Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 12:28:00
Sertifikasiyadan keçməyən müəllimlə bağlı hansı işlər görülməlidir?-  Nazirin çıxışına münasibət

 

 “Müəllimlərin sertifikasiyasının keçirilməsi məqsədəuyğundur. Bu dünyanın əksər ölkələrində keçirilən imtahandır. Onlar daha yaxşı nəticə əldə etmək üçün çox çalışacaq, öyrənməyə cəhd edəcəklər. Ancaq bu mexanizm elə qurulmalıdır ki, hər bir müəllimin  bilik səviyyəsi ilə yanaşı, peşə keyfiyyətlərini  də ölçüb, ona müəyyən  sənəd təqdim olunsun”.

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü  professor Hikmət Əlizadə səsləndirib. O, sertifikasiyanın keçirilmə prosesi haqqında təkliflərdən danışıb.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov ötən gün  illin yekunları ilə bağlı hesabatda sertifikasiya qaydalarından da danışıb. Nazirin bu yöndə çıxışı və təqdim  etdiyi yeni bilgilər müəllimlər tərəfindən müsbət qarşılanıb:

 “Qaydalara əsasən,  sertifikasiya 5 ildən bir keçiriləcək. Növbəti aylarda qaydalar təsdiq ediləcək. Sertifikasiyadan  bütün sistemdəki müəllimlərin  mərhələlərlə keçməsi  nəzərdə tutulur.  Məqsəd müəllimin inkişafını təmin edib onu stimullaşdırmaqdır. Nəticədə göstəriciləri  çatmayan, zəif olan  müəllimlər üçün əlavə imkanlar yaradılacaq təlimlər təşkil olunacaq”.

Hikmət Əlizadə sertifikasiyanın keçirilmə ilə bağlı təkliflərini də bildirib:

 

Sertifikasiya imtahanında dərəcələr müəyyənləşdirməklə ən yüksək bal toplayan müəllimlərin maaşları artırıla bilər. Bu da müəllimin fəaliyyətini situmullaşdırmaqla yanaşı, onların öz üzərində  işləməsinə səbəb olar.  Bundan əlavə, müəllimin bilik və bacarıqları ölçülməkdən əlavə onun məktəbdəki uğurları da nəzərə alınsa yaxşı olar. Müəllimin məktəbdə dərs dediyi şagirdlər hansı nəticələri əldə edirlər? Təbii ki, biz nəticə dedikdə burada qiymətləri nəzərdə tutmuruq. Şagirdlərin beynəlxalq və milli yarışlarda, olimpiadalarda iştirakı, Nazirliyin məktəblilər üçün yaratdığı layihələrə qoşulması, məktəbdənkənar uğurlu fəaliyyətləri və s. nəzərə alınsa, faydalı olar”.

Professor müəllimlərin pedaqoji savadının artırılmasına ehtiyac olduğunu vurğulayıb. O, sertifikasiyada zəif nəticə göstərən müəllimləri təlimlərə cəlb etməyi və yalnız ondan sonra fəaliyyətlərini davam etdirmələrini diqqətə çatdırıb:

“Sertifikasiyadan keçməyən müəllimlər təlimlərdən keçdikdən sonra təkrar fəaliyyət göstərə bilər. Əks halda, ixtisasını və onun tədrisini  zəif bilən müəllimə etibar edilə bilməz. Düşünürəm ki, müəllimin pedaqoji savadını artırmağa ehtiyac var.  Onlar həmişə pedaqoji ədəbiyyatları, alimlərin kitablarını alıb oxuya bilmirlər. Bu kitablar az nəşr olunur. Mən özüm də kitab yazanda 200-300 nüxsə çap etdirirəm, bu da bütün müəllimlərə çatmır.  Düzdür, “Azərbaycan məktəbi” jurnalı, “Azərbaycan müəllimi” qəzetində müəyyən məqalələr çap olunur. Amma yenə də qəzet çox məktəbə, müəllimə çatsa da, jurnalı hamı əldə edə bilmir”.

Müəllim bilik səviyyəsi aşağı, vətənpərvərlik hissi olmayan şagird yetişdirmə hüququna malik deyil.

Şura üzvü bugünkü müəllimlərin əməyini yüksək qiymətləndirib və təhsilin cəmiyyətdəki rolunu da vurğulayıb:

“Müəllimlik elə peşədir ki, onlar daim xalqına xidmət edərək kadr yetişdirməlidir.  Həmin kadr sabah cəmiyyətin inkişafına təkan verəcək.  Azərbaycan müəllimi həmişə qabaqcıl olub. Çalışıb ki, vətənə,  xalqa lazımlı olan kadrlar hazırlasın.  Biz hamımız başa düşürük ki, millətin gələcəyi müəllimdən asılıdır. Ümumilli liderin sözlərini xatırlayın: “Təhsil millətin gələcəyidir” deyirdi.  Bu həqiqətdir, biz bu reallıqdan çıxa bilmərik. Dünya xalqlarından Sinqapura diqqət edin: 20 il əvvəl bu ölkə pis vəziyyətdə idi. O, təhsilin hesabına indi zirvəyə qalxıb. Yaxud Finlandiyanı götürək: bu ölkənin elə də çox sərvəti  yoxdur. Nəyi var onların?! Amma təhsilin hesabına inkişaf edir. Təhsili düzgün istiqamətləndirən də müəllimdir”.

“Müxtəlif qurumlar hər hansı qanun, qərar, əmrlər işləsə də, onu icra edən müəllimdir. Müəllim istəsə, onu yüksək səviyyədə həyata keçirə bilər, yaxud əksinə.  Bizim, doğurdan da, çox yaxşı, qarşısında baş əyəcək müəllimlərimiz var”-deyə professor H. Əlizadə sözlərinə əlavə edib.