Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-13 09:10:00
 “Hansı orta, ali məktəblər daha yaxşıdır?” – Qubad İbadoğlundan nazirliyə təklif  

 


Hazırda ABŞ universitetində dərs deyən iqtisadçı ekspert Qubad İbadoğlu orta təhsil müəssisələri ilə bağlı maraqlı təkliflə çıxış edib.

AzEdu.az xəbər verir ki, o, AR Təhsil Nazirliyinə orta məktəblərin reytinqinin aparılması ilə bağlı təklif verib:

 “Hansı orta, ali məktəblər daha yaxşıdır?

 Hansı orta, ali məktəb daha yaxşıdır, hansı ixtisasi seçməli, hansı peşəni öyrənməli sualları ilə tez-tez qarşılaşırıq.

 Mənə də çoxlu sayda bu və digər suallar ünvanlananda, çalışıram ki, cavabsız buraxmayım. Amma istinadlarım yalnız müşahidələrə və təcrübəyə əsaslanır. Belə sualları cavablandırmağın ən asan yolu məktəblər və universitetlər arasında fərqi nümayiş etdirən reytinq cədvəllərinin tərtibi ola bilər. Azərbaycanda belə reytinqlər tərtib olunmadığından valideynlər və abituriyentlər seçim qarşısında qalanda qərarlarını öz müşahidələri və başqalarının subyektiv rəyləri əsasında verirlər.

 Odur ki, Təhsil Nazirliyinə təklif edərdim ki, ölkədə fəaliyyət göstərən bütün (səhv etmirəmsə onların sayı 4500 ətrafındadır) dövlət məktəblərinin respublika və rayonlar üzrə reytinqinin qurulması layihəsini reallaşdırsın.


İbtidati, orta və tam orta məktəblərin reytinq sıralaması digər ölkələrdə çoxdan tərtib edilir. Azərbaycanda bu işi görmək çox da böyük resurs tələb etmir. Ən başlıcası reytinq metodologiyası əsaslı olmalı və gerçək informasiyalara istinad edilməlidir. Bu zaman müəllim/şagird nisbəti, 1 sinif otağına düşən şagirdlərin sayı, buraxılış imtahanlarından əla, yaxşı, kafi, qeyri-kafi qiymət alanların cəmi imtahanda iştirak edənlərdə xüsusi çəkisi, məzun olanların sayında 1-ci ildə və sonrakı illərdə universitetlərə qəbul olanların payı, universitetə 200-300 balla, 300-400 balla, 400-500 balla, 500-600 balla, 600-650, 650-700 balla qəbul olanların cəmi qəbul olanlarda xüsusi çəkisi, xaricdə təhsil üçün müraciət edən abituriyentlərin İELTS/TOEFL/SAT imtahanlarında əldə etdiyi nəticələr də qiymətləndirmə indikatorları kimi istifadə oluna bilər.

Hesab edirəm ki, belə bir metodologiya əsasında reytinq cədvəlini qarışıq və ya ayrıca olaraq dövlət və özəl məktəblər arasında ibtidai, natamam orta və tam orta səviyyələrdə, rayonlar və respublika, eləcə də azərbaycan və rus bölmələri üzrə tətrtib etmək məktəblər arasında sağlam rəqabətə və təcrübə mübadiləsinə xidmət edə, eləcə də valideynlərə və şagirdlərə də istiqamət verə bilər.

Bu təklifi Təhsil Nazirliyi ilə yanaşı, ekspertlərin də müzakirəsinə təqdim edirəm.

Yeri gəlmişkən, sizcə Azərbaycanda ən yaxşı məktəblər hansıdır? Bizim ailənin təcrübəsində Türkiyə Dəyanət Vəqfi (TDV) Bakı Türk Liseyi ölkə üzrə 1 nömrədir.