Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-06 16:54:00
Sertifikasiyanı arzulayan direktor: “Repetitorluq sırf valideynin şəxsi istəyinə görə məşhurlaşdı”-MÜSAHİBƏ

 

 “O zaman direktor və müavinləri  bu imtahanlardan azad idilər. Amma şəxsən özüm direktor olduğum zaman belə könüllü müraciət edib Diaqnostik Qiymətləndirmə imtahanında iştirak edib, çox yüksək nəticə göstərdim”.

...Belə imtahanları dəstəkləyirəm və iştirak etməyə ilk namizəd bəlkə də özüm olacağam. Bunu əminliklə deyirəm”.

AzEdu.az təhsil portalı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə ortaq layihə olaraq orta ümumtəhsil müəssisələrinin direktorları ilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz Bakı Şəhəri 245 nömrəli tam orta məktəbin direktoru Arzu Azadəliyevadır.

Müsahib barədə:

Arzu xanım pedaqoji fəaliyyətə 2007-ci ildə Nizami rayonu 145 nömrəli məktəbdə başlayıb. İxtisasca  tarix müəllimidir. Sonradan həmin məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini təyin edilib.  2016-cı ildə “Potensial məktəb direktorları” kursunu bitirib, direktorların işə qəbul müsaiqəsində iştirak edərək,  Xətai rayonu 86 nömrəli məktəbin direktoru vəzifəsinə təyinat alıb. Ötən ilin oktyabrında 245 nömrəli məktəbə rotasiya olunub. 3 aydır, 145 saylı məkətbin direktorudur.

“Fəaliyyət dövründə məktəbdə həm nəzarət, həm də təlim-tərbiyə prosesinin təşkili üçün bütün qüvvəmi səfərbər etmişəm. 3 il ərzində bu məktəb Xətai rayonunda kifayət qədər  nəticə göstərməsi ilə tanınıb. Buraya gəldiyim ilk gündən qətiyyən yadlıq hiss etməmişəm. Çünki özüm də Xətai rayon sakiniyəm. Bu rayonun sakinləri mənim üçün çox doğmalaşıb. Fəaliyyət dövrümdə də bu doğmalığı həm müəllimlər, həm də valideynlərim tərəfindən hiss edirəm”.

“Diqqətdən qaçırdığımız məqamları valideynlərin məktəbə cəlbi ilə çox yaxşı həll edirik”

-“Potensial məktəb direktorları” kursunu bitirmisiniz. Həmkarlarınız nələri dəyişməlidirlər ki, ideal məktəbin qurulmasına nail olsunlar?

Yeni təyinat alan direktor fəaliyyətə başladığı andan şagird, valideynləri ələ ala bilir, onlara doğmalıq hissi ilə yanaşırsa, bu, mütləq nəticəsini verəcək.

İlk günlərdən pedaqoji kollektiv, şagird və müəllimlərlər görüşlərim olub. İlk vatlar insanların önəm verdikləri əsas hissi – səmimiyəti qorumağa çox çalışırdım. Ünsiyyət qurmağı, dinləməyi bacarmaq, problemlərə diqqətlə yanaşmaq – bütün bunlar bizə fəaliyyətimizdə çox kömək edir. Həmişə deyirəm, direktorun təlim – tərbiyə prosesinə nəzarəti ilə yanaşı valideynin məktəbə cəlbi, onun bu işdə direktora kömək etməsi də çox önəmlidir.

Nə qədər hər şeyə diqqət etməyə çalışsaq da, kənardan nəyi isə görməyə bilərik. Amma diqqətdən qaçırdığımız məqamları valideynlərin məktəbə cəlbi ilə çox yaxşı həll edirik.

-Valideynlərin məktəbə cəlbi, icma ilə iş zamanı hansı çətinlikləri yaşamısız?

-Çətinlik deməzdim... Təəssüf, bir müddət valideynlər məktəbə çox aqressiv yanaşdılar. Bu, sanki müəyyən dövrü əhatə etdi və təkrarlandı. Müəyyən şeylərdə məktəblə anlaşılmazlıqlar yaranırdı. İcma ilə münasibətlərin tənzimlənməsində səmimiyyət, şəffaflıq, görülən işlərin valideyn qarşısında hesabatlılığı əsasdır.

“Valideyn hər şeyi özününküləşdirir, “mənim uşağım” anlayışından xilas ola bilmir”

-Ümumiləşdirmə aparsaq, Azərbaycan valideyninin bəyənmədiyiniz 3 xüsusiyyətini saya bilərsiz?

-Əksər məktəblər natamam ailə faktoru ilə rastlaşırlar. Bu, danılmaz və çox müşahidə edilən problemdir. Bir məktəb idarəçisi kimi bunu hər zaman diqqətdə saxlayıram. Məktəb psixoloqlarının təcrübələrinin artırılması, daha da təkmilləşmələri yönündə görülən işlər nəticə verir. Bu kimi problemləri diqqətdə saxlamaqla valideynləri məktəbə cəlb edə bilirik.

Bəzən valideyn hər şeyi özününküləşdirir, “mənim uşağım” anlayışından xilas ola bilmir. Onlarla aparılan iş nəticəsində bütün problemlərin öhdəsindən gəlirik. Bəzən valideyn məktəbdən tələb etsə də, öz nəzarəti zəif olur.

Digər problem isə valideynlərin repetitorluğa həddindən çox önəm vermələri ilə bağlıdır. Son dövrlərdə əlavə məşğələlərin keçirilməsi, şagirdlərin məktəbə cəlbi, keyfiyyətli tədris bu xırdalıqların qarşısını alır. Əvvəl valideynlərdə məktəbə qarşı bir qədər inamsızlıq vardısa, indi bunun qarşısı alınıb. Artıq şagirdlər təhsilə maraqlıdırlar. Gəldiyim müddətdə təkan verərək bunu daha da qaydasına salmışam. Şagirdlər həm dərsdə, həm də dərsdən sonrakı məşğələlərdə bilik alırlar. Müəllimlərimiz bu işlə könüllü məşğul olurlar. Valideyn də anlayır ki, məktəb daha çox dəstək verir, nəinki repetitor.

“Repetitorluq sırf valideynin şəxsi istəyinə görə məşhurlaşdı”

-Repetitorluğun zaman keçdikcə daha da geniş vüsət almasını zəruri edən nə idi?

-Təəssüf, repetitorluq sanki bir müddət ərzində məşhurlaşdı və bu problemlə qarşılaşdıq. Bu, sırf valideynin şəxsi istəyinə görə oldu. Fəaliyyətim zamanı müəllim tədris müddətində peşəsini sevərək həyata keçirib. Bu, iş prosesinə təkan verən xüsusi bir amal, bütün problemlərin aradan qaldırılmasının ən başlıca ünsürüdür. Müəllimlərin təlim və kurslara cəlbi, özlərini təkmilləşdirmələri, əldə etdikləri nailiyyətləri sinifdə tətbiq etmələri valideynin övladının nəticələrindəki dəyişikliyi hiss etməsinə səbəb oldu. Beləcə, onun məktəbə inamı artdı. Bu, sevindirici haldır.

-Müəllimlər üçün hansı standartların tətbiqini istərdiniz?

-Hər zaman müəllimlər üçün vahid geyim formasının tətbiqinin tərəfdarı olmuşam. Bunu birmənalı şəkildə deyə bilərəm. Ümumiyyətlə, belə məsələlərdə özüm nümunə olmağa çalışıram. Müəllimin müxtəlif arzuolunmaz geyimlərdən, bəzək əşyalarından istifadəsi qəbuledilməzdir. Təhsilverən şəxs şagird qarşısına müəllim obrazında çıxmalıdır. Məktəb vaxtı müəllimlərimiz bizə nümunə olduqları kimi biz də olmalıyıq. Bundan öncə rəhbərlik etdiyim məktəbdə 2 il ərzində buna nail oldum. Çox yaxşı nəticəsi oldu. Ümid edirəm ki, 245 nömrəli məktəbdə də tezliklə bu ənənəni davam etdirəcəyik.

-Müəllimlər dövrün tələblərinə cavab vermək üçün üzərilərində kifayət qədər işləyirlərmi?

-Əlbəttə. Əminliklə deyirəm. Hazırda 245 nömrəli məktəbdə 3 layihə həyata keçirilir: “STEM”, “Rəqəmsal bacarıqlar” və “İntensiv Rus dili”. Bunlarla yanaşı, müəllimlərimiz istənilən təlimdə böyük həvəslə iştirak edir, öyrəndiklərini məktəbdə tətbiq edirlər.

Ümumiyyətlə, məktəbdə müşahidəni çox sevirəm. Müşahidələrimə əsasən deyirəm ki, müəllimlərin tətbiq etdikləri yenilikləri şagirdlər də, valideynlər də sevə-sevə qəbul edirlər. Dərsdən sonra şagirdin özünün hazrladığı maketləri məktəbə gətirib müəllimə təqdim etməyi möhtəşəmdir. Tədris ilinin sonuna yaxın şagirdlərin əl işlərindən ibarət sərgi keçirməyi planlaşdırırıq. Əvvəl  bunlar həyata keçiriləndə valideynlərin tərəddüdləri ilə qarşılaşırdıq. Sonradan övladlarının həvəsini və nəticəni gördükcə  özləri də maraqlanmağa başladılar. Sevindirici haldır ki, artıq bu kimi layihələri valideyn özü təklif verir. Hansısa məktəbi nümunə çəkib deyir ki, bu məktəbdə filan layihə var, bizdə də olsun. Bir müddət əvvəl isə şagirdlərin həddindən artıq yükləndiklərini, buna ehtiyac olmadığını deyirdilər. Amma indi müasir şagirdin hərtərəfli inkişafı üçün həmin layihələr özünü  birbaşa məktəbdə əks etdirib.

“Belə imtahanları dəstəkləyirəm və iştirak etməyə ilk namizəd  özüm olacağam”

-Hazırda müəllimlərin sertifikasiyası gündəmdədir. Sizcə, direktorların da sertifikasiyadan keçmələrinə ehtiyac var? Buna münasibətiniz necədir?

-Tam səmimi deyəcəyəm: Doğrudur, onsuz da bu vəzifəyə təyin olunana qədər müxtəlif müsabiqə və kurslardan keçirik. Amma  bir misal çəkim:

Müəllimlərin işə qəbulu müsabiqəsi və diaqnostik qiymətləndirmə imtahanları mənim təlim – tərbiyə işləri üzrə direktor müavini təyin olunduğum vaxta təsadüf etdi. O zaman direktor və müavinləri  bu imtahanlardan azad idilər. Amma şəxsən özüm direktor olduğum zaman belə könüllü müraciət edib Diaqnostik Qiymətləndirmə imtahanında iştirak etdim. Çox yüksək nəticə göstərdim. Hər bir halda bunu dəstəkləyirəm. Çünki işləmək, özümüzü təkmilləşdirmək dəstəyə layiqdir. Belə imtahanları dəstəkləyirəm və iştirak etməyə ilk namizəd bəlkə də özüm olacağam. Bunu əminliklə deyirəm.

-Universitetlər qəbul  etdikləri abituriyentin şəxsiyyətyönümlü inkişafının, məntiqi təfəkkürünün lazımi səviyyədə olmadığını deyirlər. Bu məsələdə orta məktəbləri nə dərəcədə günahkar hesab edirsiz?

-Bəzi özəl məktəblərdə məntiq tədris olunur. Çox istərdim, orta ümumtəhsil müəssisələrində də bu fənn tədris olunsun. Lütfi Zadə adına Məntiq Olimpiadasındakı göstəricilərimiz bazamızın olduğunu göstərir. Sadəcə təkmilləşdirmək üçün tədris proqramına belə bir fənnin salınması çox yaxşı olardı. Əminliklə deyirəm, müəllim potensialımız da var.

-Tədris proqramının daha hansı formada dəyişdirilməsini istərdiz?

-Tədris proqamı hazırlanarkən müəyyən tədris materiallarının müzakirəsinə müəllimlər də cəlb olunurlar. İşlədiyim kollektivdə daim müəllimlərə müraciət edərək belə müzirələrdə aktiv olmağı tövsiyə edirəm.

Amma hazırkı tədris proqramları çox qənaətbəxşdir.

Əvvəl valideynlərin bir qismi texnologiya, bədən tərbiyəsi kimi fənlərin tədrisinə laqeyd yanaşır, digərləri isə məktəbə bunların tədrisi üçün müraciət edirdilər. İndi isə rəhbərlik etdiyim məktəbdə bu fənlər yüksək səviyyədə tədris olunur. Bundan əlavə, fakültətiv dərnək məşğələlərinin təşkilində valideynlər də maraqlıdırlar. Təyinat aldığım gündən dərnəklərin fəaliyyətinə diqqət edir, hətta bəzən dərnək dərslərinin dinləmələrində iştirak edirəm. Bu, sevindirici haldır.

“Əvvəl şagirdlər müxtəlif bəhanələrlə bu vərdişlərdən uzaqlaşdırılmışdılar”

-Şagirdlərdə mütaliəyə maraq yaratmaq məqsədilə məktəb kitabxanalarını hansı formada təkmilləşdirməyə ehtiyac var?

-Hazırda kitabxanaların mütaliə üçün kifayət qədər kitab fondu var. Bu yaxınlarda məktəbimizdə “Kitab qurdları” adlı yarış keçirildi. Çox sevindim, şagirdlərin oxuduqları kitablar barədə fikir bildirmələri ilə qürur duydum. Kitabxanaçı ilə məktəbliləri mütaliəyə cəlb etmək üçün mütəmadi olaraq hansı tədbirləri həyata keçirə biləcəyimizi müzakirə edirdik. Əvvəl şagirdlər müxtəlif bəhanələrlə bu vərdişlərdən uzaqlaşdırılmışdılar. Amma son illər bunun əksi müşahidə olunur. Kitablarla təmin olunma, şagirdlərin fikir ifadə etmə bacarığı, söz potensialının olması mütaliə vərdişlərinin hansı halda olmasını üzə çıxaran amillərdəndir. Dərs dinləmələri zamanı şagirdlərin  bədii və sərbəst şəkildə öz fikirlərini ifadə etmələrini görüb sevinirəm.  

-Mükəmməl idarəçilik məqsədilə direktorlara daha hansı səlahiyyətlərin verilməsini istərdiz?

-Hazırda təhsil islahatları direktorlara kifayət qədər səlahiyyət verib. Yenilikləri öncə özümüz dərindən öyrənib sonra tətbiq edirik. Səlahiyyətimiz isə kifayət qədərdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları