Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 14:10:04
Ceyhun Bayramov rektorlara tapşırıq verdi

Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili üçün təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlarını verib.

AzEdu.az-ın məlumatına görə, C.Bayramov bununla bağlı əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.

 

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalı, qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməli, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməli, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaratmalı, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.

Əmrlə Nazirliyin elm, ali və orta ixtisas təhsili və daxili nəzarət şöbələrinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Eləcə də bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Nazirliyin rəhbərliyini məlumatlandırsınlar.