Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-27 17:14:00
Müəllimlərin dərs yükünün hesablanması qaydası-Hava-su kimi vacib düstur

Cari ilin sentyabr ayında Nazirlər Kabineti “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərara dəyişiklik edib.

Yeni dəyişikliyə əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır) olacaq. İdman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) müəyyən edilib.

AzEdu.az müəllimlərin dərs yükünün hesablanması qaydasını təqdim edir:

Düstur: Fənn üzrə ümumi dərs saatlarının miqdarı müəllimlərin topladığı diaqnostik balların (ixtisas üzrə) cəminə bölünür. Alınan rəqəm məktəbdə həmin fənnin əmsalı hesab olunur. Əmsalı müəllimin diaqnostik qiymətləndirmə müsabiqəsində topladığı ixtisas balına vurduqda isə müəllimə düşən dərs yükü alınır.

Fənn üzrə ümumi dərs saatlarının miqdarı / müəllimin diaqnostik qiymətləndirmə müsabiqəsində topladığı ixtisas balı = fənn əmsalı

Fənn əmsalı * ixtisas balı = müəllimə veriləcək dərs yükü

Qeyd edək ki, normaların indiyədək olan variantına görə, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) idi.