Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-17 12:55:00
Nazirin təklifi fikir ayrılığı yaratdı - Olimpiada qaliblərinə hansı güzəştlər edilməlidir?

Təhsil Nazirliyi olimpiada qalibləri ilə bağlı yeni təkliflər hazırlayıb. Bu barədə danışan təhsil naziri Ceyhun Bayramov deyib ki, hazırda dünya  fənn olimpiada qalibləri müvafiq ixtisaslara müsabiqədən kənar qəbul oluna bilirlər. Şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiada qaliblərinin isə qəbul olduqları fənn üzrə ali məktəblərə müsabiqədən kənar qəbul olunması onlar üçün stimullaşdırıcı rol oynaya bilər. Bəs təhsil mütəxəssisləri bununla bağlı nə fikirdədirlər?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilov  bu təklifi təqdirəlayiq hesab etdiyini deyib:

“Təhsil nazirinin bu haqda açıqlaması nəinki təqdir edilməli, hətta alqışlanmalıdır. Hesab edirəm ki, belə bir addımın reallaşdırılması təkcə şagirdləri, valideynləri deyil, bütün təhsil ictimaiyyətini sevindirəcək, məktəbli yeniyetmə və gənclərin elmə, təhsilə marağını, daha da yüksəldəcək. Eyni zamanda məktəbə və müəllimə olan inamı, etimadı yüksəldəcək, olimpiadalara marağı daha da stimullaşdıracaq, ən başlıcası isə ali məktəblərə qəbul olunanların say artımına da təsirsiz ötüşməyəcək”.

Ekspert həm də olimpiadaçıların buraxılış sənədinin rəng tonlarında fərqləndirici dəyişikliyin edilməsini təklif edib:

“Hər bir məktəblinin ən böyük arzusu seçdiyi ixtisas üzrə ali məktəbə daxil olmaqdır. Bu mənada beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaçılarının isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinın özü belə ilkin olaraq ən böyük üstünlükdür. Digər tərəfdən onların medal və hədiyyələrlə təltif olunması, bu təltiflərin təntənəli mərasim şəraitində respublikanın ən tanınmış ziyalıları tərəfindən onlara təqdim olunması, ölkə ictimaiyyəti tərəfindən tanınması da qürurverici hiss olub, onların qalib kimi üstünlük göstəricisidir. Əlbəttə, tanınma və fərqlənmə nişanı olaraq şagirdlərin hansı fənn üzrə qalib olduqları barədə attestatlarında hər hansı bir konkrt qeydin aparılması və ya buraxılış sənədinin rəng tonlarında fərqləndirici dəyişikliyin edilməsi onların nailiyyətinə verilən ayrıca bir qiymət olardı”.

Təhsil eksperti Kamran Əsədov isə bu qanunun müəyyən fərqlərlə artıq 9 ildir ki, tətbiq olunduğunu bildirib:

“2009-cu ildə Azərbaycan Respublikası təhsil haqqında qanunu qəbul edilib. “Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, dünya  fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Yəni bu təklif ölkədə 9 ildir ki, tətbiq edilir və hər il böyük sayda insan bu hüquqdan istifadə edir. Təkcə keçən il, 2017-ci ildə "Ali məktəblərə müsabiqədən kənar qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə 54 nəfər müraciət etmişdi. Onlardan 7-si musiqi sahəsi üzrə, 47-si isə idman sahəsi üzrə idi. Hətta onlara 2015- ci il üçün də rəsmi məlumatı çatdırım. 2015-ci ildə  62-nin sənədi qəbul edilib. Həmin abituriyentlərin 60-ı idman yarışlarının qalibləri, 1-i incəsənət müsabiqəsinin, 1-i isə riyaziyyat fənni üzrə dünya fənn olimpiadasinin qalibi idi. Amma burada bir fərq var: nazir təklif edir ki, yerli olimpiada qalibləri də təyin edilsin”.

O, bu təklifi düzgün hesb etmədiyini bildirib:

“Bu, əlbəttə ki, düzgün deyil. Azərbaycanda Təhsil Nazirliyi tərəfindən həyata keçirilən olimpiadalar dünya standartlarına cavab vermir. Təqdim edilmiş test tapşırıqları, suallar standartlara cavab vermir. Bundan əlavə isə təhsil haqqında qanun yerli olimpiadanın nəticələri əsasında qəbulu həyata keçirmir. Yerli olimpiadanın təşkili, yoxlanması problem şəraitində həyata keçirilir. Bəzi hallarda yerli turlar da haqsızlıq olur. Hətta bu il, 2018-ci ildə keçirilən olimpiadanın suallarında ciddi qüsurlar var idi. Tərtib edilmiş test tapşırıqları şagirdlərin heç bir bacarığını yoxlamağa imkan vermir. Ali məktəblərə qəbul aparmaq üçün bu kimi vasitələrə əl atmaq lazım deyil. Ondansa qəbul imtahanları sadələşdirmək lazımdır. Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarının heç birinin sualları beynəlxalq standartlara uyğun şəkildə tərtib olunmayıb. Burda deyir ki, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə qəbul ola bilər”.

Onun sözlərinə görə bu təklif rus və ingilis bölməsində təhsil alan şagirdlərin hüquqlarını pozur:

“Kimsə kimya üzrə qalib olsa, gedib hüquq təhsili ala bilər? Bu həm də digər fənlərə qarşı haqsızlıqdır. Çünki orta məktəbdə tədris olunan bütün fənlər üzrə respublika olimpiadası keçirilmir. Beynəlxalq olimpiada fənləri isə daha məhduddur. Ancaq texniki fənlər üzrə beynəlxalq olimpiadalar var. Bu humanitar fənlərə qarşı haqsızlıqdır. Təhsil nazirinin təklif etdiyi yenilikdə hüquqları pozulan təkcə olimpiada aparılmayan fənlər deyil, eyni zamanda rus və ingilis bölməsində təhsil alan şagirdlərdir. Bildiyiniz kimi olimpiadalar ancaq Azərbaycan bölməsi üçün həyata keçirilir. Rus və digər bölmələrin şagirdləri isə burda iştirak edə bilmirlər.

Nazirlik ali təhsilin əlçatımlılığı üçün bundan əvvəl də təklif irəli sürmüşdü. Belə ki, 2016-cı ildə keçmiş Təhsil Naziri Mikayıl Cabbarov da ali məktəblərdə hazırlıq qruplarının açılması ilə bağlı təklif irəli sürmüşdü. Hətta bununla bağlı ciddi hazırlıqların getdiyi də bildirilmişdi. Lakin bu da təklif olaraq ortada qaldı. Bu tipli nazirliyin çoxlu sayda təklifləri var ki, sonda yalnız ictimai müzakirə səviyyəsində qalıb. Hesab edirəm ki, nazirlik təhsildə əsaslandırılmış təkliflərlə çıxış etməli, ciddi struktur islahatlarına getməlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları