Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 15:53:00
Azərbaycanı beynəlxalq layihədə səfir kimi təmsil edən müəllimlər -“eTwinning Plus”-un geniş imkanları

“eTwinning Plus” layihəsi 2005-ci ildə Avropa Komissiyasının təşəbbüsü ilə yaradılıb.

Layihədə 40-dan artıq Avropa və ona qonşu ölkələr iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

Bu layihənin müəllimlərə qazandırdığı bacarıqları isə elə onların özündən soruşduq.

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ofeliya Qafarova 220 nömrəli məktəbin ingilis dili müəllimidir. O, 15 ildir ki, müəllim işləyir. 2013-cü ildən “eTwinning Plus” layihəsinə qoşulub.

 2016-ci ilə qədər sadəcə müəllim kimi, daha sonra isə Azərbaycan “eTwinning Plus” layihələri üzrə səfir kimi iştirak edir. Həmin ildən həm səfir, həm də müəllim kimi fəaliyyət göstərir. 50-dən çox layihədə iştirak edib, 12 milli və 9 Avropa keyfiyyət nişanı alıb.

“Layihəyə qoşulandan sonra artıq mən özümü fərqli bir müəllim kimi hiss edirdim”

“Çünki layihəyə qoşulandan bir il sonra İtaliyanın paytaxtı Romada keçirilən illik konfransa dəvət aldım. Həmin konfransda  ölkəmizi təmsil edirdim. Azərbaycandan 3 nəfərlik nümayəndə heyəti iştirak edirdi.  Orda layihənin  ölkəmizdəki fəaliyyəti barədə təqdimatla çıxış edərək digər Avropa müəllimlərinə bu barədə məlumatlar verdim.  Layihəyə qoşulduğum ilk illər milli və beynəlxalq konfranslarda iştirakçı, daha sonra isə spiker və moderator kimi iştirak etdim. Eyni zamanda milli və Avropa müəllimləri üçün seminarlar da təşkil etdim. Bütün bunları həmin layihə nəticəsində əldə etdim. Peşəkar kimi inkişaf edib özgüvən qazandım. Təkcə sinif şagirdlərinə deyil, Azərbaycanın bütün bölgələrindən, eləcə də Avropadan gələn müəllimlərlə birbaşa ünsiyyətdə, təlimlərdə oldum. Onlar seminarlar haqqında təəssüratlarını bölüşəndə maraqlı olduğunu, nələrsə öyrəndiklərini deyirdilər. Bu mənim üçün çox sevindirici haldır”.

O həmçinin digər müəllim yoldaşlarını da bu layihəyə qoşulmağa cəlb edib və buna nail olub:

“Bakı şəhəri üzrə bu layihəyə ən çox bizim məktəbdən  30-dan çox  müəllim qoşulub.  2018-2019-cu illərdə layihədə müəllimlərimizin fəaliyyətinə,  həm də internet  təhlükəsiz qaydalarına riayət etdiyimizə görə “eTwinning Plus school” adını bizim məktəb qazanıb.  Mən öz adımdan Avropa komissiyasına müraciət etmişdim və məktəbimiz həmin illərdə Avopa məktəbi adını aldı. Bu təltifi isə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva  bizə təqdim edib. Bu nəticəyə görə məktəbimizin  direktoru 2019-cu ilin may ayında İrlandiyada “eTwinning Plus”-da uğur qazanan direktorlar üçün peşəkar təlimdə iştirak edib. Bu mənim üçün sevindiricidir ki, həm məktəbimizin adı yüksəlir, həm də müəllimlərimiz və şagirdlərimiz beynəlxalq layihədə iştirak edə bilirlər”. 

“Bu layihə mənə xeyli bacarıqlar qazandırıb”

“Təqdimat, İKT, Veb alətlər üzrərində işləmək bacarığı əldə etmişəm. Veb 2.0 üzərində internet resusrları hazırlayıram. Təlimlərdə həmin resursları müəllimlərə paylamaqla yanaşı, bu proqramın səmərəsini də təqdim edirəm.  2019-ci ilin aprel ayında Azərbaycandan iki səfir –mən və Mətanət Əhədova onlayn təlim paketi hazırladıq. Avropa komissiyasının dəstəyi ilə “eTwinning” portalında onlayn kurs elan edildi və 17 Avropa ölkəsindən 200-dən çox müəllim qatılıb.  Biz 10 gün ərzində keçdiyimiz peşəkar inkişaf təlimində müəllimlər onlayn layihələrin işləmə yollarını öyrənib və sertifikat qazanıblar. Həmçinin bizə də ekspert kimi sertifikatlar təqdim edilib.

Şagirdlərim bu layihədə nə əldə edir?

“Onların dünyagörüşü artır, xarici ölkələrdən olan dostlar tapır, ölkəsini, evini, məktəbini tərk etmədən materiallar paylaşır, dil, təqdimetmə, ünsiyyət bacarıqları inkişaf edir. Müxtəlif resurslardan istifadə edərək elektron rəqəmsal məhsullar hazırlayırlar. Bundan əlavə onlar əl işləri, səhnəciklər, video dərslər, elektron kitablar hazırlayır.  Həmçinin şagirdlərlə birlikdə Polşa, Almaniya, Türkiyəyə ənənəvi məktublar yazırıq.  Həmin ölkədən olan şagirdlərə müxtəlif hədiyyələr göndərir,  bu ölkələrdən hədiyyə də alırıq. Şagirdlər  layihələri işləməyi daha çox sevirlər. Dərslərlə yanaşı, layihələr işləmək onlara motivasiya verir”.

Mətanət Əhədova da layihəyin ona qazandırdıqları haqqında təəssüratlarını bizimlə bölüşüb:

“Mən 2013-cü ildən bu layihəyə qoşulmuşam və hesab edirəm ki, 6 il ərzində qazandıqlarım çox olub. 40-a yaxın layihədə iştirak edərək 13 Avropa, 15 milli keyfiyyət nişanı ilə təltif olunmuşam.  Amma ən böyük nailiyyət “Young Scientists” layihəsinə görə Avropa mükafatı  almağımız olub.  Bu nailiyyətlər Bakı Avropa liseyinin “eTwinning School” adı qazanmasında böyük rol oynayıb. Layihənin Azərbaycan üzrə 5 səfirindən biri də mənəm”.

Onun  sözlərinə görə  layihə “eTwinning +” da çalışan bütün müəllimlərə təcrübə, əməkdaşlıq, uğur, nailiyyətlər qazandırıb. Xarici ölkələrə səfərlər, təcrübəni bölüşmək, digər müəllimlərdən öyrənmək və həmçinin öyrətmək şansı verib.

““eTwinning Azərbaycan müəllimlərinə və şagirdlərinə onlayn olaraq  təcrübələrini artırmaq, müxtəlif metod və üsulları öyrənmək, Veb 2.0 alətlərin istifadəsini genişləndirmək, İKT bacarıqlarını artırmaq, xarici dillərdə danışmaq, sertifikatklar və mükafatlar qazanmaq şansı verir”.

Sonda qeyd edək ki, Layihəyə istənilən pedaqoji kadr qoşula bilər. Qoşulmaq üçün www.etwinningplus.edu.az saytında ərizə formalarını doldurmaq lazımdır.