Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 16:25:00
İtaliyalı qonaqlar AzMİU-da olublar

İtaliyanın Milan Texniki Universitetinin professorları Silviya Piardi və Giovanni Conti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar.

AZMİU-dan AzEdu.az-a bildirilib ki, İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massarinin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, tədris işləri üzrə prorektoru Akif Qasımov, memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak ediblər.

AzMİU-nun rektoru bu görüşün reallaşmasına görə İtaliyanın ölkəmizdəki səfirinə təşəkkürünü bildirib. O qeyd edib ki, İtaliyanın ölkəmizdəki səfirliyi və Azərbaycanda fəaliyyət göstərən italyan şirkətləri ilə işgüzar münasibətlər qurulub, hər il “İtaliya Dizaynı Günü” məhz AzMİU-da keçirilir. Əlaqələrin daha da genişlənməsində bugünkü görüşün rolunu qeyd edən rektor deyib: “İtalyan dizaynı bütün dünyada məşhurdur, bu sahə sizdə çox inkişaf edib. Sizi bura dəvət etməkdə məqsədimiz məhz sizin köməyinizlə universitetimizdəki dizayn ixtisasını modernləşdirmək, İtaliya dizayn təhsili formatında yenidən qurmaq, təhsil proqramlarımızı sizin proqramınıza uyğunlaşdırmaqdır. Bu istiqamətdə işlər görüləndən sonra Milan Texniki Universiteti ilə ikili diplom proqramı üzərində işləməyi düşünürük”.

Səfir A.Massari görüş üçün rektora təşəkkürünü bildirib, AzMİU ilə əlaqələrin inkişafında rolu olmasından məmnunluğunu bildirib. Səfir qeyd edib ki, İtaliyada dizayn sektorunda tanınan professorlar AzMİU-da dizayn təhsilinin inkişafı üçün əllərindən gələn köməyi edəcəklər. O, iyulda İtaliya Prezidentinin Azərbaycana səfər edəcəyindən danışıb, bu səfər çərçivəsində təhsil sahəsində də mühüm qərarların veriləcəyini deyib.

İtaliyalı professorlar təmsil etdikləri universitetin tarixindən, fakültə və ixtisaslarından, beynəlxalq əlaqələrindən, tərəfdaşlarından danışıblar. İtaliyalı qonaqlar 165 yaşlı Milan Texniki Universitetində dizayn ixtisasının yüksək səviyyədə inkişaf etdiyini, dünya reytinq cədvəllərində ön sıraları tutduğunu bildiriblər.

Milan Texniki Universiteti haqqında videoçarxın nümayişindən sonra qonaqlar memarlıq fakültəsinə baş çəkiblər, tələbələrlə görüşüblər, dərslərdə iştirak ediblər.