Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 17:29:50
Tanınmış jurnalistin qızı: "Məni 700 baldan sadə bir sual ayırdı"

Ali məktəbə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər mediada xeyli işıqlandırıldı. Amma bir sualla kölgədə qalanlar da az deyil.

Fins.az  saytının rəhbəri, tanınmış jurnalist Əli Əhmədovun qızı Maya Əhmədzadə də üçüncü qrup imtahanlarında 696 bal toplayıb.

AzEdu.az saytı  Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi  Maya Əhmədzadə ilə müsahibəni təqdim edir:

-Müsahibəyə  ənənəvi  sualdan başlayaq: bu balı toplamaq üçün necə hazırlaşdınız?  Gündəlik dərs rejiminiz necə idi?

-Əlbəttə ki, 696 balı toplamaq üçün çox oxumaq lazım idi. 9-cu sinfədək elə də üstünə düşmürdüm, amma son siniflərdə daha  çox oxumağa başladım.

Məktəbimiz də buna çox yaxşı şərait yaratdı. Əlavə heç bir hazırlığa getməmişəm. Müəllimlərimiz bəzən dərsdən sonra da bizimlə məşğul olur, həm də mənəvi dəstək göstərirdilər. Onlar çoxlu əlavə  testlər  işlətsələr də, bununla kifayətlənmir, evdə də özüm çalışırdım. Son bir həftəni səhərdən axşamacan oxuyurdum. Əvvəllər isə ən azı gündə 3-4 saat dərslə məşğul olurdum.

-Bütün günü dərs oxuyurdunuz. Bəs yuxu rejiminizi necə tənzimləyirdiniz?

-Açığı, həmişə bütün günü oxuduğumu deyə bilmərəm. Bu, yalnız son bir həfəyə aiddir. Məktəbimizdə dərs elə yaxşı keçirilmişdi ki, fənlərdən bazam yaxşı idi. Hətta, bəzən yalnız kitabı vərəqləmək mənə kifayət edirdi.

Yuxu rejimim də çox yaxşı olub. Adətən, axşam saat 11-dən gec yatmıram. Həmişə səkkiz saatlıq normal yuxumu alıram.

-Gündəlik dərs rejiminizi izah etdiniz. Bəs, zehni yorğunluğunuzu necə aradan qaldırırdınız?

-Ümumiyyətlə, mən müxtəlif şeylərlə məşğul olmuşam.  11-ci sinfin ortalarında hələ qəbul stresini  çox hiss etmirdim. O zamanlar ingiliscə filmlər izləyirdim. Fransız dili öyrənir, ruscamı təkmilləşdirməyə çalışırdım. Əsasən dil öyrənməklə məşğul olurdum. Musiqiyə də qulaq asırdım. Hətta elmdə də sübut olunub ki, sakit səslə musiqi dinləmək insan beynini dincəldir.

-3 dil biliyiniz var?

Xeyr, fransız dilini öyrənməyə yeni başlamışam.

-Dil öyrənmək, sərbəst danışmaq üçün hansı metodlardan istifadə edirsiniz?

Kitab oxuyuram . Bədii ədəbiyyata xüsusi marağım var. Onu  da deyim ki, bu,  elə ingilis dilinin  sayəsində olub. İngiliscə kitablar oxumaq məndə bədii ədəbiyyata maraq  yaradıb. Dil öyrənən hər kəsə əcnəbi dildə kitablar oxumasını məsləhət görərdim.  Bu həm dümyagörüşünü artırır, həm də dil biliyinin inkişafına kömək edir. Yalnız qrammmatikanı öyrənən adam 3 cümlə quran kimi qrammatik qaydaları düşünür. Amma kitab oxumaq adamda danışıq vərdişi yaradır.

-696 bal toplamısınız. Cavablamadığınız  bir sual hansı fəndən idi?

-Riyaziyyatdan bir sualı cavablaya bilmədim.  Ən sonda  elə  riyaziyyatı yoxladım.  25-ci sualda çaşıb qaldım. Üç bənd vardı. İlk ikisi düz idi. Kiçik bir şeyi diqqətdən qaçırdım. Həmişə yaxşı bildiyim bir düstur qəfil beynimdə qarışdı. Sonuncu, yəni 125-ci sualı yaza bilmədim.

 

-Sizcə, 700 bal toplayanların savadları, yoxsa şansları daha artıq olur? 

-Mən şansa o qədər də inanmıram. Düzdür, bəzən olur ki, kimsə cavabı təsadüfən yazır, amma düz çıxır.  Məncə,  700 toplayanların savadına şübhə ola bilməz.  Oxuyub ki, o balı toplayıb. 700 bal toplayanlardan biri elə mənim sinif yoldaşımdır. Onun necə oxuduğunun şahidi olmuşam. Onların savadına şübhə etməzdim. Sadəcə 696 bal toplamaq bir az şansızlıqdır. Həmin an mən diqqətsizlik etdim.

-Bu diqqətsizliyin səbəbi nə idi? Həyəcanlı idiniz?

-Həyəcanlanırdım, amma müsbət mənada . Mənim hədəfim 700 bal idi. Sualların çox asan olduğunu görəndə çox həyəcanlandım. Sevindim ki, deyəsən 700 bal toplayacam. 

-Məhz, 700 bal toplamaq üçün ikinci dəfə imtahanda iştirak edəcəksiniz?

-Kəsinliklə yox, heç kimə də məsləhət görməzdim. Çünki mən istədiyim fakültəyə düşmüşəm. 700 bal toplamaq mənim seçəcəyim universitet və  fakültədə heç bir rol oynamayacaq. Yəni, bu,  sırf şöhrətdən başqa heç nəyə yaramayacaq. O iki ayı daha lazımlı şeylərə xərcləyə biləcəyimə görə, şöhrət üçün sərf etməyə heyfim gəlir. Bu müddət ərzində daha lazımlı şeylər öyrənib dünyagörüşünü artırmaq olar.

Ümumiyyətlə, artıq  qəbul mərhələsini unutmaq istəyirəm. Çünki buna görə kifayət qədər stress çəkmişəm.  Həm də onsuz da inanmıram ki, kimsə hazırlıqsız gedib 700 bal toplaya bilsin. Balımı 696-dan aşağı salmaq istəmərəm. 

-Ümumiyyətlə,  mediada 700 bal toplayanlarla müsahibələr yayımlanır. Onları çox qabardırlar. Onlarla müqayisədə 696 bal toplayanlara qarşı olan diqqətsizlik sizi narahat etmir?

-Qətiyyən, yox. Çünki mən bilirəm ki, 696 bal toplayanla 700 bal toplayanın biliyi arasında heç bir fərq yoxdur.  Sırf  şöhrət hərisliyi mənə elə də mənalı gəlmir.

-İmtahan sonrası  suallarınızı  yoxlayanda 696  bal toplamağınız aydın oldu. Nə hisslər keçirdiniz? Bir sualı yazmadığınıza görə özünüzü günahlandırmısınız? 

-Düzünü desəm,  696 bal topladığımı öyrənəndə sevinməkdənsə, oturub ağladım. Çox əsəbiləşdim, özümü danladım. İnana bilmirdim. Düşündüm ki, bəlkə də əslində düz yazmışam, sadəcə,  fikrimdə səhv qalıb. Sonda isə qərar aldım ki, əlimdən heç nə gəlmədiyi təqdirdə boşuna özümü üzməyə dəyməz.

-Ətrafınızdakıların reaksiyası necə oldu?

-Hamısı göstərdiyim nəticəyə görə çox sevindi. Xeyli düşünəndən sonra fikirləşdilər ki, 700 olsa daha yaxşı olardı. Məni 700 baldan çox sadə bir sual ayırdı. Tanışlarımdan ikinci imtahana girməyi məsləhət bilənlər də oldu. Amma  mən buna çox kəskin reaksiya göstərdim.

-Sınaq imtahanlarında necə nəticə göstərirdiniz?

-Lisey bizi hər ay DİM tipli suallarla imtahan edirdi. Onlarda ballarım daha yaxşı olurdu. Amma DİM-in keçirdiyi imtahanda 635, 642, 657 bal topladım. Təbii ki, bu, zəif bildiyimdən olmurdu. Sadəcə, bəzən diqqətsizlik edirdim. Bilirdim ki, əsl imtahan deyil. Buna görə də həyəcanım olmurdu. O vaxtlar öyrənməyə üstünlük verirdim. Yəni, məndə “qoy səhv edim,amma öyrənim psixologiyası” var idi.

- Hansı fakültəni seçməyi düşünürsünüz?

-Əlbəttə ki, hüququ. Üçüncü qrupda çox abituriyent sırf  yüksək bal topladığına görə hüququ seçir. Mənimisə  həvəsim əvvəldən elə bu fakültəyə idi. Amma bir az da şöhrətpərəstlikdən, bunu bacaracağımı bildiyimə görə 700 toplamağı da qarşıma məqsəd qoymuşdum.

-Hüququn sırf hansı sahəsi üzrə ixtisaslaşmaq istəyirsiniz?

-Marağım daha çox cinayət hüququnadır.  Amma o sahəni seçəcəyimi düşünmürəm. Bu, sadəcə oxuduğum dedektiv kitabların təsirindəndir.  Mülki hüquqa da marağım var. Əslində, məsələni hələ dəqiqləşdirməmişəm. Gələcəkdə seçim edərkən vəziyyəti bir də götür- qoy edəcəm.

-Yalnız dedektiv kitablar oxuyursunuz?

-Dedektiv, tarixi, dram- hər şey. Romantik romanları çıxmaq şərti ilə hamısını sevirəm.

-Romantik romanları sevməmə səbəbiniz nədir?

-Bilmirəm, nədənsə mənə o janr çox sıxıcı gəlir.

-İmtahandan sonrakı təəssüratlarınız necə idi? Əsas çəyinliyiniz hansı fəndən oldu?

Əminəm ki, hamı bu suala ədəbiyyat deyə cavab verərdi. Bir neçə şübhəli sualım vardı. Ədəbiyyatdan 25 sualı da düz yazdığımı öyrənəndə artıq  əmin oldum ki, 700 bal toplayacam. Riyaziyyatdan hansısa sualı yaza bilməyəcəyim heç ağlıma da gəlməzdi. Digər fənlərin testləri isə elə də çətin deyildi. Təkcə Azərbaycan dilində çaşdırıcı suallar var idi. Tarix, İngilis dili və riyaziyyatın testləri  tamamilə asan idi.

-İmtahan çıxanda yəqinki 700 bal toplayacağınızı düşünürdünüz...

-Bəli, buna çox əmin idim.

-Müqayisə etsək bu balı toplamanızda müəllimlərinizin, yoxsa sizin zəhmətiniz daha çox olub?

-Məncə hər ikisinin rolu çox olub. Çünki mən 9-cu sinifdə dərsimə çox da diqqət etmirdim. Bəzən dərsə qulaq asmırdım. Amma bu ildən müəllimlərimin əməyini daha çox hiss etdim. Müəllimlərimə böyük təşəkkür düşür. Çünki, onların yaratdığı şərait, nizam-initizam mənə xeyli kömək etdi. Amma təbii ki, özüm də çox zəhmət çəkdim. Burada hər şeyin rolu var.

-Hansısa xüsusi istedadınız var?

-Xeyr! Burada o qədər də mükəmməl olduğumu deyə bilmərəm. İstəyəndə rəsm çəkə bilirəm. Amma musiqi alətlərində qəti bacarığım yoxdur. Bir ara rəqsə getsəm də, alınmadı. Gördüm ki, mənlik deyil. Amma bu yay skiripkada ifa etməyi öyrənəcəm. Bunu qarşıma məqsəd qoymuşam.

-Atanız jurnalistdir. Dərslərdən vaxt tapıb medianı, xüsusilə də televiziya verilişlərini izləyirdiniz?

-Yalandan televiziya izlədiyimi deyə bilmərəm. Verilişlərə elə də marağım yoxdur. Televizora yalnız filmləri, bir də atamın iştirak etdiyi  verilişləri  izləmək üçün baxıram. Amma ümumi televiziyaya marağım yoxdur.

-Təhsilinizi Azərbaycanda, ya xaricdə alacaqsınız?

-Təhsilimi Türkiyədə davam etdirmək, magistratura  oxumaq üçün isə Fransaya getmək istəyərəm.  Amma oranın imkanlarını hələ ki, çox da araşdırmamışam. Türkiyədə ya Qalatasaray, ya da İstanbul Universitetinini seçməyi düşünürəm. Çünki Qalatasarayda hüquq fransızca da tədris olunur.

-Təhsilinizi xaricdə davam etdirmək istəyiniz nədən irəli gəlir? Buradakı təhsil sizi qane etmir?

-Açığı, buradakı təhsil məni qətiyyən qane etmir. BDU-da oxuyan bəzi tanışlarımdan eşitmişəm ki, orada qiymət kəsmək, rüşvət halları çox olur. Mən hüquqşünas olacağıma görə, hüquqsuzluq olan yerdə oxumaq istəməzdim.

-Bəs xaricə çıxış imkanlarınız məhdud olsaydı, hüquq fakültəsini hansı Azərbaycan universitetində oxuyardınız?

-Yəqin ki, ya Azərbaycan  Diplomatik Akademiyası, ya da Bakı Dövlət Universitetini seçərdim.

-Belə uğur qazanmaları üçün abituriyentlərə  nə məsləhət görərdiniz? Hazırlıq prosesində nələrə diqqət etsinlər?

-Hazırlıqdan əlavə ilk məsləhət  biləcəyim şey odur ki, qarşılarına məqsəd qoysunlar.  Məsələn, kimdənsə niyə 3-cü qrupu seçdiyini soruşanda cavab verir ki, riyaziyyatı bilmədiyimə görə. Və ya deyirəm hansı fakültəni istəyirsiniz? Deyirlər, “hüququ istəyirəm, balım çatmasa tərcüməni seçəcəm”. Mən belə hallara qarşıyam. İlk növbədə hədəflərini əvvəldən bilmələrini məsləhət görürəm. Bala, fənnə görə qətiyyən qrup seçmək olmaz. Çünki cəmi bir neçə il oxuyacayıq. Amma 65 yaşımızadək işləyəcəyik, sevdiyimiz işlə məşğul olmalıyıq. Qarşına məqsəd qoyandan sonra istənilən balı toplamaq olar. Bizim gənclər savadsız deyil. Baxıram ki, hər il ballar artır. Sadəcə nə istədiklərini bilməlidirlər. Təkcə imtahanda yaxşı bal yığmaq yox, həyatda uğur qazanmaq üçün çalışmalıyıq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları