Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-21 14:46:00
Müəllim şagird əlaqələri əslində  necə qurulmalıdır? – Fuat Bakışlı yazır...

Müəllimin şagirdlərinə təsir edə bilməsi üçün müəllim şagird münasibətlərində hansı   məqamlara diqqət edilməlidir?

 Belə ki, müəllim şagirdin yalnız məktəb daxilində deyil, məktəb xaricində də hərəkət və davranışlarını təqib etməli və aşılamaq istədiyi milli-mənəvi dəyərlərin onda oturmasına çalışmalıdır. Onda müşahidə etdiyi yaxşı davranışlarına qarşı onu qiymətləndirməli, yanlış davranışlarına görə isə lazımi qaydada xəbərdar etmək lazımdır.

“Əlləri ilə işləyən insan işçidir.

Əlləri və ağlı ilə işləyən insan ustadır.

Əlləri, ağlı və ürəyi ilə işləyən insan sənətkardır.” Höte.

Ancaq onu təqib etdiyimizi ona deməməli və bildirməməliyik. Şagirdin müsbət və uyğun davranışları davamlılıq qazandığı təqdirdə təqibi azaltmalıyıq. Təlim və tərbiyədə lazımi səviyyəni əldə etmək üçün ilk əvvəl şagirdi hərtərəfli yaxşı tanımaq lazımdır. Onun zehnini, zəkasını, fiziki və sosial yönünü öyrənib sonra da səviyyəsinə və anlayışına görə davranmaq vacib şərtdir.

Müəllim-yeniyetmə şagirdlər arasında ünsiyyətin xarakteristikası  necə  qurulmalıdır?

Bildiyimiz kimi, məktəbdə ünsiyyət müxtəlif istiqamətlərdə təzahür edir. Bura, təbii ki, müəllim-şagird münasibəti də daxildir. Bu münasibətlərdə müxtəlif psixolojia keyfiyyət özünü göstərir. Bir şəxsiyyət kimi müəllim də, şagird də bu münasibətlərdə mövcuddur. Onların ziddiyyətli, eyni zamanda mürəkkəbliyi müəllim və şagirdin psixoloji siması ilə şərtlənir. Müəllim həmin münasibətlərdə təkcə peşəkar mütəxəssis kimi deyil, həm də müəyyən həyat təcrübəsi keçmiş biri olaraq iştirak edir. Şagird də şagird olmaqla yanaşı, həm də qayğıya ehtiyacı olan bir insandır.

Müəllimlər şagirdlərlə ünsiyyətə girdikdə diqqətli olmalıdırmı?

Sözsüz ki, ünsiyyət informasiya yaratmaq və onu müəyyən insanlara ötürməkdən ibarətdir. Müəllim şagird arasında da həmçinin bu informasiya mübadiləsi baş verir. Bu zaman müəllimlər ehtiyatlı olmalıdırlar, çünki onların ünsiyyətə girdikləri şagirdlər, yeniyetmələr müəyyən psixoloji keyfiyyətlərə malikdirlər. Bu dövr onların böhran dövrü olduğundan istər müəllimlər, istərsə də valideynlər onlarla ünsiyyətə girən zaman diqqətli olmalıdırlar. Müəllimlər çox vaxt şagirdlərlə ünsiyyətə girərkən psixoloji və pedaqoji “kanonlara” deyil, daha çox özlərinin  bir tərəfli olan güzəran təcrübələrinə əsaslanırlar. Adi müəllimlərin gözündə şagirdlərin təsnifatı çox sadədir. Həmin təsnifatda şagirdlərin bölgüsü 4 əsas tipə ayrılır:

1.Yaxşı oxuyan-intizamlı;

  1. Yaxşı oxuyan-intizamsız;
  2. Pis oxuyan-intizamlı;
  3. Pis oxuyan-intizamsız.

Sevimli müəllim və sevimli şagir anlayışı necə formalaşır?

Müəllimlər şagirdləri birtərəfli ölçülərlə bir-birindən fərqləndirməməlidirlər. Bu onların həm pedaqoji, həm də psixoloji cəhətdən zəif olduqlarını göstərir. Çox vaxt müəllimin bir insan kimi yaşadığı hislər onun pedaqoq duyumunu üstələyir. Yəni, müəllimlərin nəzərində onların sevdiyi və sevmədiyi şagirdlər aləmi meydana gəlir. Məhz şagirdlərin də sevdiyi və sevmədiyi müəllimlər bu kökdə əmələ gəlir. Bu, əslində, özünəməxsus subyektiv ölçüləri olan təhlükəli bir aləmdir. Müəllimlər emosional qiymətlərə arxalanaraq şagirdlərin fərdi xüsusiyyətlərini görmürlər. Onların savadını çox vaxt intizam müstəvisində qiymətləndirirlər. Sözsüz ki, bu mühüm məsələlərə bir pedaqoq və psixoloq gözü ilə baxmırlar. Müəllimlərin gözündə ideal şagird dərslərini yaxşı oxuyan və intizamı pozmayan şagirdlərdir.

Bəs yaxşı oxumayan və intizamı pozan şagirdlər isə “pis uşaq”  demək nə dərəcədə doğrudur?

Bu cür düşünmək müəllimlərə həmin şagirdlərlə düzgün işləmək imkanı vermir. Belə olduğu halda, bəlkə də, özündə müxtəlif keyfiyyətləri daşıyan şagirdlər inkişaf etməmiş, üzə çıxmamış olur. Müəllimlər şagirdləri bir şəxsiyyət kimi bu cür qiymətləndirsələr, onlara düzgün münasibət bəsləyə bilməzlər. Bir müəllimin sinfi , yəni şagirdləri düzgün idarə edə bilməsi üçün şagirdlərlə sağlam bir ünsiyyət qurması gərəkdir. Müəllimin təsirli ünsiyyət vərdişlərinə sahib olması və həm özünü, həm də sinifdə digər yoldaşlarını narahat edən şagirdlərə kömək ola bilməsi sinif idarəsi baxımından böyük önəm daşıyır. Ona görə də müəllim bu cür keyfi yyətlərə yiyələnməyə xüsusi diqqət yetirməlidir. Müəllimlərin şagirdlərlə olan ünsiyyətinə müəllimlərə verilən yönəlişlərin də böyük təsiri olur. Psixologiyada bu eksperiment şəklində öz əksini tapmışdır. Belə ki, əvvəlcədən müəllimlərdə şagirdlərin bir qrupu haqqında müsbət, digər qrup haqqında isə mənfi rəy formalaşdırırlar. Bu zaman müəllimlər qabiliyyətli hesab etdikləri şagirdlərlə daha çox maraqlanır, onlardan çox şey gözləyirlər, qabiliyyətsiz hesab etdikləri şagirdlərlə, demək olar ki, maraqlanmırdılar. Bu cür halların baş verməməsi üçün müəllimlər əsl pedaqoji və psixoloji keyfiyyətlərə malik olmalıdırlar. Hər bir şagirdə onların fərdi xüsusiyyətlərini, qabiliyyətlərini, bilik və bacarıqlarını nəzərə almaqla yanaşmalıdırlar. Əgər müəllimlər sinifdə müxtəlif yollarla ayrı-seçkilik salırsa, təkcə şagirdləri deyil, həm də valideynləri ailənin statusuna görə qiymətləndirirsə, şagirdlər bunları görürlər və bunu özlərinə məxsus tərzdə mənalandırırlar. Yeniyetmələrdə bu cür halların olması normaldır.

Müəllim-şagird arasında müsbət və ədalətli bir münasibət necə qurulur?

Mazano və Pikkering müəllim-şagird arasında müsbət və ədalətli bir münasibətin, ünsiyyətin olması üçün bunları vacib bilmişdir: Müəllim sinifdəki bütün şagirdlərlə göz kontaktında olmalıdır və sinfin hər bir tərəfində gəzməlidir. Dərs vaxtı müəllim şüurlu bir şəkildə bütün şagirdlərinin yanına yaxınlaşmalıdır.Sinfin oturma vəziyyəti də buna imkan verəcək şəkildə olmalıdır. Müəllim sinifdə şagirdlərin ortaya qoyduğu fikirləri sahiblənmələrinə kömək etməlidir. Sinif müzakirələrinə bütün şagirdlərin qatılmasına onları təşviq etməlidir. Müəllim yalnız müzakirədə iştirak edən şagirdlərə deyil, həm də danışmayan, müzakirədə iştirak etməyən şagirdlərə səslənməli və onların dərsdə, müzakirələrdə iştirakını təmin etməlidir. Göründüyü kimi psixoloqların müəllimlərə verdiyi məsləhətlər humanist xarakter daşıyır. Müəllimlər yeniyetmələrlə ünsiyyətdə bunları nəzərə alaraq onların həm simpatiyasını, həm də hörmətini qazanarlar. Müəllimlər şagirdlərlə ünsiyyət qurarkən onlara sevgiyə ehtiyacı olan, dinlənilməyə ehtiyacı olan bir şəxsiyyət kimi yanaşmalıdırlar. Belə vəziyyətlərdə yeniyetmələrə düşən bəzi məsələlər də var. Onlar da qarşılarında uşağın deyil, müəllimin olduğunu unutmamalıdırlar. Konfliktli situasiyada sakitləşməyi ön plana çəkməlidirlər. Bu cür halların keçici olduğunu bilməlidirlər.