Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-14 09:12:00
Cəmi 5 şagirdlə işə başlayan, 200-dən çox alim yetirən tarixi məktəb –Direktordan açıqlama

Azərbaycan təhsil həyatında silinməz izləri ilə yadda qalan bir çox məktəblər olub. Onlardan biri də Ağdam rayon 1 saylı orta məktəbdir.

AzEdu.az məktəbin dünəni və bu günü haqqında hazırladığı yazını təqdim edir:

Şanlı məktəbin tarix səlnaməsi

Ağdam rayon 1 nömrəli orta məktəb 1883-cü ildə dövrün tanınmış ziyalısı Əsgər bəy Eyvazov tərəfindən Muradbəylidə Əbdül Zamanovun mənzilində açılıb. Qori  Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirən Əsgər bəy Eyvazovun açdığı və cəmi 5 nəfər şagirdi olan bu məktəbdə dərslər rus dilində keçirilirdi.

Təhsil müəssisəsinin yaradılmasının əsas məqsədi həm idarəçiliyə yerli kadrların cəlb edilməsi, digər tərəfdən çarizm ideologiyasının təbliği, həm də XIX əsrin 60-70-ci illərində dünyəvi elmlərin tədris edilməsi tələbi ilə bağlı idi. 

Əbdül Zamanov mənzildəki qısa müddətli fəaliyyətdən sonra  məktəbi rayon Xalq Maarif şöbəsinin yerləşdirdiyi binanın arxa tərəfindəki evə köçürür. Həmin binanın sahibi Əkbər Mirzə idi. Bu vaxt məktəbin direktoru Qazax rayonundan olan  Əhməd bəy Abbasov idi.

Abbas bəy 20 il (1909-1929) məktəbin direktoru olub.O, çalışdığı illərdə ibtidai məktəbi iki sinifli mütərəqqi məktəbə çevirmiş, təhsil müddətini beş ilə qaldırmışdı.Həmçinin, o, məktəbi yeddiillik, sonra isə orta məktəb səviyyəsinə çatdırıb.

1916-1917- ci illərdə Rusiyadakı inqilab abu-havası Azərbaycana da təsirsiz qalmır. Ölkəmizdə mütərəqqi ideyalar boğulur, xalq maarifinə və məktəbə qarşı bir-birinin ardınca təqiblər başlanır. Bu vəziyyətdən ruhanilər sui-istifadə edərək Qarabağın ilk mütərəqqi məktəbini müvəqqəti olsa da, bağlatdırmağa nail olurlar. Nəticədə  şagirdlər  sənədlərini  əldə edə bilmirlər. Onlardan bir neçəsi, o cümlədən maarifpərvər Əli İbrahimov Qori Seminariyasına oxumağa gedir.

Azərbaycan Xalq Cümhuriyyəti illərində məktəb fəaliyyətini yenidən bərpa edir, sovet hakimiyyəti qurulduqdan sonra məktəb yeni strukturla açılır.

1948-1949-cu dərs ilinə qədər şəhər 1 nömrəli orta məktəb şəhər tədris istehsalat kombinatının binasında yerləşir. Sonralar məktəb sonuncu fəaliyyət göstərdiyi binaya köçürülür və o zamandan Qarabağın ən qədim məktəbi kimi fəaliyyət göstərir.

Məktəb sonradan  direktor  Çimnaz Kərimovanın təşkilatçılığı ilə  Bərdə rayonunda bərpa edildi. Çox ağır şəraitdə  olsa da, 27 il bundan əvvəl məktəb köçkün şagirdlərə öz qucağını açdı.

Direktor Çimnaz xanım AzEdu.az-a açıqlamasında məktəbin işğaldan sonrakı vəziyyəti haqqında fikirlərini bildirib:

“2013-cü ildə  Prezidentin sərəncamı ilə çox gözəl bir məktəb istifadəyə verilib. Məktəbimiz üçmərtəbəli olmaqla, əlverişli şərait ilə təmin olunub. Burada şagirdlərin səmərəli dərs keçməsi üçün bütün avadanlıqlar mövcuddur. Otaqlarımız  rahat, istilik sistemi isə yerindədir.

Çalışırıq ki, Ağdam məktəbinin qədim ənənələrini davam etdirək. Məzunlarımızın nəticələri olduqca ürəkaçandır. Onların sırasında Azərbaycan Diplomatik Akademiyasında və digər təhsil müəssisələrində oxuyan məzunlarımız var.

Bir nömrəli məktəb Ağdam rayonunun gözü olub. Mən  əvvəlcə burada Azad Komsomol təşkilatının üzvü kimi çalışmışam, sonra isə müəllim fəaliyyətinə başlamışam.

Keçmiş direktorlarımız öz sözünü deyən insanlar olublar.Bu il məktəbimizin 140 illik yubileyi tamam olur.

Məktəbimizin uzun illər davam edən ənənələrini çalışırıq ki, davam etdirək. Milli qəhrəman Allahverdi Bağırov məktəbimizin məzunu olub. Adilə Namazova, Cəmil Quliyev kimi şəxslərdə məktəbimizin məzunlarıdır.Ölkəmizin çox sayılıb-seçilən alimləri məktəbimizin məzunları olublar.

Hazırda məktəbimiz öz işini uğurla davam etdirir. 54 müəllim, 350 şagird olmaqla böyük bir kollektivə sahibik. Şagirdlərimiz Ədəbiyyat Bilicilərində yer tutublar.Bu ildə şagirdlərimizdən böyük ümidlərimiz var. Hər şey çox yaxşıdır, lakin Ağdamsız darıxırıq. Bu misgil bizim ürəyimizdə hələ də qalmaqdadır.Ümid edirik ki, yaxın illərdə öz doğma torpaqlarımıza qayıdacaq və orada məktəbimizi yenidən quracağıq”.

Qeyd edək ki, məktəbin məzunları arasında 200-dən çox elmlər namizədi, elmlər doktoru və professor var. Akademik Cəmil Quliyev, dünya çapında tanınan məşhur alim, professor Rafiq Əliyev, Azərbaycan SSR Elmlər Akademiyasının muxbir üzvü, geologiya-mineraligiya elmləri doktoru Xudu Məmmədov, keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü , akademik, tibb elmləri doktoru Adilə Namazova, tibb elmləri doktoru, akademik Dilqəm Tağıyev, biologiya elmləri doktoru Tofiq Mikayılov, fəlsəfə elmləri doktoru Cahid Quliyev, mərhum yazıçı, jurnalist, Ağdamla bağlı bir neçə kitabin müəllifi Surxay Əlibəyli və onlarla başqa elm xadimi məhz bu məktəbin məzunlarıdır.

Ağdamın işğalınadək məktəbin məzunlarından 35 nəfəri həmin məktəbdə fəaliyyət göstərib. Bu müdavimlərdən X.Mustafayeva, E.Cəfərova, N.Məmmədova və başqaları öz peşəsinə dərindən yiyələnən, savadlı və qayğıkeş müəllimlər sayılırdı. Məktəbin dərs hissə müdiri Ənvər Nəsibov, təşkilatçı Asif Abbasov, qabaqcıl maarif xadimlərindən olan təcrübəli müəllimlərdən N.Quliyeva, Q.Şirinova, Ə.Məmmədova və başqaları nəinki məktəbdə, eləcə də rayonda tanınmış pedaqoqlardan sayılırdı.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları