Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 18:54:23
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq ölkə Prezidenti İlham Əliyevin "Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Fərmanından danışılıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın bir neçə üzvünün komissiya daxil olduğunu diqqətə çatdırıb. AMEA rəhbəri 2018-ci il üzrə akademiyadan Dövlət Mükafatları Komissiyasına təqdim olunan əsərlər haqqında məlumat verib.

AzEdu.az xəbər verir ki, tədbirdə AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin "AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında" mövzulu məruzəsi dinlənilib.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın növbəti Ümumi yığıncağının keçirilməsi haqqında müzakirə aparılıb. Mövzu ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev yığıncağın gündəliyindəki məsələlər barədə məlumat verib. Rəyasət Heyəti tədbirin bu il iyunun 8-də keçirilməsini qərara alınıb, gündəliyi təsdiq edib.

İclasda AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılması məsələsinə baxılıb. Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, Genetik Ehtiyatlar İnstitutunda Yeni Nəsil Sekvenserləri (YNS) ilə təchiz olunmuş laboratoriya qurulduqdan sonra genom səviyyəsində tədqiqatlar sahəsində mühüm nailiyyətlər qazanılıb. Akademik YNS-dən istifadə etməklə bitki genetik ehtiyatlarının genotipləşdirilməsi sahəsində dünyanın ən aparıcı elmi mərkəz və universitetlərində istifadə olunan "sekvens əsasında genotipləşdirmə" və "çoxpraymerli amplikon sekvensləmə" metodları ilə tədqiqatlara başlanıldığını, 1000-dən artıq bitki nümunəsinin genotipləşdirildiyini diqqətə çatdırıb.

Natiq vurğulayıb ki, Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi tədqiqat proqramı çərçivəsində, ilk dəfə olaraq, "Azərbaycan gülöyşəsi" nar sortunun tam genomunun de-novo oxunması və altı orqanı üzrə transkriptom analizi yekunlaşdırılıb. Əldə edilən genom məlumatlarının analizi istiqamətində kompüter genomikası və bioinformatika sahəsi üzrə ABŞ, Rusiya, Yaponiya, Avstraliya və digər ölkələrdə fəaliyyət göstərən xarici alimlərlə sıx əməkdaşlıq qurulub.

Ə.Əmiraslanov əlavə edib ki, xaricdə yaşayan azərbaycanlı və əcnəbi alimlərlə genom tədqiqatları sahəsində aparılan birgə elmi tədqiqat işlərinin daha da gücləndirilməsi məqsədilə Kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılmasına ehtiyac var.

Rəyasət Heyəti qeyd olunanları və bölmənin vəsatətini nəzərə alaraq, Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin tərkibində Kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılması haqqında qərar qəbul edib. 

Sonra bir sıra struktur dəyişikləri müzakirəyə çıxarılıb. Rəyasət Heyəti Genetik Ehtiyatlar İnstitutunda İnsan genetikası laboratoriyasının və Zoologiya İnstitutunun Mingəçevir elmi-təcrübə dayaq stansiyasının yaradılması, həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda qismən dəyişiklik edilməsini qərara alıb. Tədbirdə görkəmli tibb alimi, istedadlı pedaqoq və tanınmış cərrah uroloq, professor, Əməkdar Elm Xadimi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin 80 illik yubileyinin qeyd olunması haqqında qərar qəbul edilib. 

Alimin çoxillik məhsuldar və səmərəli elmi fəaliyyətini, ölkəmizdə tibb elminin inkişafında mühüm xidmətlərini nəzərə alaraq və anadan olmasının 80 illiyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi qərara alınıb. Qərarda yubilyarın Dövlət tərəfindən mükafatlandırılması haqqında vəsatət qaldırılması, onun "Böyrəklərdə ikitərəfli mərcanvari daşların diaqnostikası və müalicəsi" elmi əsərinin AMEA-nın 2018-ci il üzrə nəşriyyat planına salınması da yer alıb.