Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 10:56:37
Aprel şəhidinin məktəbli oğlu atasından yazdı: “Onunla  doyunca danışa bilmədim, görüşənədək, Atam”

 

Azedu.az  təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi”  mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.

“Aprel 2016”   Şəhid Ailələrinə dəstək İctimai Birliyi bu layihənin gerçəkləşməsində təşkilatı dəstək verir.   

Təqdim etdiyimiz  “Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” mövzusunda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşüb, eyni zamanda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazırlar.

Bu dəfə,  Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərən, döyüşçü fədakarlığının simvoluna çevrilən, “Murov qartalı”, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Orucov atası haqqında ürək sözlərini inşa şəklində yazıb.

Qeyd edək ki, Nihad hazırda Bakı Oksford Məktəbinin altıncı sinif şagirdidir.  Onun ata haqqındakı inşası həcmcə böyük olmasa da, səmimiyyət, doğma, təbii  hisslərin təsviri baxımından çox zəngindir. Özünü atasının “oğluşu” deyil, “oğlusu”adlandıran Nihadın bu sözə belə sadiqliyindən təbii heç nə ola bilməz!

  “Mən, Nihad Orucov Şəhid Polkovnik-leytenant Raquf Orucovun sevimli oğlusuyam. (“oğlu” yox, “oğlusu” –red.). Atam məni yox, mən özümü elə adlandırıram. Özümü ona  ən yaxın, ən əziz hesab edirdim. Mənə Vətəni sevməyi o, öyrədib, kitablar yox...

 Hələ uşaq yaşlarımdan atamın xidmət keçdiyi  hərbi hissələrə gedirdim, ən çox da kəşfiyyat dəstələrinə, atamla ora gedəndə özümü o əsgərlər kimi hiss edirdim. Mən də döyüşçü olmaq istəyirəm. Mənim ən sevimli oyuncaqlarım əsgər olub. Vətən mənim üçün şəhid nənəmin, atamın yatdığı torpaqdır. Məndən Ağdamda kimsə soruşanda kimin oğlusan, deyərdim fəxrlə “mən komandirin oğluyam”.

 Mən atamla doyunca görüşüb danışa bilmədim. Deyirlər, Şəhid atalar cənnətdə uyuyur, göydən bizi görürlər. Mən dərslərimi daha yaxşı oxuyuram, daha çox çalışıram, harda köməksiz insan görsəm , kömək etməyə çalışıram, hara kömək lazımdırsa,mən ordayam. Bəlkə o zaman mən də cənnətdə atamla görüşərəm, onunla doyunca danışaram.

    Atam Vətən torpağını daha çox sevdi!

     Görüşənədək, Atam!

     Sevimli oğlusun, Nihad".

 

 

DOSYE: Aprel döyüşlərinin qəhrəmanı Raquf Orucov 1972-ci ildə Ağdamda anadan olub.. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılır və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulur. Bu aylar  ərzində Fərrux dağı və Aranzəmində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alır. Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri  Məktəbinə verir.

Orada lazımi biliklərə yiyələnir  və 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakıda yerləşən hərbi hissələrin birinə təyinat alır, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verir. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alır və kəçfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edir.

Polkovnik-leytenant R. Orucov 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına həlak olur. Onun döyüşlərdə göstərdiyi fədakarlıqlar bu gün də dillər əzbəridir.