Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 16:44:00
2019-cu ildə təhsil sahəsində görülən ən yaddaqalan işlər - Ziyalılar danışır  

 

2019-cu il təhsildə məhsuldarlıq, inkişaf, əhatəliliklə  yadda  qaldı. Bu ildə tətbiq olunan yeni qaydalar bütünlüklə valideyn, şagird, tələbə, müəllim kollektivini  əhatə etdi.

Bəs, ictimaiyət xadimləri Təhsil Nazirliyinin 2019-cu ildəki fəaliyyətini necə qiymətləndirirlər? Bu il təhsil cameəsinin yaddaşında nə ilə qaldı?

Mövzu ilə bağlı AzEdu.az-a danışan millət vəkili Aydın Mirzəzadə son illər  Təhsil Nazirliyinin fəaliyyətindəki dinamikliyi xüsusi vurğulayıb. Bildirib ki, bu il təhsilin müxtəlif istiqamətlərində yeniliklərin irəli sürülməsi, nazirliyin cəmiyyətə çox açıq olması ilə yadda qalıb:

“Təhsil Nazirliyi təhsilin yalnız nazirliyin deyil, cəmiyyətin aktual məsələsi olduğunu əsas  gətirib, ictimaiyyətlə sıx işlədi. Keçirdikləri tədbirlərə  cəmiyyətin tanınmış simalarını, mətbuat orqanlarını dəvət edərək hesabatlar verdilər. Həm orta, həm də ali məktəblərdə təhsil səviyyəsinin qaldırılması ilə bağlı fəaliyyətlərini genişləndirdilər.

Bu il 100 yeni orta məktəb binası tikilib. Bu, məktəblərin maddi texniki bazasını gücləndirilməsi üçün atılmış addımlar sırasındadır.

Bundan əlavə, magistraturaya qəbul qaydalarının yenilənməsi ilə bağlı təkliflər də mənim üçün çox maraqlı oldu. Təhsil Nazirliyi 2019-cu ildə xarici nüfuzlu universitetlərlə Azərbaycan  ali məktəblərinin əlaqələrinin genişləndirilməsinə böyük diqqət yetirdi”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov isə 2019-cu ilin ilk olaraq  şuranın yaradılması ilə yadda qaldığını söyləyib:

“Bu, Azərbaycan təhsil tarixində bir ilk, nazirliyin gördüyü işlərdən deyərdim ki,  ən dəyərlisidir. Hazırda İctimai Şuranın öz əsasnaməsi, qərargahı var.

2019-cu ildə təhsil sahəsində ən çox yadımda qalan məsələlərdən biri də təmayüllü məktəblərin geniş şəbəkəsinin yaradılmasıdır. Əksər  məzunlar ixtisas seçimi zamanı çətinlik yaşayır, öz arzuları olsa da, valideyn müdaxiləsi ilə üzləşirlər. Təmayüllü məktəblərin yaradılması bu seçimi asanlaşdırır və gənclərə kömək edir. Beləliklə, musiqiçi  filologiya üzrə təhsil almaq məcburiyyətində qalmır və ya filologiyada oxuyan biri həkim olmaq arzusu ilə yaşamır.

Orta ixtisas təhsili müəssisələrini uğurla bitirənlərin universitetlərə imtahansız qəbulunu da 2019-cu il üçün dəyərli hadisə sayıram. Bunun 2 nəticəsi var: əvvəla, təhsilli gənclərimizin sayı artır. Çünki kollec də ali təhsilin başlanğıc pilləsidir. İkincisi isə subbakalavr kollecdə tədris olunan fənləri həvəslə öyrənəcək ki, ali məktəbə imtahansız qəbul olunsun. O,  öz zamanını bilik toplamağa həsr edəcək.

2010-cu ildə 100 Azərbaycan gəncinin təqribən 17-i universitetdə oxuyurdu. İndi bu say 49-a çatıb. Yəni hazırda Azərbaycan gənclərinin 49%-i təhsil alır, ali məktəblərdəki yerlərin sayı 2 dəfədən çox artıb.

2019-cu ildə təqaüd alan tələbələrin sayının artırılması da Təhsil Nazirliyinin atdığı mühüm addımlar sırasındadır.  Bununla yanaşı, tələbə təqaüdləri də artırıldı”.

Şahlar müəllim 2020-ci ildə universitetlərin yataqxana təminatı məsələsinə ciddi yanaşmalarını arzu edir. Onun fikrincə, yataqxananın olmaması bir çox fəsadlara yol açır:

“Bir misal çəkim: Şair Məmməd Aslan VIII sinfi bitirəndə imtahan verərək Bakıdakı rəssamlıq məktəbinə qəbul olunub. Amma 2 həftə sonra rayona qayıtmalı olub. Bilirsiz, niyə? Çünki ovaxtkı rəssamlıq kollecinin yataqxanası yox idi. Bir yataqxananın olmaması Azərbaycanın bir rəssamını itirməsi ilə nəticələndi. Yaxşı ki, Məmməd Aslan şeiriyyətə gəldi, Azərbaycan bir şair qazandı.

Yataqxana dövlət təminatında olduğuna görə, ailələr öz qız övladlarını universitetə rahatlıqla etibar edirlər.  Yataqxana tələbəyə sahib çıxmaq deməkdir. Bizim gəncləri Avropa gəncləri ilə qarışdırmaq olmaz. Bizdə tərbiyə daha mükəmməldir. Yataqxananın olması bir sıra sosial problemlərin həllinə də kömək edər.

Bundan əlavə, universitetlər yaşa dolduqca cavanlaşmalıdırlar. Hazırda Bakı dövlət Universitetində VI nəsil universitet məzunları həm işləyir, həm də dərs deyirlər. Hər sonrakı nəsil əvvəlkindən daha mükəmməl olmalıdır. Universitet yaşa dolduqca çürüməli deyil, cavanlaşmalıdır”.

Professor Anar İskəndərli isə Təhsil Nazirliyinin 2019-cu ildəki fəaliyyətindən danışarkən, Bakı Dövlət Universitetinin yüzillik yubileyini xatırladıb:

“Bakı Dövlət Universitetinin yüzilliyi ilə bağlı tədbirlər Təhsil Nazirliyi, eləcə də BDU həyatında böyük hadisə oldu. Bu, Azərbaycanın təhsil tarixində möhtəşəm addım idi. Dövlət başçısının BDU-nun yüzilliyinin qeyd olunması ilə bağlı sərəncamı, Azərbaycanın ayrı–ayrı bölgələrində, o cümlədən UNESCO xətti ilə yüzilliyin keçirilməsi Azərbaycan təhsil tarixində ən böyük hadisə oldu”.

Jurnalist Elçin Mirzəbəyli də 2019-cu ildə təhsil sahəsində xeyli müsbət addımlar atıldığını qeyd edib. Bildirib ki, prosesə qısa xülasə ilə münasibət bildirmək mümkün deyil:

“Əvvəla, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar və nazirliyin  bu istiqamətdə təşəbbüslərini yüksək qiymətləndirirəm. 2019-cu il təhsilin bütün istiqəmətlərində aparılan islahatlarla yadda qalıb.

Ali məktəblərə yeni qəbul sistemi ilə bağlı ilk addım da bu il atıldı. Buraxılış imtahanlarının nəticələrinin nəzərə alınmasında bir çox pozitiv tendensiyalar nəzərə çarpdı.  Bu, ilk vaxtlar cəmiyyətdə müəyyən çaşqınlıq yaratsa da, faydalı addım idi. Təhsil Nazirliyinin təhsil sisteminin şəffaflaşdırılması, I sinfə qəbuldan başlanmış ali təhsil müəssisələrinə qəbula qədər bütün istiqamətlərdə gördüyü işlər 2019-cu ildə ən yadda qalan hadisələr oldu”.

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov da Təhsil Nazirliyinin 2019-cu il fəaliyyətinin çox məhsuldar olduğunu vurğulayıb:

“Məsələn, müəllimlərin qiymətləndirilməsi, ehtiyat dərsliklərin məktəblərdə sınağı və s. ilə əlaqədar görülən işlərin hər biri yeni innovasiyalar hesab edilə bilər. Təhsilimizin irəli addımladığını göstərən bu kimi məsələlər çox ciddi və aktualdır. Ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması ilə əlaqədar da xeyli tədbirlər həyata keçirilib”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları