qəbulda birdən-birə dinləmə ilə qarşılaşdı”.

İngilis dili müəllimi Elvin Bəkirov da mövzu ilə bağlı fikirlərini bölüşüb. O, həmçinin DİM-in testlərinin tərtib olunması təlimində  iştirak edib.

“ Testlər həqiqətən profesional şəkildə indiki tələbəta uyğun hazırlanır. Orta məktəb dərslikləri səviyyəsində yox, 9-cu sinfə qədər şagirdlərin bilməli olduğu biliklər əsasında tərtib olunur. Burada nöqsan odur ki, testlər dərsliklərin səviyyəsi ilə uyğun gəlmir. Məsələn, 9-cu sinif ingilis dili dərsliyinin səviyyəsi B1, B2 (intermadiate)  olduğu halda, testlər A2 səviyyəsində, nisbətən B1-ə yaxın hazırlanır. Çox güman ki, testləri hazırlayanlar dərsliklərin yox, şagirdlərin səviyyəsini nəzərə alırlar. Burda belə bir problem ortaya çıxır ki, daha yaxşı oxuyanlarla orta bilik səviyyəsi olanları fərqləndirmək bir az çətin olur.  Amma bunu nisbətən yeni imtahanlarda nəzərə alacaqlar. Mənə elə gəlir ki, şagirdlərin düzgün şəkildə qiymətləndirmək üçün testlərin səviyyəsini nəzərə almaq lazımdır. Bu həm dinləmə mətnlərinə, həm də yazılı test tapşırıqlarına aiddir”.  

O qeyd edir ki, dərsliklərin səviyyəsində imtahan suallarının  hazırlanmaması məktəbdə şagirdlərin proqramı qavraya bilmədiyini göstərir.

“Məsələn, 9-cu sinif dərsliyində mətnlər dinləmə mətnlərindən qat-qat çətindir. Hətta burada akademik səviyyəli sözlər də var. Test tərtibçiləri bilir ki, həmin mətnlərdən istifadə edilsə, nəticələr yaxşı olmayacaq.  Düzü, tam deyə bilmərəm, bu Dövlət İmtahan Mərkəzindən, yoxsa dərsliklərdən gələn problemdir. Amma hər halda  təzadlı problemdir.  Bu onu göstərir ki, şagird dərsliyi mənimsəyə bilmir”-deyə müəllim E. Bəkirov sözlərinə əlavə edib.