Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 14:24:00
İKT sahəsində bilik və bacarıqlarını artırmaq istəyənlər üçün

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində “Cisco Şəbəkə Akademiyası” fəaliyyətə başladı

AzEdu.az xəbər verir ki, yanvarın 24-dən  etibarən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində “Cisco Şəbəkə Akademiyası” fəaliyyətə başlayıb.

“İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan tələbələr üçün nəzərdə tutulan “Cisco Şəbəkə Akademiyası”nda dərslər “Cisco” şirkətinin beynəlxalq proqramına əsaslanır və peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən keçirilir. Təlim kurslarında iştirak etməklə tələbələr yeni şəbəkələr, şəbəkə inzibatçılığı, təhlükəsizlik və “bulud” texnologiyaları nəzəriyyələrini öyrənir, təqdim olunan materiallardan, təlimatçının köməyindən, praktiki laboratoriyalarda real və virtual sistemlərdən istifadə edərək, biliklərini artırırlar və rəsmi onlayn resurslarına çıxış imkanı qazanırlar.

“Cisco Şəbəkə Akademiyaları” proqramının Azərbaycan üzrə meneceri Emin Seyidovun sözlərinə görə,  Akademiyada “Get connected”, “Introduction to Cyber Security”, “Introduction to IoT”, “IT Essentials”, “Cyber Security Essentials” üzrə təlim kursları təşkil ediləcək. Həmin istiqamətlər üzrə kurslardan keçən iştirakçılar şəbəkə inzibatçılığı sahəsində başlanğıc və yüksək səviyyəli biliklərə yiyələnəcək, yeni karyera qura və mövcud karyeralarında yüksəlmək imkanı qazanacaqlar: “Bu proqram dünyada  tələbələrə İKT sahəsində inkişaf edib, bu sahədə karyera qurmağa imkan verir. Təhsilalanlar şəbəkə texnologiyaları, informasiya təhlükəsizliyi və proqramlaşdırma sahəsində bacarıqlar əldə edirlər. Kursu bitirən tələbələrə sertifikat verilir. Ancaq onlar beynəlxalq imtahanı verdikdən sonra beynəlxalq sertifikat da alırlar. Ölkəmizdə İKT sahəsində kadr çatışmazlığını nəzərə alsaq,  əminliklə deyə bilərəm ki, sertifikat alan tələbələrə iş tapmaq ümumiyyətlə problem olmayacaq”.

Kurslar müxtəlif müddətləri əhatə edəcək. Ən uzunmüddətli kurs 210 saat təşkil edir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov “Cisco Şəbəkə Akademiyası”  ilə imzalanan anlaşmaya diqqət çəkib. Əldə edilən razılaşmaya əsasən, şirkətlə məzmunun baza bloka daxil edilməsi, İKT ixtisasında məzmunun əlavə olunması, qısamüddətli kurslar, kiber-təhlükəsizlik ixtisasının formalaşması istiqamətləri üzrə əməkdaşlıq nəzərdə tutulub. Bu əməkdaşlığın tərkib hissəsi olaraq artıq Mərkəzin təhsilalanları informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni texniki biliklər əldə etmək imkanı qazanıblar: “Yenicə fəaliyyətə başlayan “Cisco Şəbəkə Akademiyası” müxtəlif istiqamətlər üzrə qısamüddətli kurslar təşkil edəcək. Həmin kursların iştirakçıları qısa müddət ərzində texniki bilik qazanaraq əmək bazarında özlərinə yeni iş imkanları əldə edəcəklər”.

R.Xanlarovun sözlərinə görə, bu əməkdaşlıq şəbəkə sistemlərinin hazırlanması, beynəlxalq sertifikatlaşdırma imkanı da yaradacaq: “Təhsilalanların həmin kursları bitirdikdən sonra beynəlxalq sertifikat əldə etmək imkanları olacaq. Belə ki, keçiriləcək təlimlər sayəsində tələbələr “Cisco sertifikatlı şəbəkə mütəxəssisi” (CCNA) və ya “Cisco sertifikatlı şəbəkə peşəkarı” (CCNP) statuslarını qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcək və real tədris laboratoriyası üzərində praktiki biliklər qazanacaqlar”.

Bakı Dövlət Peşə Təhsil Mərkəzində kursların fəaliyyətə başlaması üçün hər cür texniki imkanlar təmin edilib: “Mərkəzin nəzdində yaradılmış “Cisco Şəbəkə Akademiyası”  tələbələrin və əməkdaşların informasiya-kommunikasiya texnologiyalarından (İKT) yüksək səviyyədə istifadəsi üçün hər cür şərait, maddi-texniki baza və kadr potensialı ilə təchiz olunub”.

R.Xanlarov əlavə edib ki, növbəti tədris ilindən Bakı Dövlət Peşə Təhsil Mərkəzində hazırda tədris aparılan 8 ixtisasla yanaşı, “Cyber Security” (Kiber Təhlükəsizlik) ixtisasının da tədrisi nəzərdə tutulub.

Ruhiyyə DAŞSALAHLI (Azərbaycan müəllimi)