Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 17:21:00
“Maaşının yüksək olmasını istəyən müəllimlər bunu mütləq etməlidirlər”- Ucqar kənd məktəbinin direktoru

 

 “Bəzən valideyn gəlib deyir: “Dərsi bilmədisə, döyün”.  Xüsusilə,  kənd məktəblərində bu, böyük problemdir, valideyn isə tələbkarlıq kimi başa düşür. Bəzən valideynlər bunu qəsdən deyir, kiçik qulaqburması verən kimi isə gəlib mübahisə edirlər. Amma əksəriyyət zorakılığın tərəfindədir. Düşünür ki, şagird müəllimdən qorxmasa, oxumayacaq. Şagirdlərlə səmimi münasibət yaratmağa çalışırıq. Valideyn isə iclasda deyir ki, uşaq müəllimi görəndə tir–tir əsməlidir. Məktəbdə dəyişilməsini ən çox istədiyim yanaşma elə budur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Astara rayonu Qapıçıməhəllə kənd məktəbinin direktoru Elnur Quliyev deyib. 5 ildir məktəbə rəhbərlik edən Elnur müəllim orta təhsildəki əsas prioritetlərdən danışarkən bir sıra maraqlı məqamlara toxunub.

““Direktor otaqda oturmalıdır”, “üzündən zəhirmar yağmalıdır” kimi stereotiplər qırılmalıdır”

 

-İdeal məktəb idarəetməsi üçün həmkarlarınız nələri dəyişməkdən başlamalıdırlar?

 

-İlk növbədə, məktəb, müəllim, ümumiyyətlə, kollektivə münasibət dəyişməlidir. “Direktor otaqda oturmalıdır”, “üzündən zəhrimar yağmalıdır” kimi stereotiplər qırılmalıdır. Elə zəmanədir ki, hörmət, sevgi qazanmasan heç kim sənin işinə qiymət verməyəcək. İlk növbədə, özünü qəbul etdirməli, sonra iş tələb etməlisən. Səni qəbul etmirlərsə,  nə desən də effekti olmayacaq.

-Sözləriniz məktəbdə demokratiya tərəfdarı olduğunuzu təsdiqləyir. Sizcə, müəllimlər demokratik idarəetməni düzgün qəbul edirlər?

-Çoxları yox…  Onların yarısı bunu düzgün qəbul edir. Bir az səbr, bir qədər əsəb lazım olsa da, hər şeyi yavaş-yavaş qaydasına qoymaq olur. Məktəbdə tam demokratiya olsa da, hərc mərclik olacaq. Müəllimlərdə  bunun vərdiş halına gəlməsi üçün vaxt lazımdır.

“Gənc kadr gəlib yeni nəsə edəndə kollektiv ona qısqanclıqla yanaşır”

-Davamlı olaraq direktorların məktəbə yanaşmasından danışırlar. Sizcə, bəs, müəllimlərin məktəbə yanaşması düzgündür? Bu, sizi qane edir?

-Müəllim olanda düşünürdüm ki, direktorun düzgün yanaşması ilə iş bitir. Sonradan gördüm, müəllimlərdən də çox şey asılıdır. Bəzi müəllimlərə köhnə qayda – qanunlar sərf edir.

Yeni müəllim gələndə məktəbə yeni nəfəs gəlir. Onlara şərait yaradılmalıdır. Müəllim başqa bölgədən gəlir, onu stimullaşdırmaq lazımdır. Bir müəllim böyük dəyişiklik  edə bilir. Təsəvvür edin, məktəbə 3 müəllim gəlsə, onlar birləşib necə yeni işlər görə bilərlər. Həm direktor, həm də kollektiv onlara şərait yaratmalıdır. Özüm də bu kimi məsələlərlə rastlaşıram. Gənc kadr gəlib yeni nəsə edəndə kollektiv ona qısqanclıqla yanaşır. O isə utanıb, çəkinir.

“Köhnə qaydalarla işləyən direktorların sertifikasiyadan keçmələrini istərdim”

-Direktor gözü ilə baxsaq, müəllim təfəkküründə nələrin dəyişməsini istərdiz?

-İşə məsuliyyətlə yanaşmanı üstün tutardım. Dəfələrlə vurğulayıram ki, öz evimizdəkini dəyişib qayda–qanun qoymasaq, heç kim kənardan gəlib bizim problemlərimizi həll etməyəcək. Bugünəcən etmədiklərimizi, amma qanunla etməli olduqlarımızı həyata keçirsək, hər şey qaydasında olar. Çünki bütün peşələri hazırlayan müəllimdir. Düzgünlük toxumlarını biz öz işimizlə şagirdlərin beyninə qoymalıyıq.

-Son vaxtlar müəllimlərin sertifikasiyası çox müzakirə olunur. Ondan  gözləntiləriniz nələrdir?

-Sertifikasiya çoxlarının gözləntisidir. Məktəbə təsadüfi düşənlər təhsil ocağı üçün böyük  mənfi qüvvədirlər. Fikrimcə, onlar çıxdaş olunsa, bir çox problemlər həllini tapacaq.

Amma, ikinci şans hər kəsin haqqıdır, verilsin. Müəllim özünü düzəldə, özünü inkişaf etdirə, köhnə vərdişlərdən uzaqlaşa biləcəksə, ona ikinci şans verilməlidir. Dəyişikliyi istənilən vaxt etmək olar.

-Direktorlar üçün də sertifikasiyanın keçirilməsinin tərəfdarısınız?

-Yeni təyin olunan direktorların 90%-i düzgün seçimin nəticəsidir. Xüsusilə də rayon,  kənd məktəblərində düzgün seçimə önəm verilir. Sadəcə, köhnə qaydalarla işləyən direktorların sertifikasiyadan keçmələrini istərdim.

“Dərsi bilmədi, döyün”

-Bir qədər də təhsilin sifarişçilərindən danışaq: Azərbaycan valideyninin hansı xüsusiyyətləri sizi qane etmir?

-İlk növbədə, övlada münasibət… Bəzən valideyn gəlib deyir: “Dərsi bilmədi, döyün”. Xüsusilə də kənd məktəblərində bu, böyük problemdir,  valideyn bunu tələbkarlıq kimi başa düşür. Bəzən valideynlər bunu qəsdən deyir, kiçik qulaqburması verən kimi isə gəlib mübahisə edirlər. Amma əksəriyyət zorakılığın tərəfindədir. Düşünür ki, şagird müəllimdən qorxmasa, oxumayacaq. Şagirdlərlə səmimi münasibət yaratmağa çalışırıq. Valideyn isə iclasda deyir ki, uşaq müəllimi görəndə tir–tir əsməlidir. Qorxmasa, dərsini necə oxuyar? Başa düşmürlər ki, şiddət həmişə şiddət gətirəcək. Ən çox dəyişmək istədiyim də elə budur.

“Məqbul nəticə göstərib, digər müəllimlərdən çox maaş alsınlar”

-Müəllimlərdən çox şey tələb edirik. Bəs, onları həvəsləndirmək üçün hansı stimullaşdırıcı tədbirlərə ehtiyac var?

-Yeni təyin olunan müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Amma sertifikasiyanın ikinci mərhələsini tətbiq etsələr, yaxşı olar. Maaşının yüksək olmasını istəyənlər ikinci mərhələdə könüllü iştirak etsinlər. Məqbul nəticə göstərib, digər müəllimlərdən çox maaş alsınlar. Sosial şəbəkələrdə bir neçə dəfə bu barədə məlumata rast gəlmişəm. Belə bir ehtimal var. Təklif edirəm ki, bu reallaşsa, maaş fərqi kəskin olsun. Cüzi fərqlənmə effekt verməyəcək.

-5 il sonra bölgə məktəblərini necə görmək istərdiniz?

-Maddi bazası daha da gücləndirilmiş şəkildə görmək istəyərdim. Ehtiyacım ən çox bunadır. Rayonlarda hansısa layihə, yenilik həyata keçirmək istəyəndə hər dəfə bir maddi, baza problemi ilə üzləşirsən. O layihə üçün əlimizin altında İKT avqadanlığı, digər vasitələr olmalıdır. Son zamanlar bu kimi məsələləri qaydasına qoymaq üçün müəyyən tədbirlər görülsə də, hələ ki, kifayət etmir,

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları