Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-20 11:00:00
“Bilik Fondunun gördüyü işləri sadalamaqla bitməz, elə gün olur ki…” - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu fondun fəaliyyəti haqqında AzEdu.az-a  verdiyi kiçik müsahibəni təqdim edirik:  

- Bilik Fondunun yaranmasının 4-cü ili tamam oldu. Bu illər ərzində Fond missiyasını neçə həyata keçirdi? 

- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2014-cü il mayın 7-də ölkə başçısının fərmanı ilə yaradılıb. Əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, gənclərə qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığının aşılanması, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərlərin təbliğ edilməsi Fondun əsas məqsədidir. Məqsədimizə müxtəlif məzmunlu tədbirlər vasitəsi ilə nail olmağa çalışırıq. Bu tədbirlər Fondun Himayəçilik Şurasının tapşırıq və tövsiyələri əsasında İdarə Heyətinin qərarı ilə qurumun 3 sektoru – ölkədaxili layihələr, Beynəlxalq layihələr, İnformasiya təminatı sektorları tərəfindən hazırlanır və gerçəkləşdirilir.

Fondun hazırda  76 şəhər və rayon nümayəndəsi, o cümlədən 9 Bilik Evi fəaliyyət göstərir ki, layihələrin səmərəli olmasında və geniş spektri əhatə etməsində onların böyük rolu var. 

Bilik evlərində müxtəlif təlim kursları, dərnəklər, klublar fəaliyyət göstərir. Bilik Fondunun dəstəyi və nümayəndələrlə qarşlıqlı əməkdaşlıq səviyyəsində Bilik evlərində mütəmadi maarifləndirici tədbirlər təşkil olunur. Kursların, dərnəklərin, klubların təmsilçiləri tədbirlərdə yaxından iştirak edirlər. 4 il ərzində gördüyümüz işləri sadalamaqla bitməz. Fəaliyyətimiz haqqında bütün məlumatlar Bilik Fondunun rəsmi internet saytında – “bilikfondu.gov.az” portalında  əksini tapıb. Elə gün olur ki, respublika üzrə 8-9 tədbir təşkil edilir, onların məlumatlarını hazırlayaraq sayta qoyur və KİV orqanlarına yayırıq. Yeri gəlmişkən, həmkarlarım olan jurnalistlərə bizə göstərdikləri informasiya dəstəyinə görə minnətdarlığımızı bildiririk. Bilik Fondu yarandığı gündən jurnalistlərlə qarşlıqlı əməkdaşlıq səviyyəsində fəaliyyət göstərir, KİV nümayəndələrini maarifləndirici layihələrə cəlb edir. 

Sualınızın konkret məqamına gəldikdə, Bilik Fondunun missiyasını necə həyata keçirdiyini müxtəlif təbəqələrin təmsilçiləri olan vətəndaşlardan soruşmaq daha yaxşı olardı. Onların verdiyi qiymətin obyektivliyinə söz ola bilməz. Bilik Fondu cəmiyyətə tam açıq qurumdur və barəmizdə kifayət qədər işgüzar imic formalaşdıra bilmişik, bizə həm real, həm də virtual aləmdə yüksək səviyyədə müsbət münasibət göstərilir. 

- Hazırda nə kimi işlər görülür, hansı layihələr həyata keçirilir? 

- Bildiyiniz kimi, ölkə başçısının imzaladığı sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunub. Prezident "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında", “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”  sərəncamlar imzalayıb. Bu il həm də Azərbaycan ordusunun yaradılmasının 100 illiyidir. 

Bilik Fondu bu sərəncamların tələblərini yerinə yetirir, mötəbər hadisələrin ruhuna uyğun olaraq, ölkə daxilində və xaricində silsilə maarifləndirici tədbirlər keçirir. Tədbirlər müxtəlif formatlarda hazırlanır, mühazirələr, "dəyirmi masalar", görüşlər, konfranslar, film nümayişləri, müsabiqələr, teatr tamaşaları vasitəsi ilə geniş miqyaslı maarifləndirici iş planı hazırlamışıq. Bilik Fondunun Lektorlar qrupunun 400-dən çox üzvü var. Azərbaycan Milli Elmlər Akademiyasının və müxtəlif universitetlərin alimləri, mütəxəssisləri, müxtəlif peşə sahibləri olan tanınmış şəxslər, jurnalistlər Fondun mühazirəçiləridir. Onlar müxtəlif məzmunlu mühazirələrə cəlb olunurlar. Mühazirə mövzuları qeyd etdiyim kimi, həm prezidentin imzaladığı sənədlər, verdiyi tapşırıqlar, cəmiyyətə ünvanladığı tövsiyələr, həm əlamətdar günlər, həm də yerlərdən gələn sifarişlər əsasında formalaşır. 

- İndiyə kimi gördüyünüz işlərin nə kimi faydası olub? 

- Bilik Fondunun nümayəndələrinin hamısı maarifləndirmə sahəsində təcrübəsi olan ziyalılar, əksəriyyəti təhsildə fərqlənən məktəblərin direktorlarıdır. Nümayəndələr bizim tapşırığımız, yaxud öz təşəbbüsləri əsasında müxtəlif məzmunlu tədbirlər təşkil edirlər. Bu tədbirlərə ayrı-ayrı sosial təbəqələrin üzvləri cəlb olunurlar. 

Bilik evləri də intensiv fəaliyyət göstərir. Nardaran, İsmayıllı, Qax, Oğuz, Tərtər, Şəmkir, Astara, Ağstafa, Ağdaş Bilik evlərində dərnəklər və kurslar fəaliyyət göstərir. Xüsusən gənclər mütəxəssislərin köməyi ilə ödənişsiz əsaslarla peşə vərdişlərinə yiyələnir, dil və kompüter kurslarına cəlb olunurlar. Kursları uğurla başa vuranlara sertifikatlar verilir. Onların bilik və bacarıqları komissiya tərəfindən yoxlanlır. Elə iştirakçı olur ki, imtahandan keçə bilmir. Ancaq sertifikat alanların sonradan işlə təmin olunmalarına da kömək edirik. Məsələn, bir qrup gənc avtomobil elektrikliyi peşəsinə yiyələnəndən sonra "Avto Azərbaycan" şirkətinin dəstəyi ilə onları işə cəlb edə bildik. Hazırda həmin gənclər avtomobil ustaları kimi, Zaqatalada, Qaxda, Bakıdakı avtomobil servislərində ustalıq edirlər. Digər tərəfdən kursların, dərnəklərin, təlimlərin iştirakçıları həm də maarifləndirici istiqamətdə təbliğat-təşviqat işlərinə cəlb olunurlar. Onlar ölkənin daxili və xarici siyasəti barədə məlumat alırlar, prezidentin fərman və sərəncamlarının mahiyyətini öyrənirlər, vətənpərvərlik ruhlu layihələrə, müsabiqələrə qatılırlar. 

- Belə bir layihəniz var idi: Akademiklər, professorlar ucqar kəndlərə dərs deməyə gedirdi. Bu layihəylə bağlı məlumat vermənizi istərdik. Hazırda davam edirmi? 

- Bu layihə indi də davam edir. Hər ilin 15 sentyabr günü - Bilik Günündə Fondun "İl boyu bilik" proqramı çərçivəsində ölkənin nüfuzlu şəxsləri müxtəlif bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrində mühazirə deyirlər. Mövzular hər ilin ruhuna uyğun  seçilir. 2014-ci ildə “Azərbaycan bu gün və sabah" mövzusunda 70, 2015-ci ildə "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda 161, 2016-ci ildə "Heydər Əliyev və Azərbaycan" mövzusunda 117, 2017-ci ildə "Heydər Əliyev islam həmrəyliyi ideyasının banisidir" mövzusunda 118 elm və təhsil ocağı, təşkilat və müəssisələrdə akademiklər, professor və elmlər doktorları, dosent və fəlsəfə doktorları, millət vəkilləri, tanınmış jurnalistlər, hətta xarici ölkələrin səfirləri mühazirələr söyləyiblər. 

Təsəvvür edin, şagird dərsdə oturub, qapı açılır məşhur insan – tanınmış alim, siyasi xadim və ya jurnalist içəri daxil olur. Şagirdlərin keçirdiyi hissləri sözlə ifadə etmək mümkün deyil. Mühazirəçi onlarla səmimi söhbət edir, mövzu ilə bağlı fikirlərini söyləyir və maraqlı müzakirə açılır. Belə görüşlərdən sonra bizə minnətdarlıq müraciətləri daxil olur. Müəllimlər, valideynlər, şagirdlər görüşlərdən məmnun olduqlarını bildirirlər. Qeyd edirlər ki, belə təmaslar uşaqların inkişafına müsbət təsir edir, onlarda elmə, biliyə həvəsi artırır, vətən sevgisinin formalaşmasına kömək edir. Fond bu ənənəni davam etdirir. Sentyabr ayında layihəmizə davam edəcəyik. Hazırlıq işlərinə artıq başlamışıq. Layihənin uğurla həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası və respublikanın Təhsil Nazirliyi bizə öz köməklərini əsirgəmirlər.    

- Gələcəklə bağlı hansı işlər nəzərdə tutulub, nə kimi yeniliklər olacaq? 

- Çox işlər nəzərdə tutulub. Bilik Fondunun Himayəçilik Şurası var. Şuranın sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Şuranın üzvləri cəmiyyətin nüfuzlu şəxsləridir. Fondun daxilində İdarə Heyəti fəaliyyət göstərir. Biz hər iki qurumun tövsiyə və tapşırıqları əsasında fəaliyyət göstəriririk. Bu il də layihələrimizi davam etdirəcək və yeni tələblərə uyğun olaraq hazırladığımız  tədbirlər planını həyata keçirəcəyik. Məqsədimiz hər bir vətəndaşın maarifli və dövlətçi olmasına təkan vermək, cəmiyyətin inkişafına dəstək olmaqdır.  

- Bilik Fondunun daxilində klublar fəaliyyət göstərir. Oxucuları bu klublarla tanış edərdiniz. 

- Bilik Fondunun nəzdində "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubu, "Gənc jurnalistlər", "Diplomatlar" klubları, eləcə də “Kiniklub ” fəaliyyət göstərir. Müxtəlif universitetlərdə təhsil alan tələbələr, gənc mütəxəssislər klubların üzvləridir. Onlar tədbirlərdə, elmi turlarda, ekskursiyalarda, müsabiqələrdə, görüşlərdə fəal iştirak edirlər. Məqsədimiz gənclərin peşəkarlığını artırmaq, dünyagörüşlərini genişləndirmək, vətənə, dövlətə sevgi, sədaqət ruhunda tərbiyələnmələrinə dəstək olmaqdır. Fondun Sosioloji Sorğu Mərkəzi “Gənclikdən soraq” layihəsi üzrə sosioloji sorğular və təhlillər həyata keçirir. Bilik Fondunun Könüllülər Birliyi ətrafında minlərlə gənci birləşdirir.

Ölkəmizdə intellektual baxımdan zəngin insan kapitalının formalaşması və inkişafına fayda verəcək hər bir kəslə əməkdaşlıq etməyə hazırıq.