Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-30 16:32:00
Müəllimlərin əmək haqqından yalnız bu hallarda tutulmalar ola bilər – Diqqətli olun

AzEdu.az mütəmadi olaraq müəllim və direktorları maraqlandıran sualları cavablayır. Müəllimləri ən çox maraqlandıran məqamlardan biri də əmək haqqından hansı hallarda tutulmaları  ilə bağlı məlumatlardır.

AzEdu.az məlumat verir ki, bu barədə Əmək Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Məcəlləyə görə, əmək haqqından müvafiq məbləğlər yalnız işçinin yazılı razılığı, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:

-Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

-Qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

-Direktora müəllimin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

-Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

-Mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

-Təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

-Həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

Qeyd edək ki, müəllimdən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

Müəllimin ərizəsində göstərdiyi məbləğ və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclər, bankdan aldığı ssudalar, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. Müəllim belə ərizə ilə direktora müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə müəllimin borcları əmək haqqından tutula bilməz.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları