Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 17:18:00
Xankəndi Pedaqoji İnstitutunun  bərpası mümkün olacaqmı? – Aydın Mirzəzadədən yeni təklif

“Yenidən deputata seçilsəm, məsələni bir daha  parlamentdə qaldırmaq fikrindəyəm”

Millət vəkili Aydın Mirzəzadənin bir neçə ay əvvəl Xankəndi Pedaqoji İnstitutunun bərpası ilə bağlı səsləndirdiyi təklif mediada müzakirə mövzusu oldu.

Millət vəkili təklifində bildirib ki, Xankəndi Pedaqoji İnstitutu cəbhə xəttinə yaxın bir yerdə Ağcabədi, Bərdə, Ağdamda yerləşə bilər. O xatırladıb ki, hələ 1973-cü ildə Ümumilli lider Heydər Əliyevin təşəbbüs və dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Xankəndində Pedaqoji İnstitut açılıb:

“Həmin ali məktəb – Xankəndi Pedaqoji İnstitutu bərpa edilməlidir. Tələbə qəbulu verilməlidir.  O institut-universitet cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdə, Ağdam, lap Mingəçevirdə də yerləşə bilər. Bir qaçqın universiteti kimi ermənilərin işğalçılıq siyasətinə qarşı ideoloji silah kimi onun mövcudluğundan istifadə edə bilərik”

Ötən gün isə Xankəndinin işğalından 28 il ötdü...

Maraqlıdır, deputat aylar öncə səsləndirdiyi təklifdən sonra hansı reaksiyaların şahidi oldu? Belə bir ali məktəbin bərpası təklifinin reallaşma ehtimalı nə qədərdir?

“Azərbaycanın hər alimi orada dərs deməyə məmnuniyyətlə razılıq verər”

Mövzu ilə bağlı AzEdu.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki,  məsələni bir neçə dəfə qaldırıb, rəsmi şəxslərlə görüşüb:

“Ümid edirəm, təklifim reallaşar. Yenidən  deputata seçilsəm, məsələni bir daha parlamentdə qaldırmaq, Milli Məclis üzvləri ilə müzakirə etmək fikrindəyəm.

Hər halda təklifə maraq gördüm. mMəlum oldu ki, Xankəndi Pedaqoji İnstitutunun  açılmasını istəyən təkcə mən deyiləm. Başqa ziyalılar da bununla bağlı bir sıra dövlət orqanlarına müraciət ediblər.

Bunun  üçün torpaqlarımızın işğaldan azad olunmasını gözləmək lazım deyil. Universiteti  indi də bərpa etmək olar. O qədər də  böyük vəsait tələb etmir. Fikrimcə, bu universitet bərpa olunsa, Azərbaycanın hər alimi orada dərs deməyə məmnuniyyətlə razılıq verər”.

Xankəndi ali təhsil ənənələrini belə bir universitetdə hansı şəkildə davam etdirməyə gəlincə isə Aydın Mirzəzadə deyib ki, 1973-cü ildə Heydər  Əliyevin təşəbbüsü ilə əsası qoyulan ənənələri yaşatmaq lazımdır:

“Bu universitet Qarabağ tarixinin öyrədilməsi, uyğun kadrların hazırlanması, torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə bağlı ideoloji işə hazır mütəxəssislər yetişdirilməsi istiqamətində böyük işlər görə bilər. Universitetin bərpası eyni zamanda siyasi - ideoloji bir məsələdir. O, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları