Universtitetlərdə artıq qış imtahan sessiyalarına start verilib.
Bu prosesin əsas iştirakçıları olan tələbələri imtahanlarla bağlı ən çox hansı məsələlər narahat edir?
Onlar imtahanlarda nəyin dəyişdirilməsini istəyirlər?
AzEdu.az bununla bağlı müxtəlif universitelərin tələbələri arasında sorğu keçirib.
Bakı Dövlət Universitetinin III kurs tələbəsi Lətifə Balakişiyeva yazılı imtahanların çatışmayan cəhətlərini vurğulayıb:
“Ümumiyyətlə, yazılı imtahan sistemini dəstəkləmirəm. Hesab edirəm ki, bu üsul testdən daha asan və daha çox savadsızlığa aparır. Yazılı üsul həm imtahana hazırlaşma prosesində, həm də imtahan saatlarında sadəcə tələbənin vaxtını alır. Semestr ərzində heç nə oxumayan tələbə belə, imtahana iki gün qalmış materialı əzbərləyib yaza bilir. Məsələn, belə bir sual verilir: “Osmanlı dövlətinin yaranması”. Tələbə cavab olaraq yaza bilər ki, Konya sultanlığının parçalanması nəticəsində yaranan bəyliklərdən birinin başçısı Osman qazi bəzi əraziləri tutaraq 1299-cu ildə Osmanlı imperiyasını qurdu.
Bundan artıq nəsə yazmaq uzunçuluk etmək və ya başqa suala cavab verməkdir. Amma A4-ə bir cümlə yazsaq, təbii ki vərəq dolmayacaq və müəllim də buna bal yazmayacaq. Ona görə də imtahana hazırlaşarkən əlavə nəsə öyrənməkdən daha çox A4 vərəqlərini doldurmaq arzusu yaranır. Bir vərəqdə uzağı 4-5 cümlə tutarlı olur. Digərləri isə əsas məğzin ətrafında fırlanır və A4-ün boş qalmamasına fokuslanır. Bu, məncə, vaxt itkisi və mənasızlıqdan başqa bir şey deyil.
Həmçinin, imtahanda tələbənin cavablarını müxtəlif müəllimlər yoxladığı üçün onların yazdıqları ballar da bir-birindən fərqlənir. Müəllimlərin eləsi var ki, humanistlik olsun deyə 1-2 bal artıq yazırlar. Bəzilərini isə heç cür qane etmək olmur, həmişə az bal yazmaqları ilə tanınırlar. Yaxud, onların tələbənin cavabından gözləntiləri, üstünlük verdikləri məqamlar da fərqlidir. Yəni normal bal almaq bəxtdən, şansdan asılı olur. İmtahan vərəqi yaxşı müəllimin əlinə düşəndə yaxşı da bal almaq olar.
Sonda onu da qeyd edim ki, zal nəzarətçiləri gərginlik, stress yaradır, neqativ enerji ötürürlər”.
Azərbaycan Texniki Universitetinin II kurs tələbəsi Sübhan Ağalarov semestr imtahanlarından daha çox kollokviumlarda əziyyət çəkdiklərini bildirib:
“Fikrimcə, semestr imtahanlarında heç bir dəyişikliyə ehtiyac yoxdur. Biz imtahanları testlə veririk. İmtahana bir saat vaxt ayrılır. Sual sayı isə fənnin dərs yükündən asılı olaraq dəyişir. Əgər fənnin dərs yükü 30 saatdırsa, 200, 45 saat 250, 60-75 saat 300 test, 90 saat olduqda isə 350 test tapşırığı verilir.
İmtahana hazırlaşmaq üçün də kifayət qədər vaxt ayrılır. İmtahanlar arasında ən azı 3, ən çoxu isə 5-6 gün zaman məsafəsi olur. Onu da qeyd edim ki, bu qayda bizim universitetdə bu semestrdən fəaliyyət göstərir. Əvvəllər testlə yanaşı, yazılı imtahan da var idi. Yazılı imtahanlara iki saat vaxt ayrılırdı. İmtahanda çətinlik çəkirdik. Ola bilsin, yaz semestrində yenidən yazılı imtahanlar bərpa olunsun. Bir şərtlə yazılı imtahan tərəfdarı olaram ki, imtahanı yoxlayan müəllim semestr ərzində fənni tədris edən müəllimin özü olsun. Çünki digər müəllimlərin əksəriyyəti balları çox aşağı yazır. Obyektiv yanaşmırlar. Semestr imtahanlarından əlavə kollokvium imtahanlarında daha çox çətinlik çəkirik. Bütün fənlər üzrə imtahanların hamısı bir gündə keçirilir. Bu 2-3 dəfə keçirilsə, daha yaxşı olar”.
Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsi Mənsumə Əhmədova isə imtahana hazırlaşmaq üçün az vaxt verildiyindən narazıdır.
“İmtahanlara hazırlaşmaq üçün çox az vaxt verirlər. Ən çox vaxtla bağlı əziyyət çəkirik. Bütün fənlər üzrə 700 test tapşırığı və cəmi 3 gün vaxt verilir. Adətən imtahanda bizə verilən tapşırıqlardan əlavə bir neçə sual da əlavə edirlər. Həmin sualları cavablandırmaqda çətinlik yaranır. Fikrimcə, belə suallar əlavə olunmasa və imtahana hazırlaşmaq üçün 4-5 gün vaxt verilsə, heç bir çətinliyimiz olmaz. İmtahanların testlə olmasından çox məmnunuq”.
Bakı Slavyan Universitetinin III kurs tələbəsi Fəxriyyə Sahibli yazılı imtahanların olmasından narazı olduğunu qeyd edib:
“Biz imtahanların test üsulu ilə olmasını istəyərdik. İmtahanların yazılı olmasından əziyyət çəkirik. İmtahanlar arasında çox az müddət versələr də, sual sayı çoxdur. Adətən 90, 120 sual tərtib olunur. Bir-iki fəndən 75-60 sual verilir. Sualların sayından asılı olaraq imtahanlar arasında zaman müddəti nəzərə alınmır. Çox yoruluruq və yaxşı hazırlaşa bilmirik. Amma imtahana hazırlaşmaq üçün materialları asanlıqla tapırıq. Düzü, mən çox vaxt internet vasitəsilə məlumat toplayıram. Amma fənn müəllimləri mühazirə materiallarını semestrin sonunda bizə verirlər. İmtahan balları, adətən, normal yazılır. Amma bu tədris ilindən fakültənin(red: Məktəbəqədər təlim, tərbiyə və ibtidai təhsil) dekanı dəyişdirildi. Bu imtahanların yoxlanılmasına nə dərəcə təsir edəcək bilmirəm. Amma bir yeniliyi qeyd edim ki, fakültədəki dəyişiklikdən sonra kollokviumlar da yazılı imtahan kimi keçirildi və çox az bal yazıldı. İndi isə deyilənə görə fakültədə tamamilə kollokviumlar ləğv olunub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı Eybulla Ağadadaşov imtahanların keçirilməsi prosesindən razıdır, yalnız vaxtla bağla çətinlik çəkdiklərini bildirib:
“Məncə, imtahan prosesində hər şey normaldır. Sadəcə hazırlaşmaq üçün çox az vaxt verirlər. Ən çox əziyyət çəkdiyimiz məsələ vaxtla bağlıdır. Demək olar ki, imtahanlar arasında vaxt vermirlər. Yoxlanılma prosesi, ballar və digər məsələlərdən narazı deyilik. Amma təbii ki, testlə olsaydı, daha yaxşı olardı”.
Azərbaycan Dillər Universitetinin tələbəsi Rəna Nəbizadə də yazılı imtahandan və cavabların gec açıqlanmasından narazıdır:
“Hazırda bizim universitetdə imtahanlar yazılı üsulla keçirilir. İmtahanların test üsulu ilə kompüterlər vasitəsilə keçirilməsini çox istərdik. Elmin, texnologiyanın inkişaf etdiyi dövrdə bir çox universitetlərin əksəriyyətində tələbələr kompüterlə imtahan versə də, bizdə hələ də yazılı imtahan götürülür. Bizim bir çətinliyimiz də cavabların gec açıqlanmasıdır. Bu tələbələrdə stress, gərginlik yaradır. Bilmirik, digər imtahanlara hazırlaşaq, yoxsa cavablarımızı gözləyək. Onu da qeyd edim ki, zal nəzarətçilərinin daha nəzakətli olmalarını istəyərdim. Onlar tələbələri çox tələsdirirlər”.
Bakı Dövlət Universitetinin magistrantı Şükufə Süleymanlı yazılı imtahanların praktiki bacarıq tələb edən fənlərlə uzlaşmadığını bildirib:
“Məlum olduğu kimi, təhsil aldığım universitetdə imtahanlar yazılı şəkildə keçirilir. Lakin yazılı imtahan hər fənnə uyğun deyil. Məsələn, biz jurnalistika fakültəsində sənədli film və montaj kimi dərsləri imtahanda yazılı şəkildə yazırdıq. Amma bu yalnız praktik iş tələb edən fənlərdir və tələbənin yaradıcılığını önə çıxarmalıdır. Bu kimi hallara həm Jurnalistika, həm də digər fakültələrdə də rast gəlirəm. Bunun üçün təklif edərdim ki, hər fənnə uyğun imtahan modeli tətbiq edilsin. Məsələn, tarix fənni, şübhəsiz ki, yazılı şəkildə keçirilməlidir.Amma mülki müdafiə fənni tələbənin praktik bacarıqları əsasında təbiq edilməlidir. Xüsusilə də Jurnalistika fakültəsinin studiyası olduğu halda biz imtahanları yazılı şəkildə verir və praktik bacarıqlarımızı göstərə bilmirik. Bu mənfi hal olmaqla yanaşı, əmək bazarının da tələblərinə uyğun deyil”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi Arifə Ağayeva imtahan vərəqlərinin sayının azlığından və bilet dəyişməyə icazə verilməməsindən narazıdır:
“Kağızlar adi uzun dəftər vərəqləridir. Onlar da geniş nəsə yazmaq olmur. Bəzən elə sual olur ki, onun cavabı dərslikdə 41 səhifədən daha çoxdur. Amma onu qısaldıb yazmaq çətin olur. Bir məsələdə var ki, bizdən yığcam yazmaq tələb olunsa da, müəllimlərin çoxu az yazdığımız suallara elə az bal yazırlar. Bundan əlavə bilet dəyişdirməmək də problemdir. Tələbə robot deyil, onun da bilmədiyi, yaxud oxumağa çatdırmadığı mövzular ola bilər. 90 və daha çox bir neçə gün ərzində oxumaq da elə asan deyil. Ona görə də bilet dəyişdirməyə icazə verilsə, bu bir növ tələbə üçün də şans olar”.
Ayşə MÜSEYİB