Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 11:42:00
Məktəb direktorunun qəbul günlərinin olması doğrudurmu?-Etiraz

Orta məktəblərdə müəssisə rəhbərlərinin icmaya açıq, valideynlərlə sıx əlaqədə olması onun göstəricilərinə də təsir edir.

Bəzi valideyn və müəllimlər isə məktəbdə direktor üçün ayrıca qəbul günləri yaradıldığını, istınilən saatda onun qəbuluna düşməyin mümkün olmadığını bildirirlər.

Bəs, qanunvericilik nə deyir? Direktor üçün ayrıca qəbul saatlarının nəzərdə tutulması qanunidirmi?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov bildirib ki, orta ümumtəhsil müəssisələrində direktorun xüsusi qəbul günlərinin olmasına heç bir lüzum yoxdur və qanunvericilikdə belə bir konkret iş rejimi nəzərdə tutulubmayıb:

“Bununla yanaşı, vətəndaşların müraciətlərinə diqqət və həssaslıq göstərilməsi bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirilib.

Məktəb – müəllim, şagird və valideyn üçbucağının vəhdətindən ibarətdir. Bu üçbucaqda hər tərəf ümumi məqsəd uğrunda səylərini birləşdirməklə, yaradıcı, şəxsiyyətyönümlü təhsil verən təlim–tərbiyə ocağının formalaşmasına, ümummilli liderimizin  ölkə təhsilinin qarşısında qoyduğu əsas vəzifələrinin icrasına dəstək vermiş olurlar.

Məktəbdə formalaşan iş mühiti, təlim–tərbiyə sisteminin idarə edilməsində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun  şəxsi nümunəsi və peşəkarlıq səviyyəsindən asılıdır. Əbəs yerə deyil ki, direktor sözü latınca "yönəldən”, "istiqamət verən” mənasını bildirir. Məktəb direktoru – natamam orta və ya orta məktəbin rəhbəri, məktəbdə təlim–tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır.

Onun əsas bacarıqlarından biri, müxtəlif situasiyalarda yaranmış vəziyyətə görə düzgün qərar vermək bacarığının olması ilə yanaşı bu qərarların tam həyata keçirilməsinə nəzarət etməkdir. Direktor məktəbdə təlim – tərbiyə, maliyyə - təsərrüfat işinin düzgün qurulmasına cavabdeh şəxsdir. Bu işin düzgün qurulması üçün isə məktəb direktoru özü də daxil olmaqla məktəbdə işləyən hər bir işçinin  əmək funksiyasını bilməli və onun icrasını təmin etməlidir”.

Ekspert bildirib ki, vəzifə bölgüsü haqqında əmrdə direktor, onun müavinləri, psixoloq UBR, kitabxanaçı, lobarant və s. adları göstərilməklə onların hər birinin tədris ili boyunca görməli olduqları işlər vahid  Sorğu Kitabçasında göstərilən əmək funksiyalarına uyğun göstərilir:

“Bu əmrlə hər bir işçinin dəqiq fəaliyyət sahəsi müəyyənləşdirilir, əmək funksiyasının icrasına hüquqi əsas verilir, direktora isə işə nəzarəti optimal şəkildə həyata keçirtməyə imkan yaradır. Məktəb kollektivi arasında vəzifə bölgüsünün aparılması müvafiq məsələlər üzrə, konkret icraçılarla bağlı operativ və obyektiv sərəncamların, qərarların hazırlanmasına və qəbul edilməsinə şərait yaradır.

İnzibatçılıq funksiyasını yerinə yetirərkən məktəb direktoru Təhsil Qanunu, Azərbaycan Respublikasının Prezidentinin, Nazirlər Kabinetinin təhsil ilə bağlı əmr, sərəncam və qərarlarını, Azərbaycan Respublikasının Təhsil nazirliyinin əmr və təlimatlarını, yerli rayon və ya şəhər təhsil şöbələrinin müvafiq göstərişlərini, Azərbaycan Respublikasının Əmək kollektivində təhsil ilə bağlı əmək intizamını möhkəmləndirmək, işçilər arasında vəzifə bölgüsünün aparılması, ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarını (kurrikulumları) həyata keçirmək, məktəbdə daxili intizam qaydalarının gözlənməsi, nəzarətin təşkili, uşaq hüquqlarının qorunması ilə bağlı tədbirlər görür.

Məktəb direktoru rəhbərlik etdiyi məktəbdə idarəetmənin operativliyini və effektivliyini təmin etmək üçün, təhsil sahəsinə aid olan hüquqi – normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. İşçilərin əmək funksiyası və hüquqlarını bilmək xüsusi ilə önəmlidir”.

“Hər sıradan məsələyə görə məhz direktora müraciət etmək də məqbul sayılmaz”

Nadir müəllim vurğulayıb ki, məktəb direktorunun əmək funksiyası, hüquq vəzifələri "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nda, "Təhsil haqqında”, "Gənclər siyasəti haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında, “Ümumtəhsi məktəblərinin Nümunəvi Nizamnaməsi”ndə, digər hüquqi və normativ sənədlərdə əksini tapıb. Amma burada ayrıca qəbul saatları ilə bağlı qeyd olunmayıb:

“Məktəb direktorunun vəzifə funksiyası ilə əlaqədar  qarşılıqlı əməkdaşlığı məktəbin valideyn komitəsi, Pedaqoji Şurası, Metodik Şurası, yerli icra strukturları, yerli özünü idarə orqanları ilə ölkə qanunvericiliyi və məktəb Nizamnaməsinə uyğun olaraq ümumi rəhbırliyi həyata keçirirmək, məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin etməklə lazımi effekt verə bilər.

Amma hər sıradan məsələyə görə məhz məktəb direktoruna müraciət etmək, onun daha vacib sayıla biləcək idarəetmə işlərindən diqqətini yayındırmaq da məqbul sayılmaz. Bunun üçün məktəb direktorunun müvafiq sahələr üzrə müavinləri, sinif rəhbəri və digər sahəvi işçilər var. Məktəblərdə təşkil olunan açıq qapı günləri və valideyn iclaslarından da tribuna kimi istifadə oluna bilər. Əks təqdirdə yuxarı idarəetmə orqanlarına müraciət etmək imkanları da istisnalıq təşkil etmir.

İnsanlararası canlı ünsiyyəti heç bir texniki vasitə, heç bir yüksək texnologiya əvəz edə bilməz. Məktəb ailə, müəllim valideyn əməkdaşlığı, onlar arasında qarşılıqlı anlaşma nə qədər yüksək səviyyədə qurularsa, təhsilimiz bundan bir o qədər çox  qazanar. Məktəb direktorunun liderlik səriştəsinin bir şərti də valideyn müraciətlərinə ciddi yanaşmasındadır”.

“Məktəb direktoru cəmiyyətə açıq olmalıdır”

“Direktorların ictimaiyyətə açıq olması üçün hansı tədbirlər görülməlidir?” sualını isə ekspert belə cavablayıb:

“Öncə dövlət ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iddiaçının direktorun əmək funksiyalarını, hüquq və vəzifələrini nə dərəcədə bilməsinin üzə çıxarılmasına xüsusi diqqət yetirilməlidir. İş prosesində ifrat inzibatçılığı ilə əlaqədar daxil olan ərizə və şikayətlər çiddi araşdırılmalı, qanunvericiliyə müvafiq inzibati tədbirlər görülməlidir.

Məktəb direktoru cəmiyyətə açıq olmalıdır. Bu, onun kollektivdə və icmada böyük nüfuz sahibi olmasının başlıca şərtidir”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları