Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 17:40:48
Məktəblərdə şənbə-bazar günlərində davamiyyət necə olub?- Direktorlar danışır

 

Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin  28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Qərara müvafiq olaraq, dekabrın 28, 29 və 30-da dərs günü hesab edilir. Bəs, bu günlərdə orta ümumtəhsil müəssisələrində şagirdlərin davamiyyəti nə dərəcədə qənaətbəxşdir?

AzEdu.az bölgə məktəblərindəki davamiyyəti öyrənmək məqsədilə direktorlar arasında sorğu keçirib.

Ağdam rayonu, 91 nömrəli orta məktəbin direktoru Nemət Rüstəmli bildirib ki, rəhbərlik etdiyi ümumtəhsil müəssisəsi altıgünlük olduğuna görə, vəziyyət daha çətindir:

“Şənbə, bazar günləri dərs keçsək də, birinci gün yenidən məktəbə gəlməli oluruq.

Bununla yanaşı davamiyyət də çox zəifdir. Həmişə məktəbimizdə davamiyyət 95 – 100% olardı. Bu gün isə 50 %-ə düşüb. Çünki məktəbimiz digər qəsəbə və kəndlərdən uzaqda yerləşir. Bəzi şagirdlərin asanlıqla gələcəyi yer deyil.Üstəlik bu aralar ciddi qrip virusu yayılıb. Bəlkə də davamiyyətin düşməsi həm də bununla əlaqədardır.

Amma dərs olacağı ilə bağlı öncədən şagird və müəllimlərə təlimat verilib. Sadəcə bəziləri üzrlü səbəbdən, digərləri isə “bazar günüdür, istirahət edim” deyərək gəlməyiblər”.

“Məktəb şagirdlərə əvvəlki günlərlə müqayisədə daha maraqlı gəlir”

Kəlbəcər rayon 23 saylı tam orta məktəbin direktoru Həqiqət Şükürova isə bildirib ki, həm dünən, həm də bu gün məktəbdə davamiyyət yaxşı olub:

“Şagirdlərin 100 % olmasa da, 60 – 70 %-i məktəbdə idi. Hətta müəllimlər arafat edərək deyirdilər ki, valideyn canını qurtarmaq üçün şagirdləri məktəbə göndərib. Davamiyyət hələ ki, yaxşıdır.  Bəlkə də sabah zəif olacaq. Əksinə, bayram əhval – ruhiyyəsi olduğuna görə, şagirdlər məktəbə həvəslə gəlirlər. Müəllimlər də bu aralar onları o dərəcədə sıxmır. Məktəb şagirdlərə əvvəlki günlərlə müqayisədə daha maraqlı gəlir. Sinifləri bəzəməklə məşğuldurlar. Bu il ab–hava fərqlidir”.

Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyev də məktəbin “altıgünlük” fəaliyyətini əsas gətirərək dünən həmişəki qayadada dərs olduğunu deyib:

“Bu gün isə 3 yanvar tarixində olacaq dərslər tədris edildi. Dünən müəllimləri bu barədə məlumatlandırmışdıq. Ənənəvi qayda ilə işimizdəyik. Məktəbə Məhəbbət Vəliyevanın əmri göndəriləndən sonra işimizi ona uyğun qurduq. İclasda həm müəllim, həm də şagirdlərə xəbərdarlıq olunub. Bazar etsəsi də işimizdə olacağıq”.

“Əksər valideynlər anlaşılmazlıqla qarşılayırlar”

Ağdam rayonu 148 nömrəli məcburi köçkün tam orta məktəbinin direktoru Rəşad Kazımov isə iş günlərinin ardıcıllığının müsbət qarşılandığını qeyd edib:

“Sadəcə davamiyyət siniflərdə müəyyən qədər özünü büruzə verir. Dəfələrlə deyilməsinə,  valideynlərə məlumat verilməsinə baxmayaraq, belədir. Valideynlərin heç də hamısı savadlı, anlayışlı deyil. Bəziləri düşünür ki, beşgünlük iş həftəsidirsə, niyə bazar günü dərs olmalıdır? Amma bu, yenilikdir. İlk dəfə belə qarşılanması normaldır. Məlumat verilməsinə baxmayaraq, yeni il ərəfəsində dərs olmasını əksər valideynlər anlaşılmazlıqla qarşılayırlar”.

Neftçala rayon Mayak kənd 2 saylı məktəbin direktoru Rafət Tağıyev də bu günlərdə davamiyyətin yerində olduğunu vurğulayıb:

“Bu gün 4, dünən isə 1 şagird dərsdə yox idi. Ümumilikdə davamiyyət yerindədir, Çünki dərs olacağı ilə bağlı öncədən məlumat vermişdim” 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları