Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 16:17:00
Hüseyn Cavid yaradıcılığında əxlaq tərbiyəsi və onun mahiyyətinə nəzəri baxış

Azərbaycan xalqının çoxəsrlik pedaqoji fikir tarixində əxlaq məsələləri həmişə mühüm yer tutmuşdur. Mədəniyyət tariximizin ayrı-ayrı dövrlərində görkəmli mütəfəkkirlərimiz, şairlərimiz, elm və mədəniyyət xadimlərimiz öz əsərlərində əxlaq və tərbiyə məsələlərinə xüsusi diqqət yetirib, bunu ümumi tərəqqi işinin mühüm amili hesab etmişlər.

İnsanın əxlaqi və mənəvi sifətlərinin formalaşmasında tərbiyənin rolundan bəhs edərkən, Hüseyn Cavidin mütəfəkkir, dramaturq, publisist,  müəllim kimi yetişməsində böyük rolu olan Məhəmməd Tağı Sidqi qeyd edirdi ki, bütün insanların xoşbəxt olmaq istədiklərini, səadətə çatmaq və xoş güzəran üçün cəhd etdiklərini nəzərə almaq lazımdır. İnsanlar xoşbəxtliyə nail olmaq yollarında saysız-hesabsız hərəkət və davranışlar edirlər, həmçinin bunların müqabilində müəyyən bir fayda, xeyir gözləyirlər və ya öz cəhdlərində onlara ziyan verəcək, şər hesab etdikləri əməllərdən vaz keçirlər. Ümumiyyətlə, insanın tərbiyə üçün inkişaf dövrü uşaqlıq və gənclik illəridir. Çünki insan artıq formalaşdıqdan sonra onda kök salan mənfi sifətlərlə mübarizə aparmaq çox çətin olur. H.Cavid mütərəqqi ideyalı sələflərinin və xarici pedaqoqların tərbiyə haqqında fikirlərindən təsirlənərək şəxsiyyətin inkişafında və formalaşmasında tərbiyəyə böyük əhəmiyyət vermişdir.

H.Cavid yaradıcılığının ilk dövrlərindən, ilk qələm təcrübələrindən etibarən yüksək əxlaqi fikirlər, saf və təmiz insani keyfiyyətlər tərənnüm edən, insanın ləyaqətli olması, izzəti-nəfsini uca tutması və şəxsiyyətin nəcibliyi üçün zəruri olan mərdlik, açıqqəlblilik və vüqar kimi nurlu sifətlərin daima tərbiyələndirilməsinə, mühafizə edilməsinə can atan və çalışan moralist bir şair kimi tanınmışdı. H.Cavidə görə tərbiyənin məqsədi saf əxlaqa malik, əqilli, kamil, vətənpərvər insan tərbiyə etməkdir. İnsan adını yüksək tutan, ən ülvi hisslərlə ona ehtiram bəsləyən humanist şair insanlıq borcunu yerinə yetirmək üçün onun tərbiyə olunmasının zəruriliyini irəli sürürdü. Şair bu fikirdə idi ki, “vəzi-cahanın dəyişdiyi” XX əsrdə mədəni tərəqqinin müasir mərhələsində “rindanə” əsərlər yazmaq, günün məsələlərinə “biganə qalmaq cinayətdir. “Tərbiyeyi millət”, “millətə xidmət” hər bir şairin, ziyalının borcudur. O, zülm zənciri altında işgəncə çəkən, fəlakətdə qalan millətin qurtuluş yolunu tərbiyədə görürdü. Ona görə də dövrün bütün mütərəqqi ziyalılarını bu işə cəlb etməyə çalışırdı. H.Cavid xalqın dərdinə “qəmxar” olmayan, onun tərbiyəsi qeydinə qalmayan, “avamdan heç nə hasil olmaz” - deyə xalq kütlələrindən ümidini üzərək, onlara qarşı laqeyd olan üzdəniraq ziyalıları məzəmmətləyir və xalqa inam bəsləməyi, böyük ümidlə yaşamağı tövsiyə edirdi.

Bu da onun bir pedaqoq kimi nikbinliyindən, öz canından artıq sevdiyi millətinin gələcəyi haqqında narahatlığından irəli gəlirdi. Tərbiyəni inkişafın əsas məğzi, böyük dəyişdirici qüvvə olduğunu dərk edən şair bu işə aşağı yaşlardan başlamağı lazım bilirdi. O, xalqın tərbiyəsi naminə çalışmağı sadəcə olaraq tətbiq etməmiş, bilavasitə bu işdə əməli fəaliyyət göstərmişdir. “Sadə insanlara münasibətdə H.Cavid son dərəcə humanist idi. Şair haqqı və hüququ müdafiə edilməyən, özlərinə həyatda heç bir mənəvi dayaq tapmayan həmin bu “zərərdidə”, “zavallı bəşərlə” və onların sınıq könülləri, pərişanlıq, ələm dolu əhvali-ruhiyyəsi ilə ardıcıl məşğul olur. Sadə və səmimi insanların acınacaqlı vəziyyəti, onların varlığını qatı bir zülmət kimi bürümüş kədərin ictimai mahiyyəti şairin poetik müşahidə hədəfinə çevrilir. H.Cavid yaradıcılığının tədqiqi göstərir ki, onun elə bir əsərini tapmaq olmaz ki, ideyası nəcib keyfiyyətlər, gözəl insani hisslər aşılamaq üçün biganə olsun.

H.Cavidin orijinal əsərlərində əxlaq tərbiyəsi xüsusi yer tutur. O, ailə tərbiyəsi, estetik tərbiyə, əmək tərbiyəsi və s. məsələlərə də geniş yer vermişdir ki, bunların da biri digərini tamamlayır. Bunu Cavidin hazırda məktəb dərsliklərinə salınmış, məktəblilər tərəfindən sevilə-sevilə oxunan və ideya dəyərini, tərbiyəvi təsir gücünü indi də itirməyərək gənclərin tərbiyəsinə xidmət edən əsərləri bir daha sübut edir.

Görkəmli şair H.Cavid özünün əməli pedaqoji fəaliyyətində və ədəbi yaradıcılığında  Azərbaycanda ictimai bərabərsizliyin, haqsızlığın, hər cür pozğunluğun hökm sürdüyünü tənqid etmiş, mədəni tərəqqi uğrunda mübarizə aparmış, gənc nəslin yüksək əxlaqi keyfiyyətlər ruhunda tərbiyə edilməsini bu mübarizənin tərkib hissəsi hesab etmişdir. 

H.Cavid əxlaqi sifətlərin formalaşmasında ailənin, məktəbin, müəllim və ictimai mühitin rolunu yüksək qiymətləndirmişdir. Yaşadığı dövrdən və onun tərbiyə sistemindən narazı olan vətənpərvər şair-müəllim xalqın mənəvi sıxıntılar dünyasında boğulduğunu sadəcə seyr etməmiş, bundan çıxış yolu da axtarmışdır. H.Cavid “...İndi maarif əsri, səadət zəmanıdır. Hər millət öz hüququnun istər bəhasını” - deyə vətənin səadəti  və xalqın azadlığı, vətən övladlarının xoş gələcəyi barəsindəki xeyirxah arzularının bir gün həqiqətə çevriləcəyinə sonsuz inam bəsləmiş və bu inam onu mübarizəyə, istiqbala və nikbinliyə ruhlandırmışdır. Şair varlığını canından artıq sevdiyi doğma xalqının cəhalət zəncirini qıraraq intibaha qovuşacağını, işıqlı gələcəyə doğru irəliləyəcəyini tərbiyə və təhsilin gücündə axtarırdı.

Böyüməkdə olan gənc nəslin nəcib keyfiyyətlər ruhunda tərbiyə edilməsi, onlara aşağı yaşlardan müsbət əxlaq, mədəni vərdişlər aşılamaq H. Cavidin ən mühüm ideyalarından biri idi. Bu isə şairin gənclərə vətənin, xalqın gələcəyi, istinadgah nöqtəsi, ümid çırağı kimi baxmasından irəli gəlirdi. O, gələcəyin yüksək mədəniyyətli gənc qüvvələr, yeni inqilabçı qüvvələr vasitəsilə yaradılacağına inanırdı. Ona görə də həssas qəlbli şair Vətən övladlarının tərbiyəsi ilə məşğul olmağı və onlardan gələcəkdə yüksək mənəviyyatlı, saf əxlaqlı, xalqın, ana torpağın qeydinə qalan şəxslər yetişdirmək kimi çətin bir işi təxirəsalınmaz bir məsələ kimi irəli sürürdü. Hər şeydən əvvəl bu işin çətinliyi Cavidin yaşadığı dövr və qeyri normal ictimai mühit ilə əlaqədar idi. O, elə bir şəraitdə yaşayırdı ki, bu zaman uşaq və gənclərin tərbiyəsi ilə məşğul olmaq, onlardan yüksək ideallı şəxslər yetişdirmək bir o qədər də asan deyildi. Çünki istər-istəməz dövr və ictimai mühit bu işə mane olur, ya da öz mənfi təsirini göstərirdi. Məhz buna görə də H.Cavid müasirləri M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Şaiq kimi köhnə cəmiyyətdəki rəzalətlərə, pozğun əxlaqa qarşı mübarizəyə yeniyetmələrə nəcib keyfiyyətlər aşılanması işinə, yaşadığı dövrü, ictimai mühiti, vətən övladlarının taleyini düşünməyən, onun sağlam ruhda, gümrah tərbiyəsi qayğısına qalmayan mürtəce fanatikləri, dövrün bəzi ziyalılarını və onlara məxsus mənfi əxlaqı tənqid etməklə başlamışdır.

H.Cavid dövrünü, ictimai mühiti və onun məhsulu olan mənfi əxlaqı qamçılamış, yeniyetmələrə aşılayacağı müsbət əxlaqi məziyyətləri bunun üzərində qurmağı lazım bilmişdi. Şair hər cür fırıldağın, hiyləgərliyin, kələkbazlığın hökm sürdüyü dövrün təsvirini verərək kəskin etirazını bildirirdi:

Ey görgüsüz biçarələr!

Aldanmayın hər kahinə.

Ey duyğusuz avarələr!

Aldanmayın hər xainə.

Aldanmayın, aldanmayın!

Əfsunçudur, divanədir.

Aldanmayın, aldanmayın!

Həp sözləri əfsanədir.

Belə bir “hiyləgər”, sağlam olmayan dövrün, ictimai mühitin məhsulu olan, öz hərəkət və davranışları ilə uşaq və gənclərə pis nümunə göstərən, ana dilində danışmağı özünə əskiklik sayan, xalqa heç bir fayda verməyən, qayğısız, mənasız həyat sürən, “yaşamaqdan məqsəd həp kef çəkməkdir, vəssalam” - deyən şəxslərə məxsus əxlaqı H.Cavid “Knyaz”, “Şeyx Sənan”, “Afət”, “Maral”, “Azər” və s. əsərlərində kəskin tənqid atəşinə tutur, onların mənəvi simasını açır, gənc nəsildə bunlara qarşı nifrət hissi aşılamağa çalışırdı. H.Cavidin tənqid etdiyi mənfi əxlaqi sifətlərdən biri sərxoşluq və qumar oynamaqdır. Şair bu cür sifətlərə malik şəxslərə: “Bulunur şey deyil əsla şərab” - deyə istehza edirdi.

H.Cavid qeyd edir ki, hər cür əxlaqsızlıqların mənbəyi  sərxoşluqdur. Artıq içki insanları fiziki cəhətdən şikəst etdiyi kimi, onların şüurunu, mənəviyyatını və əxlaqını da zəhərləyir, nəhayətdə bir ailənin dağılması ilə nəticələnir. H.Cavid “Knyaz” əsərində vaxtlarını boş-boşuna keçirən, yaşamağın mənasını “araq, çaxır içməkdə” görən, vətənpərvərlikdən uzaq, öz şəxsi hissləri ilə yaşayan, mənliyini içkiyə qurban verməyə hazır olan şəxslərin öz dilləri ilə daxili xüsusiyyətlərini açır, onları xalq içində rüsvay edirdi:

İştə gülgün qədəh, ey xanəxarab!

Bulunur şey  deyil əsla bu şərab.

İmdi fürsət var ikən iç!.. Bir gün 

Görəcəksən bu sönük ömrü sərab.

İçəlim, bəlkə təsəlli bularız,

Bəlkə qəmdən, acıdan qurtularız.

Bir günün zövqünə dəyməz dünya.

İçəlim sonra peşiman olarız.

Bu parçadan aydın olur ki, H.Cavidə görə artıq içki, sərxoşluq insanda vicdan, qeyrət, namus kimi gözəl, nəcib hissləri də boğur, bunun inkişafına mane olur. Bu cür pis adətlə məşğul olan şəxslərin öz mənliyini, ləyaqətini, namusunu qorumağa qeyrəti çatmaz. O, qeyd edir ki, şəxsi ləyaqətinə hörmət etməyən, qeyrətini, namusunu qorumayan, içkiyə aludə olan şəxslər vətənin, xalqın şərəfini heç vaxt müqəddəs hesab edə bilməz, vətəndaşlıq ləyaqətini qoruyub saxlaya bilməz. Namussuz, qeyrətsiz şəxslərdən hər cür çirkin hərəkətlər gözləmək olar, hətta onlar Vətəni, xalqı satar, ona xəyanətkarlıq da edə bilərlər. Buna görə də Cavid belələrini

heç vaxt əxlaqlı adam hesab etməmiş, insanlarda mənəvi zənginliyin və əxlaqi saflığın ən mühüm əlaməti kimi qiymətləndirdiyi qeyrət, namus və ləyaqəti qorumağa çalışmışdır.

H.Cavidə görə vicdan sahibi olan hər bir insan dözülməz həyat şəraitinə, çətinliklərə baxmayaraq, “hər nanəcibin” qarşısında alçalmamalı, namusunu, insafını pula satmamalı, həmişə başını uca tutmalı, ölənə qədər öz məsləkinə sadiq qalmalıdır. Bu haqda özünün tələbəlik illərində çəkdiyi əziyyəti  dəlil gətirərək yazırdı: “...Artıq xalqa boyunduruq olmaq istəməm və istəməyəcəyəm”.

Buna görə də H.Cavid öz qədrini bilən, şəxsiyyətini qoruyan, vətənpərvər, insanpərvər, xeyirxah adamların ləyaqətinə hörmət bəsləyən, başqalarının səadəti, ümumi tərəqqi naminə çalışan şəxsləri ən namuslu insan hesab edirdi. Belə insanları təqdir edir, onlara  hüsn-rəğbət hissi oyadır, başqalarını da bu cür olmağa çağırırdı. H.Cavidin bu  çağırışına onun əməl dostları Məhəmməd Hadi, Abbas Səhhət, Abdullabəy Divanbəyoğlu, Abdulla Şaiq və başqaları da qoşulurdu.

H.Cavid sərxoşluğu, qumar oynamağı və onların törətdiyi hər cür əxlaqsızlıqları tənqid etməklə kifayətlənməyib, eyni zamanda bu cür pis adətlərlə məşğul olan insanların aqibətini, belə şəxslərin müflisləşərək öz mənəvi simasını itirdiyini, nəhayət dərəcədə dözülməz, acınacaqlı bir vəziyyətə düşdüyünü əsərlərində dönə-dönə təsvir edərək, həm də uşaq və gənclərdə möhkəm iradə tərbiyə etməyə çalışmışdır. Bu cəhətdən onun “Knyaz”, “Maral” əsərləri səciyyəvidir. Hər iki əsərdə eyni zamanda pulun törətdiyi rəzalətlər, pul düşkünlüyü, acgözlük, tamahkarlıq, kələkbazlıq kimi mənfi sifətlər də öz kəskin tənqidini tapmışdır. H.Cavid Knyaz surəti ilə içki və qumarın acı nəticələrini göstərməklə pulun hər şey olduğunu - yoldaşlığın, dostluğun, hətta salam almağın da var-dövlətdən, puldan asılı olduğunu düşünənlərin həyatını real səhnələrlə verir, gənc oxucuları pis adətlərdən uzaqlaşdırmağa, onlarda hər şeyin pul üzərində qurulduğu köhnə dünyaya, bu dünyanın yetişdirdiyi əxlaqsız şəxslərə qarşı nifrət hissi aşılamağa çalışmışdır. Müəllif bu məsələlərə münasibətini günlərini eyş-işrətdə, meyxanələrdə keçirən mal-dövlətdən, puldan əli çıxmış, müflisləşərək bir tikə çörəyə möhtac qalan və sərgərdan həyat sürən Knyazın dili ilə oxuculara çatdıraraq:

...Nəslim ulu bir nəsl idi əvvəl.

Mən imdi nəyəm? Bir quru heykəl!

...Bir vulkan idim, mum kimi söndüm,

Bir aslan ikən tülküyə döndüm.

...Dün sən nə idin? Sahibeyi-tac!

Ya imdi nəsən? Ətməyə möhtac

- deyirdi.

Eyni ruh, eyni düşüncə Turxan bəydə də öz əksini tapır. O, da hər şeyin pulla həll olunduğunu qeyd edərək deyir: “Heç bir hiss, heç bir qüvvət, heç bir yer yox ki, orada altun, gümüş rol oynamasın. Əmin olunuz ki, dünyanın bütün izzəti - bütün səadəti ancaq para ilə əldə edilə bilir. ...Fəzilət də paradadır, insaniyyət də”. H.Cavid içki, qumar kimi yaramaz  işlərlə məşğul olan, ona adət edən insanları ən bədbəxt, axmaq, sarsaq adam adlandırır, sonradan bu düzgün olmayan yoldan xilas olmağın çətinliyindən danışır. Gənc oxucuya, vətən övladlarına heç vaxt bu yola düşməməyi tövsiyə edir. Bunu şair “Afət” dramında Özdəmir, Altunsaç və Ərtoğrul surətləri vasitəsilə göstərmişdir.

Özdəmir. Mən buracıqda bir qədəh şərab içmədikcə getməm.

Altunsaç. Mən gətirsəm olmazmı?

Özdəmir. Əsla! Sən yalnız Ərtoğrula içirməliydin (qəhqəhə).

Altunsaç. Əfsus ki, o, spirtolu içkiləri və içənləri görmək belə istəmir.

Özdəmir (qəhqəhə). İştə o da bir növ sofuluq, o da bir növ dəlilik...

 Göründüyü kimi Ərtoğrulun şərabdan xoşu olmadığı və şərab içənləri xoşlamadığı halda əyyaş və sərxoş Özdəmir bunu sofuluq, dəlilik hesab edir.

Beləliklə, H.Cavid ictimai həyatdakı pis adətləri, hər cür əxlaqsızlıqları tənqid, nəsihət və tərbiyə yolu ilə aradan qaldırmağa cəhd etmiş, ictimai nöqsanlara göz yummayan, saf əxlaqlı, mərd, mübariz, kamil insanlar tərbiyə edib yetişdirməyi nəzərdə tutmuşdu. Belə ki, Hüseyn Cavid əsərlərində pis xüsusiyyətlərə malik şəxslərin daxili mərəzlərini açmaqla oxucuya iyrənc sifətlərə nifrət hissi aşılamağa çalışmışdır. Çünki pis əxlaqı olan ailə münasibətlərində ciddi pozğunluq baş vermişdir. Bu səbəbə görə, demək olar ki, şair-pedaqoq öz əsərlərində bu və ya başqa dərəcədə feodal ailə pozğunluğunu əks etdirmiş və hər bir gəncdə bu sifətlərdən uzaq olmağa, onlarda müsbət əxlaqi keyfiyyətlər formalaşdırmağa çalışmışdır.

Kamal CAMALOV  (Azərbaycan müəllimi)