Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 09:11:00
Direktorların da sertifikasiyasına ehtiyac var? – Maraqlı və zidd fikirlər

“Təhsil haqqında”Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən, dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər.

MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq.

Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından Məntiq MİQ müsabiqəsindən də çıxarılıb.

Bəs, direktorların sertifikasiyadan keçirilməsinə ehtiyac var? Ümumiyyətlə, direktorların sertifikasiyadan keçirilməsi nə ilə nəticələnə  bilər?

“Sertifikasiyadan keçməyən direktora ikinci şans verilməsin”

AzEdu.az eyni suallarla elə məktəb rəhbərlərinin özlərinə müraciət edib.

Yardımlı rayonu Dəlləkli kənd ümumi orta məktəbinin direktoru Zaur Abbasov bildirib ki, məktəb rəhbərləri,direktor və müavinlərin sertifikasiyası daha ciddi aparılmalıdır:

“Təklif edərdim ki, sertifikasiya zamanı direktorlara güzəşt, yəni sertifikasiyadan keçmədiyi halda ikinci şans verilməsin. Məktəb direktoru məktəbşünaslıq, əmək qanunvericiliyi, təhsil sahəsində hüquqi normativ sənədləri mükəmməl bilməli və onu işində tətbiq etməyi bacarmalıdır. Sertifikasiya zamanı məktəbin reytinqi məktəb direktorunun göstəricisi kimi əlavə bal ilə qiymətləndirilməlidir.

Sertifikasiya ilə bağlı indidən müəllimlər məsuliyyətini dərk edirlər, sadəcə proses yubanmamalıdır. Bu məsələ nə qədər tez həyata keçirilsə, təhsilimiz bir o qədər qazanacaq”.

“Direktorların maaşı o qədər olsun ki, məktəbdəki dərsə göz dikməsinlər”

Ağdam rayonu 91 nömrəli orta məktəbin direktoru Nemət Rüstəmli isə düşünür ki, daqnostik qiymətləndirmə imtahanından keçmiş, pedaqoji fəaliyyətlə məşğul olan direktorlar da sertifikasiyadan keçəcəklər:

“Onlara da ixtisas üzrə 40, kurikulum üzrə isə 20 sual təqdim olunacaq. Amma direktorlara idarəçiliklə bağlı sualların da verilməsi yaxşı olardı.

Ümumiyyətlə, istərdim, direktorların maaşı o qədər olsun ki, məktəbdəki dərsə göz dikməsinlər. Təhsil şöbəsinə gedib- gəlmək, yanan lampaların təmirolunması və s. kimi işləri görmək üçün direktorun əlavə pulu olmalıdır. ƏMHM-dən hər dəfə bunu təmin etmir. O pulu qazanmaq üçün direktor 12 saat dərs götürməlidir ki, maaşı gündəlik dolanşığına bəs etsin. Direktorun  maaaşı 1300-1400 manat olsa, heç vaxt müəllimin dərsinə göz dikməz”.

“Sertifikasiyadan sonra məktəbdə işlərini bilən kadrlar qalsınlar”

Sertifikasiya keçiriləcəyi təqdirdə, bu imtahanı uğurla verə bilməyən direktorlara gəlincə isə Nemət müəllim belə cavab verib:

“Sertifikasiyadan keçməyən direktorlar işdən kənarlaşdırılmasınlar. Bilirsiz, direktor bir az tənbəllik etsə, ixtisasdan uzaqlaşır. Belə məktəb rəhbərlərinin ixtisaslarını yaza bilməmə ehtimalları çoxdur. Belələrinə dərs verilməsin, yalnız vəzifə maaşlarına qane olsunlar.

Ümumiyyətlə, istərdim, sertifikasiya 50% -dən yuxarı olsun. Diaqnostik qiymətləndirmə imtahanında 10 % -i düzgün cavablayan keçir. 55 bal toplayanla 15 ballıq yazan eyni maaşı alır. Bəs, ədalət harda qaldı? Buna görə də keçid ən azı 50 % olmalıdır.

Dərs deməyən direktorlar üçün də sertifikasiyanın tərəfdarıyam. Çünki Azərbaycanda direktorların 60 %-dən çoxu təhsildən xəbərsizdir. Onlar şagirdin buraxılış  zamanı hansı fənlərdən imtahan verməsi barədə belə məlumatsızdırlar.

Şagirdlər üçün təşkil edilən müxtəlif yarış və müsabiqələrə gedəndə barmaqla sayılacaq qədər direktor görürəm. Onlar da yeni qəbul olunanlardır. Digərlərinin isə şagird üçün yarışı kimin necə təşkil etdiyindən xəbərləri yoxdur.

İstərdim, sertifikasiyadan sonra məktəbdə işlərini bilən kadrlar qalsınlar”.

“Direktor sertifikasiyadan keçə bilmirsə, elə işdən kənarlaşdırılsa, yaxşıdır”

Kəlbəcər rayon 23 saylı tam orta məktəbin direktoru Həqiqət Şükürova xatırladıb ki, sertifikasiya 2008-ci ildən başlayaraq 5 ildən bir keçirilir:

“O zamanlar sertifikasiyadan yalnız pedaqoji heyət keçirdi. Ehtiyac olsa, təhsil naziri məsləhət görsə, direktorlar üçün də sertifikasiyanın keçirilməsində heç bir problem yoxdur. Bildiyim qədəri ilə bu il dərs deyən direktorlar da sertifikasiyadan keçəcəklər.

Direktor sertifikasiyadan keçə bilmirsə, elə işdən kənarlaşdırılsa, yaxşıdır. Təhsilimiz elə inkişaf mərhələsindədir ki, yalnız idarəetmə ilə iş bitmir, savad olmalıdır.

Sertifikasiyanın heç bir ziyanı yoxdur. Əksinə, biliyimiz yenilənir, oxuyur, öyrəndiklərimizi təkrarlayırıq. Özünə güvənən insan heç bir imtahandan qorxmamalıdır”.

Füzuli rayonu 7 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova isə xatırladıb ki, məktəb rəhbərləri zatən imtahan olunaraq ise qəbul edilirlər:

"Müəlliimlərin İşə Qəbulu vasitəsilə çalışan müəllimlər sertifikasiyadan keçmiş sayıldığı kimi Direktorların İşə Qəbulunda iştirak edənlər də setifikasiya olunmuş heab edilə bilər".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları