Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 16:03:00
İnklüziv təhsilin Portuqaliya modeli

ADPU-nun əməkdaşları Evora Universitetinin və orta məktəblərin təlim-tədris fəaliyyəti ilə tanış olublar

Humanizm müasir dövrdə cəmiyyətin əsas prinsiplərindən biri kimi mənalandırılır. Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən ölkəmizdə inklüziv təhsilin önəmli əhəmiyyət kəsb etməsi humanizm prinsipinin bariz nəticəsidir.

Sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası həmişə diqqət mərkəzində olmuşdur, bu gün də diqqət mərkəzindədir. İnklüziv təhsil sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının müasir yollarından biri kimi önəm kəsb edir.  

İnklüziv təhsilin əsas mahiyyəti fiziki və ya əqli məhdudiyyəti olan insanları cəmiyyətdən təcrid etməmək, onların özünü cəmiyyətin bir parçası kimi hiss etməsinə şəraitin yaradılmasından ibarətdir. Heç kəsə sirr deyildir ki, uzun müddət valideynlər belə problemi olan övladlarını cəmiyyətdən gizlətməyə çalışmışdırlar. Valideynlərin bu addımının səbəbləri aydın olsa da, onların nə qədər haqlı olduğunu demək çətindir. Amma bir həqiqət məlumdur: bu problemlərlə hər bir insan rastlaşa bilər.  Cəmiyyətin qarşısında duran əsas məsələ də ondan ibarətdir ki, insanların çatışmazlıqlarına görə heç bir fərq qoymadan hər kəsin cəmiyyətin həyatında bərabərhüquqlu rol oynamasına imkan yaratsın. Cəmiyyət həyatından kənar qaldıqda sağlamlıq imkanları məhdud olan insanların dərdi sanki birə min artır, onların psixoloji gərginlikləri pik həddə çatmış olur. Onsuz da onları daima qayğılandıran sağlamlıq problemləri var, bu problemlərin həllinin mümkün olmamasının ağrıları ilə yanaşı, cəmiyyət arasına çıxa bilməmək onların ünsiyyət təlabatlarının ödənməməsinə və bu əsasda onların problemlərinin artmasını şərtləndirir. Ünsiyyət insan həyatında xüsusi rola malik olan elə  sosial - psixoloji fenomendir ki, onun vasitəsilə şəxsiyyətin formalaşmasında açar rolunu oynayan sosialllaşma prosesi də aktuallaşır. Bu baxımdan müasir təsəvvürlərə əsasən hər kəs cəmiyyətin fəal üzvünə çevrilməli, onun həyatında fəal rol oynamalıdır. İnklluziv təhsil sağlamlıq imkanları məhdud olan insanların qarşısında belə perspektivlər açır.

Bu sahədə artıq bir çox ölkələrdə istər nəzəri, istərsə də praktik cəhətdən maraqlı təcrübə toplanmışdır. Ədəbiyyatda inklüziv təhsil - təlimin elə bir forması kimi qiymətləndirilir ki, burada hər bir şagirdin “fiziki, intellektual, emosional, dil və başqa keyfiyyətlərinə görə fərq qoyulmadan eyni ümumtəhsil müəssəsində təhsil almasına” şərait  yaradılır. Bu zaman inklüziv təhsildə sağlamlıq məhdudiyyəti olan insanlar üçün müxtəlif uyğunlaşdırılmış tədris planı və ya təlim metodları hazırlanır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sağlamlıq imkanları məhdud olan uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” həyata keçirilir. Bu proqram çərçivəsində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Avropa Birliyinin dəstəyilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi fəaliyyətə başlamışdır. Layihə çərçivəsində bir çox işlər həyata keçirilmiş, o cümlədən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının

Portuqaliyaya işgüzar səfəri təşkil edilmişdir. Səfərin əsas məqsədi Portuqaliya Respublikasında həyata keçirilən təcrübənin öyrənilməsindən ibarət olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti Portuqaliyanın Lissabon şəhərində yerləşən orta məktəblərin və Evora Universitetinin təlim və tədris fəaliyyəti ilə tanış olmuşdur.

Portuqaliya təhsil sistemində inklüziv təhsil qanunvericilikdə öz əksini tapmışdır. Müvafiq qanunvericilik  bugünədək bir sıra mərhələlərdən keçmişdir. Onlar illərə görə aşağıdakı kimi qruplaşdırılır:

* 60-cı illərdə Sosial İşlər Nazirliyinin məsuliyyəti altında xeyriyyə institutları yaradılmışdır;

* 70-ci illərdə valideynlər assosiasiyası tərəfindən xüsusi məktəblər tikilmişdir;

* 80-ci illərdə dönüş nöqtəsi yaranmışdır: - təhsildə fundamental qanun yaranır; Təhsil Nazirliyi Xüsusi təhsil siyasətinin əlaqələndirilməsinə və inkişafına cavabdeh olur;

 * 90-cı illərdə məktəbə inteqrasiyası haqqında qanun yaranır (1991). Sağlamlıq məhdudiyyəti olan uşaqlar da daxil olmaqla hamı üçün  icbari təhsilin həyata keçirilməsinə başlanır;

 * 2000-ci illərdə isə inklüziv təhsilin keyfiyyətinin artırılması istiqamətində aşağıdakı adları qeyd olunan qanunlar qəbul edilir: 

 - “Əlçatanlıq haqqında qanun “ (2006);

- “Anti-diskriminasiya haqqında qanun” (2006);

- “Xüsusi fərdi dəstək haqqında qanun” (2008);

- “Xüsusi məktəblərin İnkişaf üçün Resurs Mərkəzinə yönləndirilməsi haqqında qanun”

 2016-cı ildə inklüziv təhsil haqqında yeni qanunların hazırlanması üçün yeni işçi qrupu yaradılır və 2018-ci ildə artıq inklüziv təhsil ilə əlaqədar yeni qanun qəbul edilir. Bu qanuna əsasən uşaqların sağlamlığında yaranmış problemlərin digərləri ilə birgə təhsil almasına heç bir maneə yoxdur. Hər sinifdə təyin olunmuş norma çərçivəsində sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil alırlar. Bu zaman uşağın probleminə uyğun olaraq, o zəruri vasitələrlə təchiz olunur. Məsələn, görməsində əhəmiyyətli dərəcədə azalma olan uşaq sinifdə xüsusi böyüdücü oxuma cihazı ilə təmin olunur. Siniflərdə əsas müəllimlə yanaşı köməkçi müəllim də olur.

 İnklüziv təhsildə 2018-ci ildən tətbiq olunan yeni qanun özündə bunları ehtiva edir:

 * Maraqlı tərəflərin geniş birləşməsi ilə daha güclü əməkdaşlıq (sosial xidmətlər, gənclər xidmətləri, tibb işçiləri, psixoloqlar, tibb bacıları, danışma və dil terapevtləri, bələdçi xidmətləri, yerli hakimiyyət orqanları) və geniş icma ilə daha güclü əməkdaşlıq;

* Hər bir maraqlı tərəf şagirlərin təlim təcrübəsinə  töhfə verən təhsil səyahətinə dəstək olmaqda iştirak edir;

* Məktəblər üçün sistemli və əməkdaşlıq əlaqələrinin yaradılması bir sıra problemlər zamanı -  artan müxtəliflik, bərabərsizliklər, cəmiyyətdə sosial təcrid olunma və son dövrlərdə miqrasiya axınının artması ilə əlaqəli olaraq  yaranan məsələlər öz tövhəsini verir.

* Fərdlərin fənnlərarası innovativ yanaşmalarla işləməsi üçün həm qabiliyyətə, həm də imkanlara sahib olmaları əsas şərtlərdəndir.

 İnklüziv məktəblərdə fənn müəllimindən əlavə pedaqoji prosesdə bir neçə mütəxəssisin olması zəruri hal kimi qiymətləndirilir və bunun böyük faydaları vardır. Məktəblə tanışlıq zamanı sağlamlıq imkanları məhdud olan şagirdlərin dərs prosesində yorularkən müxtəlif terapevtlərlə ayrıca otaqda onlara yardım göstərildiyinin şahidi olduq. İnkluziv təhsilə belə yanaşma uşaqların cəmiyyətin axarına  daha tez  qoşulmasına öz müsbət tövhələrini verə bilər.

 Portuqaliyada inklüziv təhsildə praktik əhəmiyyət daşıyan 3 əlavə prinsipin zəruriliyi vurğulanır: 1.Təhsil universaldır; 2.Təhsil fərdiləşdirilmişdir; 3.Təhsil çevikdir.

 Bu prinsiplər inklüziv təhsilin əsas mahiyyətini özündə cəmləşdirir. Təhsilin universal olması hər tərəfli olması, fərdiləşdirilmiş olması hər kəsə fərdi yanaşmanı təmin edir, çevik olması isə təlim prosesində yaranan hər hansı bir problem olduğu zaman vaxt itirilmədən həll olunması ilə əlaqələnir.

Ölkəmizdə də artıq xeyli vaxtdır inklüziv təhsil həyata keçirilməyə başlanmışdır, bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət ayrılmış və bu istiqamətdə işlər həyata keçirilir, artıq pilot məktəblər fəaliyyət göstərir. Həyata keçirilən səfər, öyrənilən təcrübə inklüziv təhsil sahəsində işləyəcək müəllim kadrlarının hazırlanmasının keyfiyyətinin artırılmasına xidmət edəcəkdir. Azərbaycan xalqı həmişə sağlamlıq imkanları məhdud olan insanlara qarşı həssas olmuşdur. Fikrimizcə, ölkəmizdə inklüziv təhsilə göstərilən qayğı nəticəsində yaxın gələcəkdə Azərbaycanda sağlamlıq imkanları məhdud olan insanların özlərini cəmiyyətin fəal üzvü kimi hiss etməsinə və onların hamı kimi bərabərhüquqlu təhsil almasına yardım edən təkmil sistem formalaşacaqdır.

 Eldar ASLANOV,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru, dosent

 Səbinə ƏLİ-ZADƏ,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi psixologiya” kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru (Azərbaycan müəllimi)