Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 18:30:00
Bu gimnaziya olimpiadalara xüsusi metod və ağırlıqla hazırlaşır-FOTOLAR

 

“S.C.Pişəvəri adına Respublika Humanitar fənlər gimnaziyasında olimpiadaya hazırlıqlar  sürətlə davam edir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının riyaziyyat müəllimi və olimpiada rəhbəri Umud Babaşov deyib.

O, sözlərində gimnaziya şagirdlərinin respublika və beynəlxalq olimpiadalara geniş şəkildə hazırlandıqlarını qeyd edib:

“Gimnaziyada gündəlik olaraq 5-6 saat olimpiadaya hazırlıq dərsləri həyata keçirilir. Müəllimlərimiz olimpiada prosesinə çox məsuliyyətlə yanaşırlar. Direktor İlqar Talıbov bu məsələyə xüsusi diqqət yetirir. Təlim-tərbiyə işləri üzrə müdir müavini Leyla Hacıyeva  şagirdlərin hazırlığı prosesinə ciddi nəzarət edir. Olimpiadaya isə özüm şəxsən rəhbərlik edirəm”.

Umud Babaşov olimpiadalar haqqında da məlumat verib:

“Respublika fənn olimpiadaları ümumtəhsil müəssisələrinin IX-XI  sinif şagirdləri arasında keçirilir. Rayon turu, Respublika mərhələsinin yarımfinal və final turu olmaqla 3 mərhələdən ibarətdir. Riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənn üzrə keçirilir. Burada yalnız yuxarı sinif şagirdləri iştirak etsə də, xüsusi istedada malik aşağı sinif şagirdlərinin də iştirak etmələrinə icazə verilir.

Beynəlxalq olimpiadalar bir qədər qarışıq sturuktura malik olub, hansı ölkədə yaranması və hansı fənn üzrə keçirilməsinə görə müxtəlif növlərə bölünür. Çoxlarına mürəkkəb görünən bu sturuktur isə əslində çox sadədir.

Riyaziyyat üzrə keçirilən beynəlxalq olimpiadalar IMO – Beynəlxalq Riyaziyyat Olimpiadası, BMO-Balkan Riyaziyyat Olimpiadası, IZHO- Jautıkov Riyaziyyat Olimpiadası, EGMO-Avropa Qızlar Riyaziyyat Olimpiadası, JBMO-Yeniyetmələrin Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası olmaqla bölünür. Yəni, ölkəni beynəlxalq arenada riyaziyyat üzrə təmsil etmək istəyənlər bu olimpiadalarda iştirak etməlidirlər”.

O, riyaziyyat olimpiadaları haqqında fikirlərini bölüşüb:

“Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO - İnternational mathematics olympiad) məktəblilər arasında keçirilən ən qədim bilik yarışıdır. İlk dəfə 1959-cu ildə Ruminiyada  4 ölkənin iştirakı ilə keçirilən olimpiadada son illər 100-dən çox ölkə iştirak edib.  Bu olimpiada hər il fərqli ölkədə olmaqla iyulda keçirilir.

Beynəlxalq Riyaziyyat olimpiadasında hər ölkə 1 rəhbər, 1 müavin və maksimum 6 şagirdlə iştirak edir. Qaydalara görə, yaşı 20-dən çox olmayan istənilən məktəblilər bu bilik yarışında iştirak edə bilər.

Olimpiada zamanı şagirdlərə iki fərqli gün hərəsində 3 sual olmaqla 6 tapşırıq təqdim edilir. Sualların həlli üçün şagirdlərə 4 saat 30 dəqiqə zaman verilir. 6 suala bu qədər vaxt verilməsini nəzərə alsaq, sualların nə dərəcədə çətin olması və məntiqi təfəkkürə əsaslanması aydın olar. Olimpiadanın rəsmi dili ingiliscə olsa da,  rəhbərlərin tərcümə etdiyi tapşırıqlar iştirakçılara ana dilində təqdim olunur. 

 Olimpiadada iştirak edən şagirdlərin ən çoxu yarısı mükafatlandırılır.  Qaliblər  I,II,III dərəcəli diplom və müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları