Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 17:35:00
“Təhsil nazirinin qərarı RTŞ müdirləri və direktorlar üçün SOS siqnalı olacaq” –Sədr müavini

 

Təhsil naziri Ceyhun Bayramov dünən keçirilən mətbuat konfransında korrupsiya faktlarına qarşı həyata keçirilən tədbirlərdən söz açarkən bildirib ki, ötən il 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.

Qeyd edilib ki, görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Eyni zamanda ötən il 10 direktor və direktor müavini işdən kənarlaşdırılıb.

Təhsil nazirinin bu istiqamətdə atdığı addımlar təhsildə şəffaflığın qorunmasına, neqativ halların aradan qalxmasına xidmət edir.

Bu fakt mətbuata açıqlanandan sonra sosial şəbəkə və online mediada müsbət reaksiyalara səbəb olub.

“Başlıca səbəblərdən biri təhsilimizdəki “cəzasızlıq sindromu”dur”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini  Nadir İsrafilov qeyd edib ki, korrupsiya ifadəsinin təhsillə bir sırada işlədilməsinin qəti əleyhinədir:

“Təhsil sferasında ciddi faktlar, rüşvət ola bilər, idarəetmədə bir sıra pozuntulara yol verilə bilər, ancaq onu korrupsiyaya bulaşdırmağa sövq etməməliyik. Əksər hallarda  rüşvətlə korrupsiyanı səhv salır, onları eyniləşdiririk. Süpürgə pulu, fond pulu və s...

Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək bu və ya başqa məsələni hansı bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Korrupsiya şəbəkədir. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir.

Bununla yanaşı, təhsil qanunvericiliyindən çıxma halları da, korrupsiya qədər olmasa da ciddi pozuntu halı sayılır. Bu mənada Təhsil naziri cənab Ceyhun Bayramovun  "Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntularla rastlaşırıq. 2020-ci ildə də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən buna sərt formada ciddi reaksiya veriləcək” mesajı şübhəsiz ki, RTŞ müdirləri və məktəb direktorlar üçün SOS siqnalı rolunu oynayacaq”.

“İctimailəşdirməmiş, yalnız ərizələrini almaqla kifayətlənmişik”

Nadir müəllim  mövzuya münasibət bildirərkən dəfələrlə mediada səsləndirdiyi fikri də xatırladıb:

“Dəfələrlə mətbuat səhifələrindəki çıxış və müsahibələrimdə bildirmişəm ki, təhsildəki neqativlərin başlıca səbəblərindən biri də təhsilimizdə olan “cəzasızlıq sindromu”dur. Ədalət naminə deməliyik ki, qanun pozuntularına yol verən kifayət qədər rəhbər və pedaqoji heyyət işçilərini tutduqları vəzifədən azad olunmasına qədər ən yüksək səviyyədə cəzalandırmışıq. Lakin bunları bir çox hallarda ictimailəşdirməmiş, yalnız ərizələrini almaqla kifayətlənmişik. Sovet dönəmində hər hansı neqativ hal Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılardı. Həmin şəxsə komissiya tərəfindən tərtib olunan arayış və Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən inzibati cəza tətbiq olunardı. Kollegiyanın qərarı “Azərbaycan müəllimi” qəzeti və digər mətbu orqanlarında dərc olunardı. Bütün ölkə bundan xəbər tutar,  bu, digərlərinə nümunə olardı.

Təhsil tələskənliyi sevmir, radikallığı qəbul etmir, təkamül yolu ilə inkişaf etməlidir. Ancaq təhsilin təkamül yolu ilə inkişafını təmin etməyin birinci və başlıca şərti maneələrə qarşı radikallılıq tətbiq edilməsi, neqativ ünsürlərin təkamül yolundan təmizlənməsidir.

Hesab edirəm ki, Nazirliyin bu mövqeyi kampaniya xarakteri almayacaq, bu kimi hallara qarşı bundan sonra da ciddi və davamlı mübarizə aparılacaq…”

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları