Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-12 14:38:00
Nişanlısına mahnı səsləndirmək üçün pianino çalmağı öyrənən böyük şahmatçı – Vüqar Həşimovun anım günü 

11 yanvar  Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandasının sabiq üzvü, üçqat ölkə çempionu, sağlığında  dünyanın reytinq sıralamasında ön mövqelərdə qərarlaşan Vüqar Həşimovun vəfatı  günüdür.  

AzEdu.az xəbər verir ki, Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranan münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 

“Gedişi təkrarla, səni udmayacağam” 

Bu sözləri Vüqar Həşimovla bağlı xatirələrindən danışan qrossmeyster Şəhriyar Məmmədyarov deyib. O, məşhur şahmatçını belə xatırlayır: 

"Mənim 9 yaşım var idi. 8 yaşlı Vüqarla Şəkidə turnirdə qarşılaşırdıq. Şahmata təzə başlamışdım. Həşimov isə artıq yeniyetmələr arasında Avropa və dünya çempionatının mükafatçısı idi. Yəni məni asanlıqla məğlub edə bilərdi. Oyundan əvvəl dedi ki, gəl heç-heçə oynayaq. Mən təəccübləndim. Axı bilərəkdən necə heç-heçə etmək olar? Vüqar qayıtdı ki, hansı gedişi oynasam, təkrarla. Başladıq, bütün gedişləri təkrarlayandan sonra gördüm ki, artıq uduzuram. Bir gedişi də təkrar etsəm, məğlub oluram. Vüqarı kənara çəkərək soruşdum ki, uduzuram. Yəni həmin gedişdən sonra mat edə bilər. Vüqar məni inandırdı. "Gedişi təkrarla, səni udmayacağam" dedi. Nəticədə partiya heç-heçə ilə başa çatdı. Oyundan sonra atası Qasım müəllim oğlunun qalib gəlmədiyinə görə bərk əsəbiləşmişdi. Həmin partiyadan sonra birgə dondurma yedik. Onun haqqında saatlarla danışa bilərəm. Vüqar gözəl dost, güclü şahmatçı idi. O, həmişə qəlbimizdədir". 

Vüqar Həşimov ölümcül xəstəliyə tutulanda Elizabet V. adlı qadınla nişanlı idi.

Elizabet nişanlısından danışarkən onu nə qədər çox sevdiyini dilə gətirməkdən çəkinmir: 

“Vüqar mənim nə zamansa qarşılaşdığım ən gözəl insanlardan biridir. Bizim güclü emosional sevgimiz tez bir vaxtda böyük sevgiyə çevrildi. Biz təkcə cütlük yox, həm də yaxşı dost idik. Bu gün şahmat haqqında bildiklərim çox cüzidir – yalnız şahmatın əsas qaydalarını bilirəm, şahmat bizim münasibətlərimizdə heç bir rol oynamırdı. Lakin Vüqarın xidmətləri onun idmanın bu növündə şübhəsiz istedada malik olduğunu göstərirdi”, - deyə, Elizabet danışır.

“Mən şahmatdan baş çıxarmadığım üçün Vüqarın digər müsbət cəhətlərinə diqqət yetirirdim və deyim ki, onun həmin cəhətləri oyuna olan istedadından da çox idi. Vüqar sakit insan idi, özündən daha çox başqalarının qayğısına qalırdı. O, gözəl, yumşaq yumor hissinə malik, xeyirxah insan idi. Hesab edirdi ki, yalnız təbəssüm insanları xoşbəxt edə bilər. Vüqar geniş maraqlar dairəsinə malik bir şəxs idi: o, şeir yazır, həyat haqqında fəlsəfi fikirlər yürütməyi xoşlayır, saatlarla musiqi dinləyir, mahnıların mətnlərini tərcümə edir, lətifələr danışır və hətta öz kompüterində tennis və futbol oynayırdı”.

  Elizabet Vüqarın xəstəliyi ilə necə mübarizə aparmasından danışıb:

 “Residiv diaqnozunun qoyulması və baş beyində bədxassəli şişin aşkarlanmasından bir neçə həftə əvvəl o, çoxdankı arzusunu yerinə yetirdi – fortepianoda ifa etməyi öyrəndi. Həmin vaxtdan bir neçə dəfə mənim üçün “River flows in you” pyesini ifa etmişdi. Sevdiyim şəxsin təhlükəli diaqnozu barədə öyrənəndən sonra sevincim kədərə çevrildi. Yalnız onun döyüş ruhu və nikbinliyi mənə dəstək olurdu. Hətta Vüqar üçün mənəvi və fiziki baxımdan daha çətin olanda belə, o, söykənməyim üçün çiynini mənə verirdi.

Mən, Almaniyadakı xəstəxanaya getməli olduğumuz günü yaxşı xatırlayıram – Vüqar gülümsəyirdi. Bir neçə gün intensiv terapiyadan sonra palataya qayıtdıqda, Vüqar yenə də gülümsəyirdi. Vüqarın bir insan kimi mahiyyətini məhz belə təsəvvür etmək olar: yumor, həyat gücü, açıqlıq. Bütün bunlar daim yaddaşımda qalacaq”.

“Vüqar, mən heç kimi sənin qədər sevməmişdim. Mənimlə fədakarcasına paylaşdığın saysız-hesabsız gözəl anlara görə çox sağ ol. Sən daim mənim ürəyimdə olacaqsan, yolumda atdığım hər bir addımı müşayiət edəcəksən və sənin haqqında xatirələr mənim gündəlik həyatımı bəzəyəcək, məni daha möhkəm edəcəklər. Çox sağ ol!”.

Qeyd edək ki, 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub. O, həmin gün III Fəxri Xiyabanda dəfn edilib.

2014-cü ilin aprel ayında, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri təşkil edilib. Turnirdə Maqnus Karlsen, Fabiano Karuana, Şəhriyar Məmmədyarov, Teymour Rəcəbov, Sergey Karyakin, Hikaru Nakamura, Etiyen Bakrot, Vang Hao, Rauf Məmmmədov, Qədir Hüseynov, Pavel Elcanov, Rodoslav Voytaşek, Aleksander Motilev, Eltac Səfərrli, Nicat Abbasov və Vasif Durarbəyli kimi şahmatçılar iştirak ediblər.

Növbəti illərdə də bu turnir keçirilməyə davam edib.

24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.

2016-cı ildə Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.