Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 13:12:00
Fiziki əngəllərinə baxmayaraq peşə öyrənən fədakarlar – Qəhrəman dərzi, bərbərlər-TƏSİRLİ REPORTAJ  

“Çox xoşbəxtəm ki,  “Əməliyyatçı-mühasib” peşəsini seçərək rəqəmlərin sehirli dünyasına düşmüşəm Peşəmə qarşı yüksək dərəcədə sevgi duyuram. Bu ixtisasla məşğul olduqca ruhani rahatlıq tapıram”.

 

Bu sözlərin müəllifi 5 nömrəli Bakı  Peşə Liseyinin “Əməliyyatçı-mühasib” ixtisası üzrə təhsil alan  tələbəsi Həsən Hüseynzadədir.

Gəlin, Həsəni öz dilindən tanıyaq:

 

 

“1999-cu ildə dünyaya göz açmışam. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra  kompüter operatoru, veb dizayner ixtisasına yiyələnsəm də, daim yeniliklərə can atan birisi olduğum üçün bununla kifayətlənmədim.

 British Council və Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi layihə üzrə 9 ay ingilis dili kursu üzrə təhsil aldım. Burada öyrəndiklərimdən sonra məndə mühasiblik ixtisasına böyük sevgi yarandı və qərarımı qətiləşdirərək, 2019-cu ildə sənədlərimi 5 nömrəli Bakı Peşə Liseyinə təqdim etdim. Burada “Əməliyyatçı- mühasib” ixtisasına yiyələnmək üçün təhsilə başladım. Hazırda  istehsalat təcrübəsindəyəm. Bir müddət əvvəl isə məni Port Baku şirkətinə iş görüşməsinə dəvət etdilər. Orada qrafiq dizayner və marketinq sahəsi üzrə  həm təcrübə keçirəm  həm də işləyirəm”.

 

Qeyd edək ki, Həsən  anadangəlmə serebral iflicdən əziyyət çəkir.  

 

O, peşə liseyində olan təhsil mühiti haqqında fikirlərini belə söyləyir:

 

“Mən burada olan təhsil imkanlarından geniş istifadə etdim. Müəllim və tələbə yoldaşlarımın mənə qarşı olan münasibəti çox xoş idi. Mən əvvəllər ünsiyyətdən qaçan insan idim. Lakin bu liseyə daxil olduqdan sonra müəllim və tələbələrin dəstəyi ilə bu problemimi də aradan qaldırdım.Kompüter haqqında olan biliklərimi həm tələbə yoldamlarımla həm də müəllimlərimlə bölüşürəm. Kiminsə kompüterində problem çıxırsa və ya bir çətinlik yaranırsa dərhal onlardan köməyimi əsirgəmirəm. Onlar da mənə qayğı və hörmətlə yanaşırlar.”

Bu peşə liseyində inklüziv təhsilin imkanlarından yararlanan bir çox tələbə var.

 

AzEdu.az inklüziv təhsilin tətbiq edildiyi 5 nömrəli Bakı  Peşə Liseyindən reportajı təqdim edir:

 

Həsəndən söz düşmüşkən, reportajımıza elə onun anası ilə söhbət etməklə başlayırıq.  Həsənin anası Səadət  Məmmədova  həm də 5 nömrəli Bakı  Peşə Liseyində bərbər ixtisası üzrə istehsalat-təlim ustası vəzifəsində çalışır. 

 

Əvvəlcə təbii ki, oğlu haqqında danışır:

 

 “20 il bundan əvvəl Həsən çox ağır vəziyyətdə dünyaya gəlib. 15 gün xəstəxanada qaldıqdan sonra həkimlər ona serebral iflic (sol əlinin patologiyası) diaqnozu qoydular. Bir yaşında isə əlini əməliyyat ediblər. 8 yaşında isə Həsən epilepsiya  xəstəliyinə tutulub. Bir müddət Bakıda müalicə aldıqdan sonra Sankt-Peterburq şəhərində  müalicə davam etdirilib. Hazırda  2-ci qrup əlildir. Həsən kimi insanların cəmiyyətə adaptasiyasında mühitin böyük rolu var. Bu baxımdan həm digər təhsil müəssisələrinin  həm də doğma 5 nömrəli Bakı Peşə Liseyinin müəllim və tələbə kollektivinin əməyini yüksək qiymətləndirirəm”.

Liseydə  inklüziv təhsilin tətbiq edildiyi digər tələbələrlə tanış oluruq:

 

I kurs 66 nömrəli qrupda təhsil alan  İsmayıl İsmayılov... O, burada “Aşpaz” ixtisasını öyrənir.

Özü də boş vaxtlarında yemək bişirir  və bunun özünün  bir həyat tərzinə çevirdiyini deyir:

“Öz istəyimlə bu peşəyə yönəldim. Evdə vaxtımım çoxunu yemək bişirməklə keçirirəm. Ən çox makaron və kartof bişirməyi sevirəm. Uşaqlıqdan   yemək bişirməyə həvəsim olduğu  üçün bu sənəti daha dərindən öyrənmək qərarına gəldim ”.

İsmayılın riyaziyyat müəllimi Nədanə Mansurova onunla bağlı fikirlərini bizimlə bölüşüb:

“İsmayıl autizimdən əziyyət çəkməsinə baxmayaraq, sağlam uşaqlarla da ayaqlaşa bilir. Bəzən elə olur ki, çalışmaları digər uşaqlardan daha sürətli edir. Olduqca nizam-intizamlı tələbədir. Öz seçdiyi aşbaz ixtisasına çox həvəslədir”.

Həmin sinifdə təhsil alan Əli Babayev isə eşitmə qüsurlu olduğu üçün onunla ünsiyyət qurmaqda çətinlik çəkdik. Lakin müəllimi Əlinin də dərslərinə məsuliyyətlə yanaşdığını deyir:

Əli və İsmayılın qrup yoldaşı Ərzulla Həmzəyev  onlar haqqında fikirlərini bildirib:

“Əli və İsmayılla münasibətim çox yaxşıdır. Biz onları olduqları kimi qəbul edirik. Onlar səmimi qrup yoldaşı və əsil dost olmağı bacarırlar. 

Onlar bizim təhsilimizə mane olmur. Əksinə məsələn İsmayıl rusdilli olduğu üçün biz rus dilinə aid problemimiz olduğunda ona müraciət edirik”.

Burada təhsil alan  digər tələbə Zeynəb Cəfərzadədir. O, anadangəlmə serebral iflicdən əziyyət çəkir. Zeynəb “ Dərzi ” ixtisası üzrə III kursda  təhsil alır, özü də bu sənəti çox sevir:

“Mən daha çox paltarları qaş və muncuqlarla bəzəməyi sevirəm. Anam bu peşə liseyini çox bəyənərək, mənə tövsiyə etdi. Bu liseydə təhsil almaq xoşuma gəlir”.

Daha bir tələbə Aysu Məmmədbəyli də inklüziv təhsilin imkanlarından yararlanır və o, Autizm xəstəliyindən əziyyət çəkir.  O, da “Dərzi” ixtisası üzrə təhsil alır.

“Paltarlar üzərində muncuqlarla işləyirəm. Bu çox gözəl işdir”,-deyir...

Bu əsnada müəllimə bizə şagirdlərin əl işlərini göstərir. Belə ki, sinifdə olan tələbələrin bəziləri şəkillər çəkir, digərləri isə müxtəlif muncuq və qaşlarla onun üzərini bəzəyirlər. Bu şəkillər olduqca heyratamizdir.

Aysunun ən yaxın rəfiqəsi olan Xanım Süleymanova rəfiqəsi haqqında olan təəssüratlarını bölüşür.

O, da “Dərzi” ixtisası üzrə 3-cü kursda təhsil alır:

“Aysunun ən yaxın rəfiqələrindən biriyəm. O, çox sakit , özünə qapanıq və çox duyğusal qızdı. Həmçinin,  mehriban olmaqla yanaşı insanın duyğularına da önəm verir. Çox küsəyəndi və adi bir sözdən də inciyir. Onun həssas nöqtələrinə toxunanda o, çox pis olur. Buna görə də həm müəllimlərimiz həm də biz onunla zərif davranırıq”.

Elə  həmin sinifin riyaziyyat müəllimi Flora Tofiq qızı Aysu haqqında olan təəssüratlarını bizimlə bölüşərək deyir:

 

“Aysunun çox gözəl əl qabiliyyəti var. Mən burada inklüziv təhsilin imkanlarından yaralanan tələbələrin əl işlərini gördüyüm zaman heyran oluram. Lakin texniki fənlərə qarşı onların yüksək dərəcədə  həvəsləri yoxdur. Amma cəhd edirlər: dəftər tuturlar, misalları yazırlar. Hər şeyləri yerli-yerindədir. Fəqət ən çox əl qabiliyyətləri ilə öndədirlər”.

Liseyin tərbiyə işləri üzrə  direktor müavini Ziba xanım inklüziv təhsilin liseylərində tətbiq olunması və onun nəticələrindən söz açaraq deyir:

“Biz tələbələrimizi heç vaxt kateqoriyalara bölmürük. Qəbul olub gələn hər bir tələbə  bərabərhüquqludur. Sağlamlıq imkanları məhdud tələbələri digər tələbələrlə  bərabər təhsilə cəlb edirik. Belə olduqda müəllimlərlə bərabər tələbə yoldaşları da onlara dərslərində kömək edir, çətinliklərin öhdəsindən birgə gəlirlər. Əgər lazım olarsa,  inklüziv təhsildən yararlanan tələbələrimizə əlavə dərslər keçirik. Hətta lazım gəldikdə, müəllimlərimiz  onlarla fərdi qaydada məşğul olur. Liseyin psixoloqu daim həmin tələbərin yanındadır. Bildiyimiz kimi, inklüziv təhsil alan tələbələr çox kövrək olduqları üçün onların psixoloji durumu ilə yaxından maraqlanırıq. Bütün müəllimlərimiz həmin tələbələrə valideyn qayğısı göstərir. Biz heç bir tələbəmizi ayırmırıq və səmimi ortam yaratmağa çalışırıq.

Hər il orta hesabla bizim  liseyə 10-a yaxın sağlamlıq imkanları məhdud tələbə qəbul olunur. 

Liseydə təhsil müddəti 3 il, 1 il və 6 ay olan  kurslarımızın hər birində inklüziv təhsil alan tələbələr var. Onların əksəriyyəti aşpaz, bərbər və dərzi ixtisasları üzrə təhsil alır.

Daim tələbələrimizin sosiallaşmasına, müxtəlif layihə və təlimlərdə iştirakına şərait yaradırıq. Sağlamlıq imkanları məhdud tələbələrimizin əksəriyyəti Heydər Əliyev Fondu tərəfindən təsis olunmuş “İçərişəhər  Ənənəvi İncəsənət Mərkəzi”-də incəsənət dərnəklərinə cəlb olunublar. Tələbələr həftədə bir gün böyük həvəslə həmin təlimlərdə iştirak edirlər. 

Belə tələbəri yaxından tanıyıb, iç dünyaları ilə tanış olub  əl işlərini gördükdən sonra bir daha aydın olur ki,  insanın hansısa peşəyə yiyələnib  uğur qazana bilməsi sağlamlıq imkanlarından aslı deyil. Bu yalnız insanın daxili istəyi, həyata, insanlara olan sevgisinin təzahürüdür.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları