Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-20 12:07:10
“Adımı bilməyən tələbəmizə dedim ki, məni dünya tanıyır” – I – IV qrup “uşaqları”nın məşhur müəllimi

Mütəllim Abbasov: “Repetitorluğa pis baxmaq lazım deyil, bu, bütün dünyada var” - MÜSAHİBƏ 

Onu kimya fənnindən hazırlaşan bütün abituriyentlər tanıyır. I və IV qrupa hazırlaşanların hamısının masasının üzərində mütləq onun kimya fənnindən hazırladığı ikicildlik vəsait olmalıdır. 

Əks halda, kimsə onların kimyadan hazırlaşdığına inanmayacaq. Əgər kimyadan yaxşı nəticə göstərmək istəyirsənsə, mütləq, onun – Mütəllim Abbasovun  TQDK (hazırki DİM) xəttiylə hazırladığı ikicildik “Kimya” dərsliyindən yararlanmalısan. 

Hələ bu da son deyil: AMEA-nın Akademik Yusif  Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunun əməkdaşı  Mütəllim müəllim həm də demək olar ki,  orta məktəbin bütün yuxarı  sinifləri üçün  kimya fənnindən dərslik vəsaitinin müəllifidir. “Məktəblinin izahlı təbiət lüğəti”, kimyadan testlər, olimpiada məsələləri və s… - hamı onun adı ilə bağlıdır.

Kimya elminin təhsil sistemimizdəki səlahiyyətli nümayəndəsidir, desək, yanılmarıq. Elə ilk sualımız da bu olur:

-Mütəllim müəllim, başqa kimyaçı alimlərdən fərqli olaraq, siz elmlə yanaşı, təhsilə də çox bağlanmısınız. Bütün müəllim, repetitor, abituriyent, şagird kəsimi sizi tanıyır… Adətən, elm adamları təhsil cameəsinə alışa bilmirlər… 

-… Oğlum, səbəbini deyim də sizə: mən özüm də müəllim ailəsində böyümüşəm. Atam Tərtərdə illərin müəllimi olub. Müəllim adını o bizə - tək bizə yox, elə hamıya – sevdirib. Elmi müəssisədə çalışıram.  Müəllim adı mənim üçün çox doğmadır. Uzun illər kimya fənnindən beynəlxalq olimpiadalara gedən tələbələri mən hazırlamışam. Onlara da bir müəllim şəfqəti ilə yanaşmışam. Qazandıqları uğurların kökündə onlara ötürdüyüm biliklərlə yanaşı, bu şəfqət də var.

-Mütəllim müəllim, universitetə hazırlaşan və kimya fənnindən imtahan verən, bundan sonra da verəcək bütün repetitor, müəllim və abituriyentlər sizin adınızı əzbərdən bilir. Məşhur dərslikləriniz hamının stolüstü kitablarıdır. Gəlin, özünüzü onlara daha yaxından təqdim edin. Sizi elə sizin öz dilinizdən tanısınlar: 

-Mən Mütəllim Abbasov 1957-ci ildə Tərtər rayonu Cəmilli kəndində anadan olmuşam. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) kimya-biologiya fakültəsinə daxil olub,  1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm.

Hə, onu da deyim ki, 3 il - 1982-1985-ci ilərdə Tərtər rayonu Cəmilli kənd orta məktəbində müəllim işləmişəm. 1985-ci ildə AMEA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutuna (indiki Kataliz və Qeyri-Üzvi Kimya Institutuna) aspiranturaya daxil olmuşam. 1985-1998-ci illərdə orada, 1998-ci ildən indiyəcən  AMEA-nın Neft və Kimya Prosesləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıram. 

Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində orta məktəb şagirdlərinin beynəlxalq olimpiadalarına hazırlayan qrupa rəhbərlik etmişəm. 

-Kimya fənnindən hazırlığa gedən, I və IV qrupa hazırlaşan abituriyentlər şəxsən sizin özünüzlə əlaqə saxlayıb, bilmədikləri nəyisə müzakirə edirlərmi? 

-Çox olub! Ölkənin demək olar ki, hər yerindən mənə zənglər edilir. Hətta yaşca məndən də böyük olan hər hansı müəllim, kimya repetitoru kitablarımda, metodiki dərslik və test buraxılışlarımda nəyisə soruşur. Mən də təbii ki, canla-başla izah edirəm. Bəzən, olur ki, elə telefonla hansısa sualı onlara izah edirəm.

Bundan əlavə, özüm bölgələrə tez-tez gedirəm. Məktəblərə baş çəkəndə, həmin təhsil ocağının, ümumiyyətlə, zonanın tanınmış kimya müəllimləri ilə görüşür, müzakirələr aparırıq. 

Söhbətin bu yerində Mütəllim müəllim çalışdığı institutun rəsmi saytına baxmamızı istəyir. Texniki əməkdaşla bərabər sayta daxil oluruq. Məlum olur ki, buradakı bölmələrdən biri Mütəllim müəllimin kimyadan hazırlaşan abituriyentlər üçün təşkil etdiyi onlayn dərslərdi. Videoya yazılan və kimyanın dərs proqramındakı bütün mövzuları əhatə edən həmin dərslər “youtube” video-şəbəkəsinə də yüklənib. Azacıq həmin videolardan birini izləyirik. Doğrudan da, Mütəllim müəllim abituriyentlər üçün çox gözəl fürsət yaradıb. Hər bir video materialın izləmə sayı 10000- i  keçib.

Müsahibin bu böyük jesti ilə tanışlıqdan sonra yenidən söhbətimizi davam etdiririk: 

-Azərbaycanda gördüyü işlərlə dünya kimya elminə töhfə vermiş alimlər kimlərdir? 

- Bir dəfə İctimai Televiziyada “Açıq dərs” proqramına dəvət almışdım. Verilişdə təhsil naziri, Ali Attestasiya Komissiyasının sədri iştirak edirdi. Bir şagird sual verdi ki, niyə bizim alimləri Azərbaycandan kənarda heç kim tanımır? Mən o vaxtlar doktorluq müdafiəmi yeni etmişdim. Əlimi qaldırıb danışmaq üçün icazə istədim. Dedim ki, oğul sən məni tanıyırsan? Cavab verdi ki, yox. Mən də dedim ki, oğul, məni bütün dünya tanıyır. Çünki dünya olimpiadalarında Azərbaycana çatan olmayıb. Həmişə qızıl, gümüşü biz alırıq, digər dövlətlər isə geridə qalır. Sənin məlumatın olmadığına görə deyə bilmərik ki, Azərbaycan alimini heç kim tanımır. Onları tanımaq üçün öncə sən özün araşdırma aparmalısan ki, beynəlxalq miqyasda tanınan hansı alimlərimiz var. Bunu etmədən ictimai fikir söyləmək düzgün deyil. Niyə tanımır? Dedim ki, oğul, indi məni tanıdın? Cavab verdi ki müəllim, bağışla.

Yəni, mən Azərbaycan aliminin dünyada tanınmaması fikrini qəbul edə bilmirəm. Belə bir şey ola bilməz. Azərbaycanın yüksək səviyyəli alimləri olub, hamı da onları tanıyıb.

-Siz dediniz ki, alimləri araşdırsınlar. Mən sizə bir gənc kimi deyim ki, bunu çox az adam araşdıracaq. Çünki, indiki gəncliyi internet texnologiyası tənbəlləşdirib. Siz müsahibə vasitəsilə onlara tanınmış alimlərimizin adını deyə bilərsizmi?

-Çox tənbəlləşdirib. Uşaqdan oxuduğu dərsliyin müəllifinin kim olduğunu soruşursan, deyir ki, bilmirəm. Deyirəm ay oğul, bəlkə bu kitabı yazan orda səni söyüb. Bir onun ilk səhifəsini vərəqlə gör bu kitabı kim yazıb, niyə yazıb? Şagirdlərimizdə kitaba həvəs yoxdur. Çünki telefon, internet imkan vermir ki, onlar kitab oxusun.

Mən hələ 2002-ci ildə ilk dəfə dərsliyi yazanda iki canlı korifeyimizin şəklini və tərcümeyi halını dərsliyə verdim. Amma o vaxt mənə irad tutdular ki, diriləri yox, ancaq ölüləri ver. Düşünürdüm ki, Cabir Novruz sözü olmasın, sağlığında qiymət vermək lazımdır insanlara.

Bütün dünyanın neftayırma  zavodları bizim alimlərimizin kəşfi ilə işləyir. Məsələn Musa Rüstəmov - Kooperativ trekinqin yaradıcısıdır. Mən niyə bunu gizlətməliyəm ki? Qoy bütün dünya bilsin ki, mənim belə oğlum var  və bu işi o görüb.  Digəri isə akademik Toğrul Şahtaxtinski idi. Bu alimləri tanıtmaq üçün dərliklərimizdə də onlara istinad etməliyik.

Mən 2002-ci ildəki dərsliyin ilk variantında on iki məşhur akademikimizin gördüyü işlər və tərcümeyi halını vermişdim. Sonradan dərsliklər dəyişdi və onları proqramdan çıxardılar.

-Abel Məhərrəmovun fəaliyyətini necə dəyərləndirirsiz?

 -Çox gözəl insandır və həqiqətən peşəkar kimyaçıdır. Bu peşənin sahiblərinə xüsusi qayğısı var. Mənim kimi insanların üzərində onun qayğısı həddindən artıq çoxdur. Bilirsiz ki, mən yaradıcı adamam, təhsildə öz istiqamətim var. Bacardığı qədər mənə kömək edib.

O rektordur, vaxtı yoxdur, amma mənim ideyalarımı həyata keçirməyim üçün kimsə mənə dayaq durmalıdır. Vaqif müəllim, Abel müəllim, rəhmətlik Rəfiqə xanım kimyanın böyükləridirlər.

-Böyük alim Yusif Məmmədəliyev də akademiyanın prezidenti olub. Başqa alimlərdən də həm rektor, həm Akademiyanın vitse prezidenti və ya prezidenti olanlar olub. Sizcə belə vəzifə tutmaq alimin fəaliyyətinə nə dərəcədə zərbə vurur?

- Xeyr. Əksinə. Biri gözəl alimdirsə, o, özünü başqa istiqamətdə də sınamalıdır.O, öz dar ixtisasından çıxıb  kənar şeylərə də marağı göstərir.

- Sizin də neft sektorunda kəşfləriniz var. Elmi sirr deyilsə bunlar barədə məlumat verərdiz:

-Bunlar hamısı institumuzun gördüyü, bir başa dövlət əhəmiyyətli işlərdir. Neftayırma zavodunda tədqiq olunur.  Gözəl işlərimizi dövlət özü qəbul edir.

-Akademiyanın beş kimya institutu var. Universitetlərdə kimya fakültələri də var. Ümumiyyətlə sizcə bu qurumlar dünya kimya elminə nə kimi fayda verə bildi?

-Bu sualı cavablamaq üçün hər alimin fəaliyyətini izləmək, beynəlxalq miqyasda ona  hansı istinadlar olduğunu bilmək lazımdır. Əgər bu gün mənə  yüzdən artıq ölkənin kimyaçıları istinad edirsə, bu tək mənim yox, bütün Azərbaycanın tanınması deməkdir.

Hazırda biz çox nadir hallarda Azərbaycan dilində məqalələr yazırıq. Çünki əksər işlərimiz xaricdə çap olunur. Almaniya, İngiltərə, Amerika və s. Bu baxımdan Azərbaycanı tanıdırıq. Yazılarımıza çox istinadlar olur.

-Sizə çox hörmət bəsləyən şəxslərdən biri də repetitorlardır. Bugünki repetitorluq institutu haqda ümumi danışardız. Bunun nə kimi müsbət və mənfi tərəfləri oldu?

-Ümumtəhsil məktəblərində tam kursu bilmək mümkün deyil. Dünyanın elə bir ölkəsi olmaz ki, orda repetitor kursu olmasın. Dünyanın hər yerində repetitor var. Bəzən bizimkilər eyforiya olub deyirlər ki, bu repetitorlar nəyə gərəkdirlər? 

Ən pis halda Türkiyəyə baxsınlar. Binaların hamısının üstünə “dershane” sözü yazılıb. İnkişafından asılı olmayaraq bütün ölkələrdə, hətta Amerikada, Almaniyada da xüsusi hazırlıq kursları var. İnanmıram ki, onu keçməyən çox yüksək nəticə göstərə bilsin. Repetitorlara pis baxmaq lazım deyil. O, şagirdin məktəbdə ala bilmədiyi informasiyanı məktəbliyə bir il ərzində ötürür. 

Çünki on birinci sinif şagirdi artıq tam yetkin vəziyyətdədir. Xeyli informasiya qəbul edə bilər. 8-9-cu sinif şagirdi isə hələ gələcəyi görmədiyinə görə  bu qədərini qəbul etmir. 11-ci sinifdə bilir ki, artıq müstəqil həyata atılacaq, gələcəyi formalaşdırmaq lazımdır. Beyni o informasiyaları qəbul etməyə imkan verir. 

Azərbaycanda rəsmi açılmış kurslar var. Əgər  repititorluq pis bir şey olsaydı, onları bağlayardılar. Dövlətin özünün də buna marağı var, icazə verilir ki, kurslar açılsın. O da repititorluqla eyni şeydi.

-1 və 4-cü qrupların abituriyentlərinə məsləhətiniz nədir?

-Bəzən valideyn zəng vurub məndən xahiş edir ki, mənim uşağım müəllim yanına gedir, xahiş edirəm onu bircə saat yoxlayın. Mən də 3-4 sual verib görürəm ki, zəifdir. Deyirəm ki, get filan kitabı, filan mövzunu oxu. Pis hal odur ki, indi repititorların çoxu özü üçün bir konspekt yazır, verir şagirdə. Guya qısa formaya salıb. Sabah imtahanda orda olmayan sual düşəndə isə hay-küy qopur. Deyirəm ki, axı dövlət sənin üçün kitab hazırlayıb. Orda həmin məlumat var idi. Niyə ordan oxumadın? Cavab verir ki, mənim müəllimimin verdiyi konspektdə olmadığına görə oxumadım. Əvvəlcə repititorlar dövlətin kitabına doğma münasibət bəsləməlidirlər. Çünki şagirdə suallar bunun çərçivəsində veriləcək. Həm də qısaldanda bəzi məlumatları demirsən və abituriyent bunları bilmir.

Fikrimcə repetitorluq yaxşı haldır.  Pis cəhəti isə həmin müəllimlərin özləri üçün konspekt yazmalarıdır.

- İmtahan verəcək abituriyentlərə, xüsusən də, I və IV qrupa hazırlaşanlara psixoloji baxımdan hansı məsləhətləri verərdiz?

-Yaxşı oxuyan abituriyentin psixoloji baxımdan gərginliyi olmur. Bu hal yalnız  biliyində kəsir olan şagirdlərdə olur.

Lamiyə Süleymanlı

Elmin Nuri