Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 08:55:00
“Orada yaşamaq üçün işləmirlər, işləmək üçün yaşayırlar” -Almaniyada oxuyan azərbaycanlı gənc

Müsahibimiz Lətifə Abdullayeva  1994-cü il Bakı şəhərində dünyaya gəlib. 6 nömrəli tam orta məktəbi bitirdən sonra  411  balla  Azərbaycan Dövlət Neft Akademiyasının Kompüter elmləri fakültəsinə daxil olub.

Hazırda Almaniyanın  Saarbrücken şəhərində yerləşən Saarland Universitetinin  Kompüter elmləri üzrə magistratura pilləsində təhsil alır.

-Bakalavr təhsilini Azərbaycanda almısınız. Magistr pilləsi üçün Almaniyanı seçməyinizə  səbəb nə oldu?

- Bakalavrda oxuduğum müddətdə  ən böyük istəyim aldığım təhsilin praktiki tərəfini yüksək səviyyədə öyrənib kompüter elmlərinin daha spesifik sahəsini araşdırıb, üzərində tədqiqat aparmaq idi. Bunun üçün də seçdiyim sahədə  ən qabaqcıl ölkələrə  müraciət  etmək  qərarına gəldim. Almaniya universitetləri dünyada kompüter elmləri üzrə ən yaxşı hesab edildiyinə və beynəlxalq səviyyədə tanınan tədqiqat işlərinə görə diqqətimi çəkdi.

-İki ölkə arasında təhsildəki fərqlər nədən ibarətdir?

-Kompüter elmləri çox böyük sahədir. Alman sisteminin müsbət tərəfi odur ki, burada müxtəlif mövzularda tədqiqat aparan  müəssisələr tələbələrə fərqli kurslar təklif edirlər. Dünyanın hər bir ölkəsindən istər onlayn, istər kurs şəklində təhsil almaq şansı verirlər. Ən böyük fərq Almaniyada kursların zəngin olmasıdır  və bu  faktor  gələcək  peşə seçimi üçün  daha çox imkan yaradır. Əslində, iki ölkənin təhsil  sistemini müqayisə etmək çətindir. Bizim ölkədə nəzəri dərslərə nisbətən praktiki istiqamətə, proqramlaşdırmaya kifayət qədər diqqət verilmir. Bu da praktiki bilik almaq istəyən tələbələrə gələcəkdə istədiyi işi və ya şirkəti seçməkdə çətinliklər yaradır. Lakin  tələbələr hansı ixtisası seçərsə seçsin, əsas nəzəri biliklərə yiyələnməlidir. Azərbaycanda təhsilin  müsbət yönü isə bakalavr təhsili müddətində riyaziyyat fənninin əsasının yaxşı qoyulmasıdır. Həmin biliklər burada seçdiyim sahədə, daha dəqiq desəm “Süni İntellekt” sahəsində tədqiqat apararkən daha tez nəticə əldə etməyimə gətirib çıxarır. Bəzi sahələr bizim ölkədə hələ inkişaf mərhələsində olduğu üçün, lazımi praktiki bilik ala bilmədiyimdən yenə də bəzi çətinliklər yaşadım. Lakin riyazi savad kifayət qədər verildiyi üçün boşluqları qısa müddətə doldurma imkanım oldu.

- Bəs Almaniya təhsilinin hansı özəlliyi sizin diqqətinizi daha çox çəkir?

-Yuxarıda da  qeyd etdiyim kimi, Almaniya təhsil sisteminin ən böyük üstünlüyü  tələbələrə yaratdığı imkanlardır.Daha dəqiq desək, ali məktəbdən başlayaraq dövlət tələbələrə seçdikləri ixtisasa uyğun dünyanın öndə gedən şirkətlərində praktika keçmək imkanı verir. Bunun üstünlüyü ondan ibarətdir ki, tələbələrin çoxu bakalavr pilləsinə  başladıqda seçdikləri sahənin artıq başlanğıc səviyyəsi olduğunu bilirlər. Bir başqa üstünlüyü isə Almaniyada dünyanın bir çox ölkələrindən fərqli olaraq təhsil dövlət tərəfindən təmin edilməsidir. Eyni sistem bizim ölkəmizdə də mövcuddur. Alman təhsilinin başqa özəlliyi də var. Burada təhsildən əlavə fəaliyyətlər olur. Məsələn, idman və mədəni fəaliyyətlər bura daxildir. Bunlar tələbələrin dünya görüşünün genişləməsinə və daha çox fərqli insan tanımasına gətirib çıxarır.

- Demək olar ki, burdakından tam fərqli təhsil sisteminə düşmüsünüz.  Hansı çətinliklərləüzləşirsiniz?

-İlk gəldiyimdə mühitə alışma prosesi başladı. Mədəniyyətlər fərqli olduğuna görə, yaşam tərzi də çox fərqlənir. Almanların fəlsəfəsi də bir çox ölkələrdən fərqlidir. Dünyanın bir çox ölkəsində “yaşamaq üçün çalışırlar”, lakin almanlar “çalışmaq üçün yaşayırlar”. Sözsüz ki, bu hal da istər iş, istərsə də təhsil yolunda böyük rəqabətə gətirib çıxarır. İlk qarşılaşdığım çətinlik də məhz tələbələr arasındakı rəqabət idi. İmtahanlar zamanı  sualların çoxunu düzgün cavablandırdığınız halda, əgər başqa  tələbə- istər magistr, istərsə də  PhD qısa müddət ərzində sizdən daha geniş şəkildə cavab verərsə, sizin qiymətinizin yüksək olma ehtimalı azalır. Yəni, yüksək qiymət almaq üçün qiymətləndirmə sistemi sırf müqayisə faktoruna əsaslanır. 

-Almaniyaya qəbul olmaq üçün hansı prosedurlardan keçdiniz?

- Almaniyanın hər hansı universitetinə qəbul olmaq üçün öncəliklə, lazım olan sənədləri “Uni-Asist” platformuna yükləmək və ya hər hansısa təşkilat vasitəsi ilə göndərmək lazımdır. Ancaq bundan sonra universitetlərə sənəd göndərmək olar. Sənəd qəbulu prosesi, adətən, semestr başlamamışdan 7-8 ay öncə olur. Hər bir universitetin də öz sənəd qəbul prosesi və lazım olan sənədlərin siyahısı olur. Lakin bu proses təhsil mərkəzindən aslı olaraq dəyişə bilir.

-Qeyd etdiniz ki , bir çox sənədlər tələb olunur. Hansılardır?

-Hər bir universitetin öz qeydiyyat sistemi olduğundan, sənədlərin siyahısı da dəyişir. Ümumi sənədlər isə bunlardır:

-Bitirdiyiniz təhsil mərkəzinin diplomu

- Transkript

- Keçdiyiniz fənnlərin siyahısı (kitabların siyahısı ve kitabın nəşr ili daxil olmaqla)

- Bank hesabınızda  Almaniya üçün illik 8 min avro (qəbz)

- Hesabınızdakı son bir neçə ayın tranzaksiyaları

- CV

- İELTS,  ya da TOEFL sertifikatı

- Alman dilində oxumaq istəyənlər üçün TestDF

- Məktəb attestatın surəti

- Əgər varsa, sertifikatlarınız, proyektlərdə iştirak etdiyinizi göstərən arayış və s.

-Təhsil aldığınız şəhər, universitet haqqında fikirlərinizi bilmək istərdik.

- Təhsil aldığım universitet: “UniversitatdesSaarlandes”. Bura dünya reytinqində öndə olmasa da, kompüter elmləri sahəsində Avropanın ən qabaqcıl universitetlərindən biri olduğunu düşünürəm. Səbəbi isə dünyanın ən məşhur tədqiqat mərkəzlərinin burada yerləşməsidir. Məsələn,  “Max PlanckInstituteforInformatics”,  “IntelVisualComputingInstitute”,  “CISPA – HelmholtzCenteri.G”, “German ResearchCenterforArtificialIntelligenceGmbH. RoboticsInnovationCenter”, “Ubiquitous Media TechnologyLab”, “Cyber-PhysicalSystems (CPS)”,“Cluster of  Excellence MMCI” və s. Hər bir tədqiqat mərkəzi universitetdən ayrıca bir şirkət kimi də fəaliyyət göstərir. Bu mərkəzlər dünyada  məşhur olduqları üçün universitetin dəyəri də artır. Tədqiqat mərkəzlərinin çoxu Google, Microsoft və s. nəhəng şirkətlərlə, həmçinin Amerikanın texniki sahədə ən öndə gedən MIT, CalTech və s. kimi universitetləri ilə də tərəfdaşlıq edirlər. Bu da tələbələr üçün  çox imkanlar verir. Burada milliyətindən asılı olmayaraq hər kəsə eyni yanaşılır.

-Lətifə xanım, magistratura təhsilindən sonra planlarınız nədir?

-Zaman keçdikcə, prioritetlerim və maraqlarım dəyişdiyinə görə, yaxın gələcəkdə harada və nə edəcəyimlə bağlı hələ planlarım yoxdu.

-Almaniyada təhsil almaq istəyənlərə nələri məsləhət görərdiniz?

-Bu daha çox tələbələrin prioritetlərinə və maraq sahəsinin müxtəlifliyinə görə dəyişə bilər. Əlbəttə, əgər seçdiyi ixtisas Azərbaycanda hələ də inkişaf mərhələsindədirsə, başqa ölkədə daha dərin biliklər almaq şansını dəyərləndirmək ağıllı qərar sayıla bilər.

Leyla Qulami