Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 13:48:00
“Bunu etməklə şagirdləri dərsdən  iyrəndiririk” – Müəllimlərin  tətil  ifratçılığı

 

Altıgünlük iş qrafiki ilə çalışan ümumtəhsil müəssisələrində dərslər artıq başlayıb. Digər məktəblərdə isə sabah dərs günü olacaq.

“Şagirdlər tətili necə dəyərləndirdilər?” sualı ətrafında düşündükdə isə ağla ilk gələn müəllimlərin verdiyi tətil tapşırıqları olur. Bəs, bu tapşırıqların tətil müddətində və ondan sonrakı dönəmdə şagirdlərə nə kimi müsbət və mənfi təsirləri var?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Məlahət Mürşüdlü bildirib ki, qısamüddətli tətillərdə şagirdlərə ev  tapşırığının verilməsi, məktəblilərin məcburi şəkildə yüklənməsinin əleyhinədir. Ekspert bunu yolverilməz hesab edir:

“Bu, bayramla müşayiət olunan tətildir. Belə tətildə tapşırıqlar isə formal xarakter daşıyır. Müşahidə edirəm, hələ hər hansı şagirdin  masa arxasında oturub ev tapşırığı ilə məşğul olduğunu görməmişəm. Formalizmdən uzaqlaşmalıyıq. Bu işlər könüllülük prinsipi ilə olmalıdır. Tapşırıqlar valideynin razılığı ilə şagirdin imkanları nəzərə alınaraq verilməlidir. Belə formal xarakterli tədbirlərdən uzaqlaşmaq lazımdır. Xüsusilə də şagirdlərə qarşı. Uzunmüddətli yay tətilində müəyyən tapşırıq verilməsi, bədii kitabların oxunması anlaşılandır. Amma sırf proqram daxilində  tapşırıq verməsi fikrimcə, müəllimin işinin zəifliyindən irəli gəlir. Hesab edirəm ki, yaxşı müəllim  proqram materialını il ərində şagirdlərinə mənimsətməlidir.

Könüllü olaraq əlavə tapşırıqlar verilə bilər. Amma yanvar tətilində bunların formal xarakter daşıdığını düşünürəm. Tapşırıqlar uşaqların psixologiyasına, hislərinə toxunur. Dəfələrlə eşitmişəm, şagird deyir, “yenə niyə tapşırıq veriblər, oxumayacam”.

Dərs başlayanda da müəllimə deyir ki, tətildə valideynimlə filan yerə getdim, tapşırıq etmək imkanım olmadı. Bu, zamanı keçmiş formadır. Artıq bu metoddan uzaqlaşmaq lazımdır. Proqram tədris ili ərzində yerinə yetirilməli, könüllülük prinsipi əsasında əlavə hazırlığa getmək, məşğul olmaq istəyən şagirdə tapşırıq verilməlidir. Bu işlə icbari, məcburi qaydada məşğul olmağın faydası yoxdur. Şagird psixologiyasına mənfi təsir göstərməkdən başqa heç bir nəticəsi olmur”.

Kurikulum təlimçisi Gülər Hüseynova isə qeyd edib ki, şagirdlərə tətil müddətində müəyyən qədər tapşırığın verilməsi təbiidir. Amma bu, ifrat dərəcədə olmamalıdır:

“İstər tətil, istərsə də şənbə və bazar günləri hər insanın dincəlmək hüququ var. Bəzi müəllimlər isə  uşağın bu hüququnu əlindən alırlar. O qədər tapşırıq verirlər ki, uşağın heç dincəlməyə vaxtı olmur. Nəzərə alaq ki, biz də şagird olmuşuq. Uzağı 1 saata ev tapşırığını edib, bitirərdik. Mən özüm də valideynəm, baxıram ki, o qədər fənn keçirlər, hərəsi də evə nə qədər yazı verir. Üstəlik,  şifahi öyrənməli materialları demirəm. Arada uşağı da düşünmək lazımdır. Həm də müəlliməm, lakin uşağı çox yükləmirəm: 5 tapşırığın dördünü sinifdə ediriksə, birini evə verirəm. Tətil günlərində uşaqları çox yükləməyək. Belə etməklə onları dərsdən  iyrəndiririk. Dərsə sevərək yanaşmırlar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları