Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-17 15:00:00
DİM məmurlar üçün seminar keçirir

Seminarda Azərbaycanın dövlət orqanlarında daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin nümayəndələri iştirak edir

AzEdu.az xəbər verir kki, Dövlət İmtahan Mərkəzi bu gün Avropa İttifaqı (Aİ) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşəbbüsü olan SIGMA(Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində həyata keçirdiyi “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı birgə layihə çərçivəsində seminar keçirir.

Seminarda Azərbaycanın dövlət orqanlarında daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin nümayəndələri iştirak edir.

Tədbiri giriş sözü ilə açan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qonaqları salamlamış, SIGMA ilə uğurlu əməkdaşlıq əlaqələrindən danışmışdır. Sədr bildirmişdir ki, “2007-ci ildə qəbul edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” ilə nəzərdə tutulmuş tədbirlər çərçivəsində dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyəti təkmilləşdirilmiş, insanların bu qurumlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılmış və onların qərar qəbuletmə prosesinin operativliyi artırılmışdır. Ümumiyyətlə daxili nəzarət qurumlarını dövlət orqanların səmərəli fəaliyyətində, dövlət qulluqçularının etik davranışında, korrupsiya hüquqpozmalarının qarşısının alınmasında və vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsində ən vacib struktur bölmələrdən biri hesab etmək olar”.

M.Abbaszadə ölkəmizdə müasir tələblərə uyğun yeni idarəetmə sisteminin formalaşdırılmasının daxili nəzarət qurumlarının da qarşısında yeni vəzifələr qoyduğunu, daxili nəzarət qurumlarının artıq nəzarət funksiyalarından daha çox keyfiyyətin idarə edilməsi ilə bağlı vəzifələri icra etməli və bu istiqamətdə inkişaf etməli olduğunu bildirmişdir.

SIGMA proqramının ekspertləri Kaido Paabusk və Dorota Rosinska Azərbaycanda SIGMA alətinin hüquqi çərçivə, dövlət qulluğu və ədliyyə, maliyyə nəzarəti, xarici audit və dövlət satınalmaları sahələrində tətbiq edildiyini qeyd etmişlər. SIGMA ekspertləri bu layihənin daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümid etdiklərini bildirmiş və DİM ilə birgə layihələrin gələcəkdə də davam etdirilməsi istiqamətində danışıqların aparıldığını qeyd etmişlər.

Tədbirdə SIGMA ekspertləri tərəfindən Avropa İttifaqının üzv ölkələrində, o cümlədən Polşanın dövlət qurumlarında daxili nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrin fəaliyyəti barədə beynəlxalq təcrübə təqdim edilmiş və daxili nəzarət sisteminin alətləri, risklərin idarə edilməsi, vahid nəzarət funksiyası, nəzarət fəaliyyətində insan resurslarının rolu, Aİ-də daxili nəzarət, Aİ ölkələrində nəzarət və audit funksiyaları barədə məlumat verilmişdir.

Tədbir iştirakçıları ilə SIGMA ekspertləri arasında fəal müzakirələr aparılmış, Azərbaycanın dövlət qurumlarında daxili nəzarət sistemində mövcud olan problemlər müzakirə olunmuş, sistemin daha da təkmilləşdirilməsi üçün təkliflər səsləndirilmişdir.

Qeyd edək ki, SIGMA proqramı əsasən Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilir. 1992-ci ildə təsis edildikdən sonra SIGMA çeviklik və tələbyönümlülük prinsipinə əsaslanaraq ölkələrə idarəetmə və inzibati sistemlərin yaradılmasında köməklik göstərir. SIGMA-nın əsas vəzifələrindən biri benefisiar ölkənin müraciətinə uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində dəstək göstərməkdir.