Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-06 11:24:00
 DİM  imtahanda iştirak üçün ödənişləri niyə artırmalıdır?-Zəruri şərtlər  

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sınaq imthanlarında iştirak etmək üçün tələb edilən ödənişin məbləğinin 20 manatdan 40 manata yüksəldilməsi cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.

 Bu məsələ, sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Əslində vəziyyət necədir, kim haqlıdır?

 AzEdu.az mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin  baş məsləhətçisi Aqşin Məmmədov məsələyə aydınlıq gətirib.

 “Məlumdur ki, DİM 11 aprel 2016-cı il tarixindən etibarən publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Bu o deməkdir ki, DİM dövlətdən maliyyə yardımı almır (və ya çox az alır), öz-özünü maliyyələşdirir, Nizamnaməsinə uyğun olaraq xərclərini və gəlirlərini də özü tənzimləyir.

 Keçən ildən etibarən yeni (ikipilləli) imtahan modelinin tətbiqi ilə əlaqədar imtahanlara açıq (xüsusilə situasiya və mətn) tipli sualların salınması imtahanların formatında olduğu kimi məzmununda da bəzi yeniliklərin yaranmasına gətirib çıxarıb.

 Ənənəvi sual kitabçası, cavab kartından başqa və cavab vərəqlərinin də çap olunması və onların bəzən bir neçə mərhələdə markerlər tərəfindən oxunması  əlavə xərclərin ortaya çıxmasına səbəb olub”.

 O, həmçinin DİM-in son illərdə gördüyü işləri və xərcləri statistik rəqəmlərlə diqqətə çatdırıb və bu işlərin əsasında imtahan qiymətlərinin artırılmasına ehtiyac yarandığını vurğulayıb.

 “DİM-in strukturuna daxil olan bəzi şöbələrin 2019-cu il üzrə illik hesabatlarına əsasən 2019-cu il ərzində Mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlarda 571 mindən artıq iştirakçı sayı qeydə alınıb. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün 16 yeni proqram yazılıb və ya mövcud proqramlar üzərində dəyişiklik edilib. İl ərzində təxminən 887 min sual kitabçası və cavab vərəqi çap edilib. Bunlardan 545 mini sual kitabçalarının, 222 mini buraxılış imtahanlarının cavab vərəqələrinin, 120 mini isə qəbul imtahanlarının cavab vərəqələrinin payına düşür. İmtahanların təşkili və idarə edilməsi məqsədi ilə 1172 imtahan binası ayrılıb, 4040 imtahan rəhbəri, 44945 zal nəzarətçisi və 4284 buraxılış rejimi əməkdaşı prosesə cəlb edilib. İmtahanlarda iştirak etmiş 370000-dən çox şagird ümumilikdə 7 milyona qədər yazı işi yerinə yetirib və bu işlərin qiymətləndirilməsi üçün markerlər 15 milyona yaxın yoxlama (qiymətləndirmə) aparılıb.

 İl ərzində 63629 nəfər ştatdankənar işçiyə (mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan) 5 061 721,04 manat əmək haqqı hesablanıb. 2019-cu ildə hesablanmış əmək haqqından dövlət büdcəsinə 1114465.10 manat məbləğində vergi, 2172168.80 manat məbləğində dövlət sosial müdafiə fonduna ayırmalar şəklində ödəniş həyata keçirilib”.

 A.Məmmədov qeyd edir ki, qiymət artımı DİM üçün nə qədər məqbul hesab edilsə də, bu ümumillikdə qənaətbəxş olmayacaq.  Qiymət artımı qəbul imtahanlarında namizdələrin sayının kəskin azalmasına səbəb olub.

 “Bütün bu faktlar göstərir ki, DİM-in xərcləri artdığından imtahanların keçirilməsi üçün ödənişin məbləğinin artırılmasına ehtiyac yaranıb. DİM ilk olaraq qiymət artımını sınaq imtahanlarına tətbiq edib. Lakin bir faktı da qeyd edim ki, DİM tərəfindən atılan bu addım nə qədər məqbul hesab edilsə də, onun nəticələri bir o qədər qənaətbəxş olmayacaq. Çünki illər üzrə statistik göstəricilər də sübut edir ki, sınaq imtahnlarında ödənişin məbləği artdıqca imtahanlarda iştirak edənlərin sayında azalma baş verir. Bundan başqa, bu, xüsusilə yeni imtahan modelini və ümumilikdə imtahanlarda tətbiq edilən yenilikləri (məsələn, açıq tipli sualların çeşidliliyini və dinləmə qurğusu ilə bağlı sulları) mənimsəməkdə abituriyentlər üçün problemlər yaradır. Məsələn, Sosial Tədqiqatlar Mərkəzinin 2019-cu ildə yeni (ikipilləli) imtahan modeli ilə bağlı keçirdiyi sorğunun nəticələri də sübut edir ki, kağız daşıyıcıları vasitəsilə sınaq imtahanlarının az sayda keçirilməsi yeni imtahan modelini mənimsəməkdə 80%-dən çox respondent üçün çətinlik yaradıb. Məhz bu məqamı nəzərə alıb DİM-in otk.az portalı vasitəsilə onlayn sınaq imtahanlarını keçirməklə yanaşı kağız daşıyıcıları vasitəsilə sınaq imtahanlarının respublikanın bütün regionlarını əhatə etməklə bir neçə dəfə keçirməsi məqsədəuyğundur”.

 “Mütləq sınaq imtahanlarında tətbiq edilən ödənişin məbləği də abituriyent və onun ailəsi üçün münasib və əlçatan olmalıdır. Yəni sınaq imtahanlarında tətbiq edilən ödənişin məbləğinin birdən-birə 40 manata çatdırılması abituriyentlər üçün müəyyən çətinliklər yaradacaq. Məbləğin birdən-birə 20 manat deyil 5-10 manat civarında artırılması daha uyğun olardı-deyə  baş məsləhətçi A. Məmmədov  sözlərinə əlavə edib.