Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 13:04:00
Dövlət İmtahan Mərkəzi hansı texnoloji yeniliklərdən istifadə edir? - AÇIQLAMA

"Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar zamanı suallara verilən cavabların yoxlanılması iki mərhələ üzrə həyata keçirilir. Birinci mərhələdə məlumatlar kağız daşıyıcıdan elektron formata keçirilir. İkinci mərhələdə isə cavabların doğru-səhv olması yoxlanılır".

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) TED.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd olunub ki, ilk mərhələ 2 tip avadanlıq vasitəsi ilə həyata keçirilir: OMR optik skaner (10000 kağız/saat) və "Canon" skaneri (3000 kağız/saat). 
Hər iki skaner ikiüzlü, rəngli olmaqla öz sinfində ən sürətlilərdəndir. 

Bildirilib ki, ikinci mərhələ isə mütəxəssislərin tərtib etdiyi proqram təminatları vasitəsi ilə həyata keçirilir.

"İstifadə olunan bütün avadanlıqların, o cümlədən sıradan çıxması çox az ehtimal olunan komponentlərin ehtiyat hissələri var. Artıq bu sahədə böyük səriştəmiz olduğu üçün cari təmir işlərini öz mütəxəssislərimiz həyata keçirir", - deyə DİM-dən verilən məlumatda qeyd olunub.  

Bildirilib ki, imtahanın cavablarını hansısa avadanlıq yoxlamır: "Avadanlıq sadəcə kağızdakı məlumatı tələb olunan elektron formata çevirir. Yoxlama isə xüsusi tərtib olunmuş proqram vasitəsilə aparılır. Bu prosesdə müxtəlif mütəxəssislər iştirak edir. Hər bir mütəxəssisin öz proqramı, öz alqoritmi olur. Təbii ki, yanaşmalar müxtəlif olsa da, nəticə eyni olmalıdır. Əgər suala cavab qeyd olunubsa, etalon cavabla eyni olduğu halda doğru, əks halda səhv hesab olunur. Əgər cavab qeyd olunmayıbsa, boş hesab olunur".

Vurğulanıb ki, imtahan verən şəxs tərəfindən cavab kartı doldurulan zaman qaydalara tam əməl olunmalıdır: "Bu halda aparat səhvə yol verə bilməz" . "Cavab kartlarının üzərində doldurulma qaydaları əks olunub. Əslində burada qeyri-adi heç nə yoxdur. Dairələr tam qaralanmalıdır (formada nümunə göstərilir) və qara və ya tünd rəngli qələmdən istifadə olunmalıdır", - deyə DİM-dən bildirilib.

Həmçinin qeyd olunub ki, yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter vasitəsilə yoxlanılır: "Yazı işlərinin yoxlanılması üçün proqram təminatını Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri  hazırlayıblar. Hər bir yazı işi əvvəlcə skan olunur və iki marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən üçüncü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin  şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir. Bundan əlavə, imtahanda abituriyentlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır".