Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-03 15:34:00
Tətil bitdi, fikirləri əyləncədə qaldı - Dərsə adaptasiya üçün nə etməli?

Bu gündən etibarən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başa çatıb. Ali məktəblərin bir çoxunda isə tətil müddəti yeni başlayıb, fevralın 17-dək davam edəcək. Tətil sonrası məktəblilərin, eyni zamanda tələbələrin yaşadığı əsas problemlərdən biri də onların dərsə adaptasiya olması ilə bağlıdır. Yəni, tətil müddətində sərbəst qrafikə öyrəşən məktəbli və tələbələr dərslər başlayandan sonra planlaşdırılmış rejimə keçib, dərs üzərində fikirlərini cəmləşdirə bilmirlər.

 Bəs bu fikir dağınıqlığı nə ilə əlaqədardır? Onların dərsə adaptasiya olunması üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı danışan psixoloq Nuriyyə Quliyeva tətil müddətindən etibarən yavaş-yavaş rejimli həyata keçməyin və istirahətin düzgün bölüşdürlməsinin vacib olduğunu deyir:

 “Gündəlik yuxu rejiminin, yuxu saatlarının dəyişməyi uşaqların, həmçninin tələbələrin dərsə adaptasiya olmağına çətinlik yaradır.  Eyni zamanda, onların daha çox əyləncəyə vaxt ayırmaları, kinoya, teatrlara getməyi və sonda bu əyləncənin sona yetməsi və rejimli həyata qayıdış uşaqların dərsə tez adaptasiyasına mane olur. Bu məsələdə valideynlər daha diqqətli olmalıdırlar. Belə ki, məktəblilərin gec yatıb gec oyanmasına imkan vermək olmaz. Ələxsus tətilin son günlərində valideynlər nəzarət etməlidir ki, axşam uşaqlar daha tez yatıb səhər tez oyansın. Bu, uşaqlarda erkən oyanma vərdişini formalaşdırmağa kömək edəcək. Bundan başqa, tətil müddətində valideynlər uşaqları axşam gəzintilərinə çıxarmalıdır. Eyni zamanda, həftəiçi artıq həftəsonunun planı qurulmalıdır. Yəni uşaqlar anlamalıdır ki, tətilin bitməsi, dərslərin başlaması əyləncə və istirahətdən tamamilə uzaq düşmək demək deyil. Tətil müddətində dərsdən çox danışmaq, müzakirələr aparmaq olmaz. Bu, uşaqlarda dərsə qarşı ikrah hissi yarada bilər. Tələbələr, uşaqlar gün ərzində sevdikləri məşğuliyyətlərə zaman ayırsalar daha yaxşı olar. Yəni kəskin keçid etmədən hər şeyə zaman ayırmaq lazımdır. Gün ərzində yarım saat, ya da 15 dəqiqə mütaliə etmək gənclərin xeyrinə olar. Beləcə onlar kitabla əlaqəni itirməzlər və dərslər başlayandan sonra kitab oxumaq onlara yad gəlməz”.(Modern.az)