Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-17 09:40:00
Azərbaycanın təhsil tarixində izi qalmış qadın  
Cümhuriyyət  dövründə (1918-1920-ci illər)  Azərbaycanda məktəb-tədris işinin təşkilində və onun  yayılmasında müəyyən rolu və xidməti olmuş  maarifpərvər qadın, Xalq Maarif Nazirliyinin orta məktəb şöbəsinin müdiri Aynülhəyat Yusifbəylinin  həyat  və fəaliyyəti haqqında bəzi qeydlər.
 
Cümhuriyyət dövründə Azərbaycan Respublikasında təhsil və məktəb-tədris işlərinin dövrün tələblərinə uyğun olaraq təşkil edilməsində, məktəb islahatlarının aparılmasında və qadınların təhsilə cəlb edilməsi işində  yaxından iştirak  etmiş maarifpərvər qadınlardan biri də riyaziyyat və fizika müəlliməsi, ev mürəbbiyəsi,  Azərbaycan Respublikası Xalq  Maarif Nazirliyinin  orta məktəb şöbəsinin müdiri Aynülhəyat Yusifbəyova olmuşdur.  Azərbaycan Respublikasının Dövlət  Arxivi və Dövlət Tarix Arxinin müvafiq  fondlarında saxlanılan sənəd materiallarından və digər mənbələrdən istifadə edərək  Azərbaycanın təhsil tarixində izi qalmış Aynülhəyat Yusifbəyovanın  həyat  və fəaliyyəti haqqında bəzi qeydlər adlı hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə  çatdırıram.
 
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin " Qafqaz təhsil idarəsi qəyyumunun  dəftərxanası” fondunda digər sənəd materialları ilə yanaşı  maarifpərvər qadın Aynülhəyat Yusifbəyovanın xidməti haqqında şəxsi işi və 28 noyabrın 1916-cı il və 27 may 1918-ci il  tarixlərində tərtib edilmiş  formulyar siyahılar qayğı ilə qorunub saxlanılır. Həmin mənbələrdəki məlumatlara əsasən Aynülhəyat Yusifbəyova 1887-ci il mayın 30-da Rusiyanın  Penza şəhərində dünyaya gəlmiş  və  müsəlman dininə mənsub olmuşdur. Onun qızlıq soyadı Baişeva, mənşəcə isə Kazan tatarlarındandır. Aynülhəyat Baişeva 1916-cı il mayın 21-də Yelizavetpol zədəganı Nəsib bəy Yusifbəyovla nigaha girmiş  və həyatının sonrakı  illərində görkəmli  ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk  Xalq Maarif Naziri, IV və V hökumət kabinetinin sədri Nəsib bəy Yusifbəylinin  xanımı olaraq  onun soyadını  daşımışdır. Yeri  gəlmişkən xatırladırıq ki, N.b.Yusifbəyovun ilk həyat yoldaşı görkəmli ictimai-siyasi xadim, jurnalist, "Tərcuman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının qızı Şəfiqə xanım olmuşdur. Filologiya elmləri doktoru N.Qəhrəmanlı və filoloq,tarixçi,publisist Ə. Tahirzadənin N. Yusifbəylinin həyat və fəaliyyətinə dair əsərlərində qeyd edilir ki, N.b.Yusifbəyli  Şəfiqə xanımla hələ 1903-cü ildə Baxçasarayda "Tərcuman” qəzetinin 20 illik yubileyində tanış olaraq nişanlanmış, 1906-cı ilin yayında isə ailə həyatı qurmuşdur. Nəsib bəyin bu evlilikdən Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlmişdir. N.b.Yusifbəyli  1906-cı ildən 1912-ci ilədək Baxçasarayda yaşayaraq "Tərcuman” qəzetində çalışmışdır.Lakin bir müddət sonra səbəbi indiyə qədər bəlli olmayan bir ailə ixtilafı ucbatından 1916-cı ildə Nəsib bəylə Şəfiqə xanımın həyat yolları ayrılmış və Şəfiqə xanım uşaqlarını götürərək Krıma qayıtmışdır. N.b.Yusifbəyli  1916-cı il mayın 21-də Aynülhəyat Baişeva ilə nigah bağlayaraq ailə  həyatı qurmuşdu. Şəfiqə xanım Qaspiralı isə ömrünün sonunadək Nəsib bəyə və övladlarına sadiq qalaraq yenidən ailə həyatı qurmamışdır.. 
 
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin müvafiq fondunda saxlanılan Yelizavetpol Müqəddəs Nina qızlar məktəbinin riyaziyyat müəlliməsi Aynülhəyat Yusifbəyovanın (qızlıq soyadı Baişeva) xidməti haqqında formulyar siyahıda qeyd olunmuş məlumatlara əsasən qeyd edirik ki, Aynülhəyat xanım  ümumi təhsilini Penza II qadın gimnaziyasında almış və  həmin gimnaziyanı 1905-cı il iyunun 11-də qızıl medalla bitirmişdir. Aynülhəyat  Yusifbəyova Penza II qadın gimnaziyasını bitirdikdən sonra təhsilini Balaşov qadın gimnaziyasının əlavə VIII sinif kursunda davam etdirmiş və həmin kursu 1906-cı il mayın 29-da bitirərək riyaziyyat üzrə ev mürəbbiyəsi vəzifəsinə hüquq əldə etmişdir. Aynülhəyat Yusifbəyova həyatı boyu təhsilə yüksək qiymət vermiş və daim özünün elm və təhsilini artırmağa  çalışmışdır. Onun keçdiyi həyat yolu bu fikri bir daha təsdiq edir. Belə ki, Aynülhəyat xanım Penza II qadın gimnaziyasını, daha sonra isə Balaşov qadın gimnaziyasının əlavə VIII sinif kursunu bitirdikdən sonra 1909 -1910-cu tədris ilində Petroqrad ali qadın kurslarının fizika-riyaziyyat  bölməsinin sırf riyaziyyat və astronomiya üzrə elmi kurslarını müvəffəqiyyətlə bitirmişdir. Petroqrad ali qadın kurslarının professorlar şurası tərəfindən 1910-cu il oktyabrın 5-də Aynulhəyat xanıma 3574/216 № li şəhadətnamə verilmişdir. Xarkov tədris dairəsi qəyyumunun 15 sentyabr 1910-cu il  tarixli 20120 №li təklifi ilə Aynülhəyat Yusifbəyovaya icazə  verilmişdi ki,  müvəqqəti olaraq 1910-cu il  sentyabrın 1-dən etibarən  Saransk  qadın gimnaziyasının yuxarı siniflərində  riyaziyyat, hesab və fizikanın metodikası üzrə dərsləri tədris etsin.
 
1911-ci il noyabrın 30-da Aynülhəyat  Yusifbəyovaya Xarkov tədris dairəsi  qəyyumu tərəfindən riyaziyyat fənni üzrə ev mürəbbiyəsi adının verildiyini təsdiq edən 27160№li şəhadətnamə təqdim edilmişdir. Xarkov tədris dairəsi qəyyumunun 17 yanvar 1912-ci il tarixli 1372№li təklifi ilə  Aynülhəyat xanım Saransk qadın qimnaziyasında riyaziyyat müəlliməsi vəzifəsinə təsdiq  olunmuş, bir  qədər sonra isə Xarkov tədris dairəsi  qəyyumunun 23 avqust 1912-ci il tarixli 19704№li təklifi ilə onun avqustun 1-dən etibarən  əlavə olaraq V sinfin paralel bölməsində də riyaziyyatdan dərs deməsinə  icazə verilmişdir. Qafqaz tədris idarəsi rəisinin 20 oktyabr 1912-ci il tarixli /teleqrafla/ və 25 oktyabr 1912-ci il tarixli 24398№ li sərəncamlarına uyğun olaraq  Aynulhəyat xanım 1912-ci il oktyabrın 20- dən etibarən Yelizavetpol müqəddəs Nina qadın məktəbinə riyaziyyat və fizika müəlliməsi vəzifəsinə təyin edilərək Yelizavetpol şəhərinə köçməli olmuşdur. Qafqaz tədris dairəsi qəyyumunun 31dekabr 1915-ci il tarixli  32702№li sərəncamı ilə Aynülhəyat Yusifbəyovanın Saransk  şəhərindən Yelizavetpol şəhərinə köçməsi üçün biryarım tonluq iki atlı çaparxananın icarəsinə 168 rubl 90 qəpik pul ayrılmışdır.
 
 "Qadın gimnaziya və progimnaziyaları haqqında” Rusiya imperiyasının qanun  külliyatına dəyişikliklərin edilməsi haqqında  3 iyul 1916-cı il tarixli Qanuna və Xalq Maarif Departamentinin 30 sentyabr 1916-cı il tarixli 10219№li  sərəncamına uyğun olaraq Qafqaz Tədris Dairəsinin Qəyyumu və Dairə  müfəttişi tərəfindən Aynülhəyat Yusifbəyovanın  qadın orta məktəblərində riyaziyyat fənnini  tədris etməsinə icazə verilmişdir. 
 
XX əsrin əvvəllərində Rusiya imperiyasının bir  çox ucqarlarında olduğu kimi Azərbaycanda da milli  azadlıq hərəkatı, xalqı cəhalətdən və qəflətdən xilas etmək, geriliyin və savadsızlığın  aradan qaldırılması uğrunda mübarizə genişləndi.  Azərbaycanın mütərərəqqi ziyalıları və ictimai-siyasi xadimlərinin əzmkarlığı sayəsində yaradılmış müxtəlif mədəni-maarif və xeyriyyə cəmiyyətləri, nəşr edilən qəzet və jurnallar öz fəaliyyətlərində xalqın  savadlandırılması və maarifləndirilməsi, eləcə də milli məktəblərin yaradılması məsələlərini ön cərgəyə çəkdilər. Çar Rusiyasının xalq təhsili sistemində azərbaycanlı şagirdlərin  Azərbaycan dilində təhsil almaq imkanlarının məhdud çərçivədə saxlanılması  xalq arasında savadsızlığın və geriliyin aradan qaldırılması işini olduqca ləngitmişdir. Həmin dövrdə ümumtəhsil məsələləri qabaqcıl ictimaiyyətin  təzyiqi ilə müzakirə edilsə də, təhsil idarələrində, dövlət dumasında dəstəklənmir, onun həlli üçün lazımı tədbirlər həyata keçirilmirdi.
 
1917-ci ilin fevralında Rusiyada baş vermiş fevral inqilabı qələbə ilə başa çatdıqdan sonra çar II Nikolay taxt-tacı tərk etdiyi haqqında 1917-ci il martın 2-də manifest  imzalamağa məcbur oldu. 1917-ci il martın 3-də Rusiyada yaradılmış müvəqqəti  hökumətin  qərarı ilə Cənubi Qafqazda mülki hakimiyyət regionun əsas  millətlərini IV Dövlət Dumasında təmsil etmiş deputatlardan ibarət olan Xüsusi Zaqafqaziya Komitəsinə - (ОЗАКОМА)-a verildi. Qafqaz tədris dairəsinin idarə edilməsi üzrə komissariyatın 11 oktyabr  1917-ci il tarixli 29035 №-li məruzəsi əsasında Xüsusi Zaqafqaziya Komitəsinin icazəsi ilə Aynülhəyat Yusifbəyovaya hər hansı bir sınaqdan keçmədən orta məktəblərdə riyaziyyat müəlliməsi vəzifəsində işləmək hüququ verildi.
 
Rusiyada mərkəzi hakimiyyət 1917-ci il oktyabrın 25-də bolşeviklər tərəfindən ələ  keçirildikdən sonra mərkəzlə ucqar regionlar arasındakı əlaqələr demək olar ki,  kəsildi.1917-ci il noyabrın 15-də J.P.Qeqeçkorinin başçılığı ilə bu ərazidə yaşayan üç xalqın (Azərbaycan, gürcü və  erməni) nümayəndələrindən ibarət Zaqafqaziya Komissarlığı adı altında yeni hökumət yaradıldı və bununla da  Xüsusi Zaqafqaziya  Komitəsinin  fəaliyyətinə  son  qoyuldu.Yeni yaradılmış Zaqafqaziya Komissarlığında F.X.Xoyski maarif nazirliyinə rəhbərlik edirdi.Yeri gəlmişkən qeyd edirik ki, Cənubi Qafqazın tədris müəssisələrində milli  fənlərin tədris  olunması istiqamətində ilk addımlar Zaqafqaziya Komissarlığı tərəfindən atılmışdır.Belə ki, Zaqafqaziya  Komissarlığı tərəfindən 1918-ci il yanvarın 29-da Zaqafqaziyanın orta və ali-təhsil  məktəblərində milli fənlərin tədris edilməsi haqqında 12 maddədən ibarət Qanun  təsdiq  edilmişdir. Qanunda qeyd edilirdi ki, Zaqafqaziyanın orta və ali-ibtidai  məktəblərində  burada yaşayan xalqların milli fənlərinin tədris olunması tətbiq edilir. Milli fənlər dedikdə isə milli ədəbi dildə olan ana dili və ədəbiyyatı, millətin tarixi, milli coğrafiya, müsəlmanlar üçün isə əlavə olaraq şəriət dərslərinin tədris edilməsi üçün  ayrıca müəllimlərin dəvət olunması nəzərdə tutulurdu. Həmin qanuna əsasən orta və ali-ibtidai  məktəblərdə Zaqafqaziya xalqlarının milli fənlərinin tədris edilməsi üçün ştata daxil edilmiş müəllim vəzifələrinin  təsis edilməsi, milli fənləri tədris edən müəllimlərin maaşlarının həmin  məktəbdə əsas fənlərdən dərs deyən müəllimlərin maaşlarına bərabər tutulması və dövlət qulluğunda verilən hüquqların  həmin müəllimlərə də şamil edilməsi  nəzərdə  tutulurdu. 
 
Rusiyanın gələcək ictimai-siyasi  inkişaf yolunun müəyyən edilməsi məqsədilə Petroqradda çağırılmış Müəssislər Məclisi  1918-ci ilin yanvarında bolşeviklər tərəfindən  qovulduqdan sonra fevralın 23-də Tiflisdə Zaqafqaziyanın qanunvericilik orqanı olan  Zaqafqaziya Seymi çağırıldı.1918-ci il aprelin 9 (22)-da Seymin qərarı ilə Zaqafqaziya  Demokratik Federativ Respublika elan edildi.  A.Çxenkelinin başçılığı ilə  yaradılmış  hökumətin tərkibində N.b.Yusifbəyli- maarif naziri vəzifəsinə təyin edilmişdir. 1918-ci il mayın 11-16-da təşkil olunmuş Batum konfransında Gürcüstan Almaniya nümayəndələrinin təzyiqi  altında ZDFR-dən çıxmağı qərara aldı.Gürcüstan Zaqafqaziya Seyminin 1918-ci il mayın 26-da keçirilmiş son iclasında müstəqilliyini elan edərək ZDFR-i tərk etdi.Tarixi mənbələr təsdiq edir ki, Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri də erməni tərəfinin əsassız olaraq həm Azərbaycana, həm də Gürcüstana qarşı ərazi iddialarının irəli sürməsi olmuşdur.
 
1918-ci il mayın 28-dəTiflis şəhərində Azərbaycan Milli Şurası xalqımızın azadlıq hərəkatının yekunu kimi Azərbaycanın Müstəqil Dövlət elan olunması haqqında qərar (İstiqlal Bəyannaməsi)-ni qəbul etdi. Azərbaycan xalqı özünün çoxəsrlik tarixində  müstəqil dövlətini yaratdı, ictimai-siyasi quruluşun müvafiq modelini qurdu. Milli Şuranın 28 may 1918-ci il tarixi iclasında F.X. Xoyskinin təqdim etdiyi I müvəqqəti hökumətin tərkibi təsdiq edildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) hökumət böhranları ilə əlaqədar olaraq biri-digərini əvəz etmiş 5 hökumət kabinetləri təşkil edilmişdir. I-III hökumət kabinetləri Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən biri F.X.Xoyskinin (28.05.1918-17.03.1919), IV-V hökumət kabineti isə N.b.Yusifbəylinin (14.04.1919-30.03.1920)  sədrliyi ilə yaradılmışdır. F.X.Xoyskinin sədrlik etdiyi І-ІІІ hökumət kabinetlərinin tərkibində N.b.Yusifbəyli ardıcıl olaraq: I müvəqqəti hökumətin tərkibində-Maliyyə və Xalq maarif naziri(28.05.1918); II müvəqqəti hökumətin tərkibində Maarif və dini etiqadlar naziri (17.06.1918-06.10.1918);1918-ci il oktyabrın 6-da II hökumət kabinetində edilən kabinet daxili dəyişikliklərdən sonra Xalq maarifi və ərzaq naziri (06.10.1918-07.12.1918);  III hökumət kabinetində isə Maarif və dini etiqadlar naziri vəzifələrinə təyin edilmişdir.
  
Yarandığı ilk gündən etibarən Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirdi. Çünki,əvvəlki dövrlərdə xalqın oyanmaqda olan milli mənlik və siyasi şüurunun qarşısını almaqdan ötrü çarizm xalq maarifi işini uzun müddət məhdud çərçivədə saxlamış, həmçinin təhsilin əsasən rus dilində aparılması, milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllərın törədilməsi ilk növbədə müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdur. Xalq Maarif Naziri N.b.Yusifbəylinin1918-ci ilin dekabrında Bakı Qubernatoruna ünvanladığı məktubda da qeyd edilirdi: "1917-ci il çevrilişinədək Rusiya hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, xalqın maarifləndirilməsi işinə çox az qayğı göstərirdi. Ölkədəki məktəblərin vəziyyəti olduqca acınacaqlı idi. Xalq məktəbləri özünün dözümlüyü baxımından dövlət orqanizmindəki "sağalmaz yaranı" xatırladırdı. Çar hökuməti bununla barışmağa  məcbur idi və eyni zamanda məktəbləri məhdud çərçivədə saxlamaqdan ötrü müxtəlif tədbirlər həyata  keçirirdi. Xalq maarifinin daşıyıcıları olan xalq müəllimləri çar hökuməti tərəfindən müxtəlif təhqir və  təqiblərə məruz qalırdılar. Həmin hökumətin ucbatından hazırda Azərbaycanın bütün ərazisi boyu məktəblərə böyük ehtiyac duyulur və indi Nazirlik bütün qüvvəsini yeni məktəblərin, müəllim kurslarının və s.açılmasına yönəldərək mümkün qədər qısa bir müddətdə ölkədə maarif və təhsil işini lazımi səviyyədə qurmağa çalışır. Çünki, indiki zamanda yalnız savadlı xalqın sərbəst yaşamağa hüququ və  imkanı  vardır”.
 
 Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyi tərəfindən təhsil sisteminin dağılmasının qarşısının alınması və onun kö­kün­dən dəyişdirilərək milli manefələrə uyğun yenidən qurulması, məktəb isla­hatlarının aparılması və tədris-tərbiyə işlərinin milli köklər üzərində yenidən qurulması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlandı. Həmin tədbirlərin həyata keçirilməsində onlarca digər təcrübəli pedaqoqlar və təhsil işçiləri  kimi Aynülhəyat  Yusifbəyova da yaxından iştirak  etmişdir. Yeri gəlmişkən qeyd edirik ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1919-cu il  avqustun 6-da keçirilmiş  iclasında orta məktəblərin idarə edilməsi şöbəsinə rəisin təyin edilməsi  haqqında  Xalq Maarif  Nazirinin məruzəsi dinlənilmiş və qərara alınmışdır ki, Xalq Maarif  Nazirliyinin  orta məktəblərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsinə  Bakı Müqəddəs Nina qadın tədris müəssisəsinin müəlliməsi Aynulhəyat Yusifbəyova təyin edilsin. Tarixi mənbələr təsdiq edir ki, Aynulhəyat Yusifbəyova 06.08.1919-cu ildən 09.02. 1920-ci ilədək, təxminən 6 aydan bir qədər artıq müddətdə Xalq Maarif  Nazirliyinin orta   məktəblərin idarə edilməsi  şöbəsinin rəisi vəzifəsini layıqincə yerinə yetirmişdir. Arxiv materialları və həmin dövrün mətbuatı  araşdırılarkən  Aynulhəyat Yusifbəyovanın Hökumətin 9 fevral 1919-cu il tarixli qərarı ilə Xalq Maarif  Nazirliyinin orta məktəblərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsindən azad edilməsi və həmin vəzifəyə F.Rzabəyovun  təyin edildiyi haqqında məlumat əldə edilmişdir..   
 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəbul etdiyi bir sıra qərarlardan , o cümlədən  Azərbaycan dilinin dövlət dili  qəbul  edilməsi (27.06.18.); Xalq Maarif Nazirliyinin  dəftərxanasının ştatının  tərtib edilməsi(30.06.18.); Türkiyədən müəllimlərin dəvət olunması və dərsliklərin gətirilməsi(22.07.18.);Məktəblərin milliləşdirilməsi, Xalq məktəbləri müfəttişliyinin təsis edilməsi(24.08.18) Tədris müəssisələrində dövlət dili olan Azərbaycan dilinin məcburi tədris olunması(28.08.18); haqqında qəbul edilmiş  qərarlardan sonra məktəb   islahatının  zəruriliyi məsələsi gündəliyə  çıxmışdır. Məktəb  islahatının  məqsədi - ölkədə  məktəb-tədris  işini  yeni  şəraitə  uyğunlaşdırmaq, onu milli dövlətçilik ideyaları və mənafelərinə yaxınlaşdırmaq, yeni  nəsli  milli - tərbiyə üzərində yetişdirməkdən ibarət  idi. Məktəb islahatı ilə bağlı əsaslı məsələləri  hərtərəflı  müzakirə  etmək  və  lazımi  təkliflər  hazırlayaraq  Hökumətə  təqdim  etmək  məqsədi ilə 1919-cu il avqustun 20-də Bakı  real  məktəbinin  akt  zalında  Azərbaycan  müəllimlərinin  II qurultayının  təntənəli  açılışı oldu. Qurultayda Respublikanın bütün bölgələrindən olan məktəblərin nümayəndələri iştirak etdiyi barədə 22 avqust 1919-cu il tarixli 177№li "Azərbaycan” qə­ze­tində (rus dilində – R.S.) məlumat verilmişdir. Həmin qurultayda iştirak et­mək üçün məhşur müsəlman pedaqoqu və ədibi Mirzə Cəlal Yusifzadənin  də Şu­şa­dan  Bakıya  gəlmişdir. Məktəb islahatı məsələsi ilə  əlaqədar  Xalq Maarif Naziri R.Kaplanov və orta məktəblər üzrə bölməin müdiri  Yusifbəyovanın imzası ilə orta məktəblərin müdirlərinə göndərilmiş 23 avqust  1919-cu il tarixli 7226№li təmimi məktubda qeyd  edilirdi:” Respublikanın mədəni,  etnoqrafiq xüsusiiyyətlərinə  və dövrün tələblərinə uyğun olaraq Respublikada   orta  təhsilin  qoyuluşu  işində  islahatların  aparılması vaxtının artıq çoxdan çatdığını nəzərə  alaraq sizə təklif  edirəm  ki,bu məsələni tabeçiliyinizdə olan məktəbin  pedaqoji şuralarında  müzakirəyə  çıxarasınız  və  hərtərəfli  müzakirədən  sonra  məsələ  ilə  bağlı  öz  fikirlərinizi  sentyabrın  5-dən  gec  olmayaraq  təqdim  edəsiniz.Yaxşı  olardı  ki, orta  məktəb  kurslarından hansı fənlərin çıxarılmasının, hansının  isə  daxil ediilməsinin  mümkünlüyü  və proqramlarda hansı dəyişikliklərin edilməli olduğu  barədə və  s. məsələlərə  aydılıq    gətirilsin.”  
 
 Qurultayda qəbul edilmiş qərarlardan biri də Xalq Maarif Nazirliyinə təqdim etdilmiş təkliflər əsasında təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərsliklərin nəşri üzrə komissiyaların yaradılması olmuşdur. Azərbaycan Xalq Maarif Nazirliyinin orta məktəblər şöbəsinin rəisi Aynülhəyat Yusifbəyova dövrün qabaqcıl təhsil xadimləri və pedaqoqlarına - H.b.Şahtaxtinski,N.b, N.Şahsuvarov, A.b.Əmirov, F.b.Rzabəyov, S.Qəniyev, A.b.Əfəndiyev, Sərimə xanım Yaqubova, Sara xanım Xuramoviç, A.Pepinov,Xədicə xanım Ağayeva, M.Şahtaxtlı, C.Orucəliyev, C. Vəkilova müraciət edərək onları məktəb islahatları və məktəblərin milliləşdirilməsi və məktəb islahatı üzrə yaradılmış xüsusi komissiyaların işində iştirak etməyi xahiş etmişdir.
 
Məktəblərin milliləşdirilməsi ilə bağlı orta məktəblərdə bir sıra fənlərin mahiyyətinin və həcminin dəyişdirilməsi haqqında 1919-cu il dekabrın 2-də Xalq Maarif Naziri  R.b.Kaplanov və  orta  məktəblər üzrə şöbənin müdiri A . Yusifbəyova tərəfindən imzalanaraq orta məktəb direktorlarına göndərilmiş 13918№li təmimi məktubda qeyd edilirdi:”Rus orta məktəblərində tədris proqramlarının və onun ruhunun müasir həyatın tələblərinə cavab vermədiyi hələ inqilabdan əvvəlki illərdə, yəni ümumavropa müharibəsi və rus inqilabı  dövründə aydın surətdə meydana çıxmışdır. Bəzi fənlərin, -tarix və coğrafiya kurslarının tərtib olunduğu təməllər tamamilə iflasa uğradığı üçün həmin fənlərin əvvəlki qaydada tədris olunmasının qeyri-mümkün olduğu üzə çıxmışdır. Məsələn, milli müstəqillik ideyasının həyata keçirilməsinin mümkün olduğu Azərbaycan ərazisində rus dövlət quruluşunu Azərbaycan dövlət quruluşu əvəz etmişdir və şübhəsiz ki, artıq məktəblərin köhnə, inqilabdan əvvəlki simasının saxlaya bilməsi mümkün deyildir. Orta məktəblərin yuxarıda qeyd olunan yeni dövlətin ruhuna uyğun kökündən dəyişdirilməsi zəruridir. Buna məktəblərin milliləşdirilməsini həyata keçirməklə nail olmaq mümkündür. Bu ideyanı həyata keçirərkən biz əsasən iki amillə: tədris dili və məktəbdə şagirdlərin mənimsəməli olduqları materialların dəyişdirilməsi ilə məşğul olurduq. Belə ki,Azərbaycan dövlətçiliyi prinsipindən çıxış edərək məktəblərin dərs kurslarına bir sıra yeni fənlər-türk dili, türk tarixi və coğrafiyasını daxil edillməli, köhnə məktəbdən qalmış və  tədris ruhunun azərbaycan məktəbində yolverilməz və əlavə  ağır bir yük kimi sayılan fənlərin - rus tarixi,rus coğrafiyası və ədəbiyyatının həcmini və mahiyyətini dəyişdirməli oluruq. Onu da qeyd etməliyik ki, dövlətlərin qarşılıqlı siyasi və iqtisadi münasibətlərini kökündən dəyişmiş cahan müharibəsindən sonra coğrafiya və tarix fənlərinin mütləqiyyətin ruhunda tədris edilməsi qeyri-mümkündür və onun kökündən dəyişdirilməsinə ehtiyac vardır.Ədəbiyyatın tədrisində mövcud olan nöqsanlar da çoxdandır ki, hiss edilir.Belə ki, nə yeni rus ədəbiyyatı, nədə ki, yalnız öz müxtəlifliyi ilə yeniyetmələrin dünya görüşünün inkişaf etdirilməsində zəngin material verə biləcək  geniş qərbi avropa ədəbiyyatı orta məktəblərdə indiyə qədər öz yerini tutmamışdır və orada yalnız birtərəfli olaraq qədim və orta rus ədəbiyyatının yadigarları mənimsənilir. 
 
Yuxarıda qeyd olunanlara əsaslanaraq göstərilən istiqamətdə məktəb islahatlarının aparılmasını Nazirlik özünün başlıca vəzifəsi hesab edir. Lakin bu vəzifənin tam şəkildə həll edilməsi məsələnin təfərrüatı ilə müzakirə olunmasını tələb edir ki,bunun da yerinə yetirilməsini Nazirlik gələn  tədris ilinin əvvəlindən tez qeyri-mümkün hesab edir və hazırki tədris ilində qismən dəyişiklik etməyi planlaşdırır ki, bu da xalq maarif nazirliyinin sonuncu təmimnamələrində öz əksini tapmışdır. Həmin təmimnamələrə uyğun olaraq rus tarixi və coğrafiyası ayrıca fənn kimi ləğv edilir,rus ədəbiyyatı kursu isə qısaldılır”...
 
Azərbaycan Hökumətı və Xalq Maarif Na­zir­liyi tərəfindən  Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpa edil­məsi və onun dövlət dili elan olunması, məktəb-tədris işinin milli  mənafelərə uy­ğun yenidən qurulması, doğma ana dilimizin ölkənin təhsil, təlim-tərbiyə dilinə çev­ril­məsi, ana dilində tədris proqramlarının və dərsliklərin hazırlanması sahəsində mü­hüm tədbirlər həyata keçirildi. Həyata keçirilmiş həmin tədbirlər nəticəsində Azərbaycan  dilinin  müstəmləkəçilik  dövründə  itirilmiş  mövqelərini  bərpa  etmiş, dövlət  dili statusunu qazanmış, ölkənin  tədris, təlim-tərbiyə  dilinə  çevrilmişdir. Anadilli  məktəblər  şəbəkəsinin  yaradılmasını, maarif  və  mədəniyyət  sahəsində  milliləşmə  tədbirlərinın  həyata  keçirilməsini, ümumi, ali, orta  ixtisas, hərbi təhsilin təşkilini, eləcə də müsəlman azərbaycanlı  uşaqların öz doğma Azərbaycan dilində və milli  müəllim və pedaqoqlar tərəfindən tərtib edilmiş dərsliklər əsasında təhsil almaq imkanını əldə etməsini, gənclərin təhsil almaq üçün dövlət hesabına xarici  ölkələrə  göndərilməsini böyük nailiyyət  hesab  etmək mümkündür. Bu  naliyyətlərin  əldə  olunmasında  Azərbaycan  Respublikası  Hökuməti  və  Parlamenti  ilə  yanaşı  Xalq  Maarif  Nazirliyi  və  ona  rəhbərlik  etmiş  şəxslərin- F.X. Xoyski, N.b.Yusifbəyli, H.b.Şahtaxtinski, R.b. Kaplanov, N.Şahsuvarov, C.Hacinski, A.b.Əmirov, F.b.Rzabəyov Ş. Əfəndizadə, A. Yusifbəyova, R.Hacıbababəyova və başqa tanınmış müəllim və pedaqoqların xidmətləri  danılmazdır. Hazırki dövrdə yetişməkdə  olan  nəsil  xalqımızın  çoxəsrlik  zəngin  tarixini, habelə onun  ayrılmaz  tərkib  hissəsi  olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixini,   həmin  dövrün  məktəb  və  pedaqoji  fikir  tarixini dərindən öyrənərək  elmi-pedaqoji biliklərini artırmalıdırlar.  Azərbaycanın zəngin təhsil tarixi həqiqətən də fəxr edə biləcəyimiz nailiyyətlərlə zəngindir.  Ölkəmizdə məktəb-tədris quruculuğunda  rolu və xidməti olmuş maarif fədailəri  xalqımız tərəfindən heç vaxt unudulmur, daim böyük hörmət və ehtiramla yad edilir. (Kaspi) 
 
Rafiq Səfərov,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Baş məsləhətçisi