Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 14:10:00
Şərqin ən güclü  mərkəzləşdirilmiş təhsil cəmiyyəti – Azərbaycan elminin zirvəsi

Təbrizdə “kafir iqamətgahı” adlandırılan, indi isə ancaq dağıntıları qalan bir tikili  məhv edilmiş elm və hikmət haqqında ağı oxuyurdu. Bu icmanın ən son üzvlərindən olan gənc İsmayıl böyük qardaşlarını və müəllimlərini xatırladıqca ağrı içində qovrulurdu. O zaman bu məkanda hamı qardaş sayılırdı. Hətta müəllimlər də tədrisə görə məvacib almağı özlərinə təhqir sayırdılar. “Saflıq qardaşları” sırasında qatılan  şagirdə görə atalarından yazılı sənəd alınırdı. Bu sənədə əsasən şagird mütləq atasının himayəsindən çıxıb, müəlliminin mənəvi övladı olmalı idi. 15 yaşından aşağı heç kəs bu hikmət cəmiyyətinə qəbul olunmurdu. Təşkilatın üzvlərindən  yaşlı nəsillə deyil, müxtəlif elmlərə həvəsli olan, bu dünyanı və axirəti qəbul edən, qiyamət gününə, peyğəmbərin dediklərinə əməl edən, ehtiras və savaşlardan qaçan gənc nəsillə iş görmək tələb edilirdi.

Gənc İsmayıl onu da yaxşı xatırlayırdı ki, “Saflıq qardaşları” cəmiyyətinə qədəm qoyan hər şagirdə müəllimlər öncə bunları deyirdi:“Bütün təbəqə və siniflərdən olan insanlarla təmas qurun. Səbrli olun və insanlara sevgi ilə yanaşın. Onlarla yeməkdəki duz kimi qaynaşın. Ağıllı bir loğman, həkim kimi davran və xəstələri sağalt”.

Bu cümlələr “Saflıq qardaşları”nın özəyi sayılan Bəsrədə təşkilatın yaradıcıları tərəfindən yazılmışdı və xilafət sərhədlərini aşaraq Qafqazda, Anadoluda bütün  gizli ocaqlara yayılmışdı. İsmayıl da ilk olaraq yuxarıdakı cümlələri əzbərləmiş, səhəri gün isə həmən Evklid həndəsəsi öyrənməyə başlamışdı. Çünki bu gizli cəmiyyətin əsas qayəsi şəriət qanunlarından qurtularaq ilahiyə, Ədəbi Həqiqətə qovuşmanın hikmətinə vaqif olmaq idi. O səbəbdən də, məntiqi mühakimənin inkişafı üçün riyaziyyat elmləri ilə fəlsəfəsi birinci növbədə tədris  edirdilər. 

HAŞİYƏ-1: Haqqında danışacağımız gizli elmi cəmiyyət bu gün az qala bütün dünyanın borclu olduğu “Saflıq qardaşları”  birliyidir. Bəzi mənbələrdə “İxfan əs-Səfa” məktəbi kimi təqdim edilən gizli təşkilat dövrün hakimlərindən xəbərsiz fəaliyyət göstərir, ən yaxşı alimləri öz sıralarına qatırdılar. Məktəb X əsrdə qədim elm mərkəzi olan Bəsrədə yaranmışdı. Amma tezliklə sərhədləri aşdı və Azərbaycan torpaqlarını da öz ziyasına bürüdü. Onlar hələ intibah dövründən əvvəl itib-batmaqda olan, misilsiz dəyərə malik antik yunan filosof və alimlərinin əsərlərini axtarıb tapır, onları qoruyur və ən əsası tərcümə edirdilər. Bununla da əsl elm və fəlsəfə bazası olan yunan mətnlərini  xilas edib, hikməti Şərq coğrafiyasında da yayırdılar. Şərqin “yeni platonçuları” adlandırılan “Saflıq qardaşları”nın təbirincə, Ali Səadətə qovuşmaq üçün insan ilk növbədə öz ruhunu saflaşdırmalıdır. Bunun da yeganə yolu elm və fəlsəfəyə yiyələnməkdir. Şəriət isə onları nə anlaya bilir, nə də qəbul edirdi. Amma Şərq intibahının yaranmasında əsas xidmətləri olan “Saflıq qardaşları” “insanı kainatlaşdırmaq” düsturunu qədim yunan mətnlərindən qopararaq İslam dünyasına gətirmişdi. Onlar Aristotel və Platonun metafizik dünyagörüşünü, saf İslam etiqadı ilə sintez edərək “vəhdəti-vücud”un ilk müddəalarını yaratdılar. Təkcə buna görə, XII əsrdə özünün zirvə nöqtəsinə çatan və bir neçə əsr davam edən Şərq düşüncəsi “Saflıq qardaşları”na çox minnətdar olacaqdı... 

İsmayıl hələ tilmiz olan  vaxtlarında  ( gizli cəmiyyətin bütün məktəblərində bura yeni qədəm qoyan  15 yaşlı şagirdləri “tilmiz” adlandırırdılar)  birlikdəki nizamı qavramışdı. Bilirdi ki, burada ona öyrədilən bütün elmlərin əsas məqsədi insan ruhunun təmizlənməsini təmin etmək  və onu əbədi səadətə qovuşdurmaqdır. Elm və hikmətin Ali Səadət qulluqçusuna çevrildiyi məkanda bütün şagirdlər arasında qardaşlıq münasibətləri var idi. Amma onlar da bilik və qavrama bacarıqlarına görə bir neçə qrupa bölünmüşdülər: Birinci qrupa 15-30 yaş arasınakı gənclər daxil idilər və onlar ancaq müəllimlərin buyruğu altında bilgi alırdılar. Fiziki təmizliyə önəm verən, fikirləşməyi və keçirilənləri qəbul etməyi bacara bilən bu qrupün üzvləri  “əl Əbrar-əl Ruhəma”, yəni, “dindar və mərhəmətli” adlanırdılar. İkinci qrupa 30-40 yaş arası insanlar daxil edilir və onlara fəlsəfi bilgilər verilirdi. Bu qrupun üzvləri  “Əhyar-dindar” və ya “Fudala-bilgin” adlanır və ocaqlardakı şagirdlərə rəhbərliyi onlar həyata keçirirdilər. Üçüncü qrup 40-50 yaş arası, fəlsəfi, elmi, şəriət biliklərinə sahib olan insanlardan təşkil olunurdu. “Əl-Fudala-əl Kiram” adlanan qrup üzvləri  sultanlıq mövqeyində idilər. Nəhayət, sonuncu qrupa daxil olan insanlar 50 yaşdan yuxarı olanlardan ibarət idi ki,  onlar fövqəlduyuma, uzaqgörənliyə sahib saflıq ardıcılları sayılırdılar. onları Məlaikə- mukarribin adlandırırlar. 

İsmayılın aid olduğu birinci qrup ikinci qrupdan yalnız nəvaziş görür, oradakıların mehribanlığına və qardaşlıq eşqinə tuş gəlirdilər. Amma heç vaxt “ikinci mərtəbə”nin üzvləri ilə elmi müzakirələrə girmirdilər. Həmçinin, ikinci qrupun üzvləri də üçüncü qrupun seçilmişləri ilə o dərəcədə pərdə saxlayırdılar.

İsmayıla  dinin açıq və gizli olduğunu deyir və bu məktəbin də əsas işinin gizli dinlə, daha doğrusu, gizli elmlərlə aidliyini nəzərə çatdırmaq istəyidilər. Çünki “Saflıq qardaşları” öz aralarında şəriəti “açıq din” adlandırırdılar. Yəni, burada hər şey hamının qavradığı, fərqinə vardığı və icra etdiyi rituallar sistemi idi. Amma batində qalan məna isə çox az insana çatırdı. “İxfan əs-Səfa” məktəblərində tədris olunan batini elmlərin əsas məqsədi ruhu arındırmaq, onu xoşbəxtlik mərtəbəsinə çatdırmaq idi.  Bu ocaqlarda filosofları batini elmlərə yiyələnərək ilahi səadətə qovuşmaq üçün hazırlayırdılar. 

Saflıq ardıcıllarının fəlsəfəsinin əsasını kainatın Tək ilahi qaynağının olması və ruhların bu qaynağa, yəni Tanrıya geri dönüşü inancı təşkil edirdi. Necə ki, sözlər ağızdan, işıq günəşdən yayılırsa, bütün kainat da Tanrıdan qaynaqlanır.

Bu fəlsəfəni biz daha sonra Azərbaycanın ən güclü filosoflarından biri olan Şihabəddin Sührəverdinin “işraqilik” təlimində görürük. Böyük Sührəverdinin bu “işıq fəlsəfəsi”ndə Küldən qopmuş işıq zərrələri yenidən ona doğru qayıdır. Şərqşünas alim Zakir Məmmədovun Sührəverdidən tərcümə etdiyi “İşıq heykəlləri” əsərində bu detal qabarıq əks olunub. Klassik fəlsəfədə isə buna “emanasiya” deyilir.

Emanasiya inancına görə, öncə vahid İşıq Toplusu, yəni, Tanrı mövcuddur, ondan mərtəbə-mərtəbə ağıl və ruh yaranır. Ruhdan dördüncü olaraq ilk maddə, beşinci olaraq təbiət, altıncı cisimlər meydana çıxır. Ardınca yeddinci fələklər, səkkizinci elementlər və ondan da doqquzuncu olaraq mədənlər, bitkilər, heyvanlar meydana çıxır. Kainatı makrokosmos, insanı mikrokosmos kimi qəbul edən Saflıq ardıcıllarının fikrincə, “bədənimiz kainatın bir parçasıdır, ona görə də ruhumuz da Kosmik ruhun bir parçasıdır. Kosmik ruh varlıqları necə idarə edirsə, ruhumuz da bədənimizi o cür yönəltməkdədir. 

İsmayıl və başqa tilmizlər bu fəlsəfənin mahiyyətini yavaş-yavaş qavradıqları zaman dövrün nadan hakimlərinin fitvası ilə Təbrizdəki gizli ocaq aşkarlandı. Dördüncü qrupun üzvləri olan əsas idarəçilər təhlüksizlik naminə və xüsusən də tilmizləri qorumaq üçün onları bazar meydanlarına səpələdilər. Ətrafındakılardan fərqlənməyən şagirdlər  fiziki baxımdan xilas olsalar da, iqamətgahın dağıdılması onları mənən öldürdü. 

HAŞİYƏ-2: - ”Saflıq Qardaşları” cəmiyyətinə aid olan filosoflar qrupu  əsasən üç işlə məşğul idilər: tədris, tərcümə və yazı. Onlar şagirdləri öyrətməkdən də çox qiymətli mətnlərin tərcüməsinə diqqət edirdilər. Bu cür tərcümələr bütün elm sahələrinə aid olmalı idi. Hətta musiqi fəlsəfəsinə aid tərcümələrə də yer ayırırdılar. 

Onlar bu tərcümələr vasitəsilə musiqi, təbiət ünsürləri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Saflıq filosofları hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir.

İxfan əs-Səfanın həm qərb, həm də şərq dünyagörüşlərini özündə birləşdirməsi xristian və islam dünyası arasındakı soyuqluğu aradan qaldırmaq gücünə sahib idi. Belə ki, Saflıq qardaşlarının Fəsdə yerləşən təşkilatının səyi nəticəsində tezliklə onların ideyaları İspaniya ərazilərinə yayılaraq, oradan da digər Avropa ölkələrinə doğru irəlilədi.

Dörd hissədən ibarət “Saflıq qardaşları və vəfa munisləri” ensiklopediyasıdakı əlli iki traktatdan on dördü riyaziyyat, on yeddisi təbiiyyat, onu metafizika və on biri ilahiyyat məsələlərinə həsr olunmuşdur. Riyaziyyata aid traktatlarda riyazi fənlərin idraki əhəmiyyəti yüksək qiymətləndirilmişdir. Saya dair traktatda deyilir ki, sayların nəfslərdəki surətləri mövcudatın materiyadakı surətlərinə uyğundur. Həndəsəyə dair traktatda məqsəd hissi şeylərdən əqli şeylərə, cismani şeylərə, cismani şeylərdən ruhi şeylərə, konkret şeylərdən mücərrəd şeylərə keçməkdə nəfsin düzgün istiqamətləndirilməsidir. Digər traktatlarda isə beləcə insan nəfsinin biliklərlə zənginləşdirilməsi, idraki qüvvələrə yiyələnməsi, nəhayət, kamilləşməsi, saflaşması qayəsi qarşıya qoyulur.

İsmayıl gizli ocağın dağıdılmasından sonra öz ruhi inkişafını dondurmuş oldu. Bəzi mənbələrin dediyinə görə, “Saflıq qardaşları”nın Anadolu, Azərbaycan, hətta Avropa ərazisindəki dağıdılan iqamətgahlarının üzvləri sonradan bu birliyin mərkəzi olan şəhərlərinə getmədilər. Çünki onlar üçün bir elm ocağının dağıdılması ümumiyyətlə elmin süqutu idi.

Haqqında danışdığımız İsmayıl da ocaqda yiyələndiyi dil bilgisindən istifadə edib sonradan ortabab bir tacir oldu. Ömrünün sonunda isə müflisləşdi.

Məncə, bu gün bütün Şərq elə o İsmayılın günündədir – Elmdən məhrum olub qaranlıq xaosa düşən İsmayılın...