Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 11:05:00
Ailəsi 3 dəfə deportasiya olunan direktor: “Valideyni yarımildə 1- 2 dəfə iclasa dəvət etmək kifayət deyil” - BŞTİ-ilə layihə

“1988-ci ilin yayı... Dövlət imtahanı ərəfəsində Xankəndi Pedaqoji İnstitutunda katib işləyirdim. Yadımdadır, bizi institut binasından məcburən çıxardılar. Şuşada məskunlaşmalı olduq. İmtahanları Şuşadakı orta ixtisas təhsili müəssisələrinin birində yekunlaşdırdıq”.

AzEdu.az Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə ortaq layihə olaraq orta ümumtəhsil müəssisələrinin direktorları ilə silsilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz isə Bakı şəhəri 242 nömrəli tam orta məktəbin direktoru Akif Rəsulovdur. Akif müəllim 242 nömrəli məktəbə 2018-ci ildə təyinat alıb. Ovaxta qədər isə müxtəlif yerlərdə pedaqoji fəaliyyətlə məşğul olub.

Pedaqoji fəaliyyətinin ən unudulmaz illərini isə Dağlıq Qarabağda yaşayıb. Ali məktəbi bitirdikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinə təyinat alıb. 1974-1977-ci illərdə Xankəndindəki orta məktəblərin birində müəllim işləyib.

“19 yaşımda məktəbin yuxarı siniflərinə dərs deyirdim”

Müsahibəyə Akif müəllimdən Xankəndi təhsilinin ab-havasını soraq alaraq başlayırıq:

“O illər mənim üçün çox dəyərli idi. Həm pedaqoji fəaliyyətimin başlanğıcı idi, həm də tamamilə fərqli mühitə düşmüşdüm. Cəmi 19 yaşım var idi, amma artıq məktəbin yuxarı siniflərinə dərs deyirdim. Əlimizdəki proqramla bağlı vacib məsələləri yerinə yetirirdik. Tamamilə müasir mövqe tutduğumuzu deyə bilmərəm. Amma öz yaradıcılığımız hesabına məktəbi təmin etməyə çalışırdıq.

Məktəbin yaxınlığındakı Müəllimlərin Təkmilləşmə İnstitutunun böyük filmotekası var idi. Demək olar, Xankəndindəki bütün dərslərimi həmin tədris filmlərinin əsasında keçirdim. Bu əyanilik həm şagirdlərin bilik dairəsinin genişlənməsi, həm də dünyagörüşlərinin formalaşmasına müsbət təsir göstərirdi.

Xankəndidə çox gözəl kollektiv vardı. Düzdür, o vaxt birgə məskunlaşdığımız qonşularla münasibətimizin belə bir insident, münaqişəyə səbəb olacağını heç düşünməzdik.

Məktəbdə tələbkarlıq yüksək səviyyədə idi. Kifayət qədər təcrübəli, savadlı müəllimlərimiz var idi. Müəllim-şagird-valideyn münasibətlərinin sağlam olmasına fikir verilirdi. Pedaqoji Şuranın iclaslarında bu məsələ tez – tez vacib problem kimi qarşıya qoyulurdu.

-Müharibə Xankəndi təhsilini nə dərəcədə iflic etdi?

-Xankəndi təhsili əvvəla, yaxşı kadrlarını itirdi. Müharibədən sonra bu kadrların bəziləri peşə istiqamətlərini dəyişərək müxtəlif istiqamətlərə keçdilər, bəziləri isə fərqli yerlərdə pedaqoji fəaliyyətlərini davam etdirməyə başladılar.

Həmkarlarımdan şəhid olanlarını xatırlamıram.  Çünki o dövrdə də kişi müəllimlərin sayı az idi. Kollektiv, əsasən, qadınlardan ibarət idi. Cəmi 5 kişi müəllim vardı. Təəssüf ki, təhsil verdiyimiz şagirdlərin böyük hissəsi torpaqlarımızın azadlığı uğrunda şəhid oldular. Milli Qəhrəman adına layiq görülənlər də oldu. Məsələn, Şirin Mirzəyevin adını çəkmək olar. Onun qəhrəmanlığı bugünkü gənclər üçün örnək olmalıdır. Keçmiş daxili işlər naziri Ramil Usubov da həmin məktəbin yetirməsi olub. Müəllimlərin dilindən onun haqqında söhbətləri çox eşitmişəm. Bacarığı, qabiliyyəti ilə məşhurlaşmışdı.

“Erməni müəllimlər rayonlardan gələn tələbələri incitməyə çalışırdılar”

-Bir müddət Xankəndi Pedaqoji İnstitutunda da çalışmısınız. Xankəndi ali təhsil ab-havası necə idi?

-Xankəndi Pedaqoji İnstituunda işləməyim hadisələrin ən qaynar vaxtına təsadüf edib. Burada laborant və baş laborant işləmişəm. 1984-1987-ci illərə qədər institutda normal pedaqoji mühit var idi. Burada həm rus, həm Azərbaycan, həm də erməni bölməsi vardı. İlk vaxtlar o qədər də qarşılıqlı insident hallarının yaşandığını deyə bilmərəm. Amma müəyyən qədər özünü göstərirdi. Erməni müəllimlərin xarakterində ikrah hissi duyulurdu. Bizlərə qarşı tənqidi yanaşmalarını gizlədə bilmirdilər. 1987-ci ildən sonra isə  tamamilə əks mövqe tutdular. Azərbaycanın müxtəlif rayonlarından gələn tələbələri incitməyə çalışırdılar. Onları auditoriyalardan qovmaq istəyir, bəzi hallarda buna nail də olurdular. Çünki ermənilərin başçıları yüksək rütbəli vəzifələrdə çalışırdılar və onların arxasında dururdular. Məqsədləri bizi ərazilərdən çıxarmaq, öz mənfur niyyətlərini reallaşdırmaq idi.

1988-ci ilin yayı... Dövlət imtahanı ərəfəsində mən Xankəndi Pedaqoji İnstitutunda katib işləyirdim. Yadımdadır, bizi institut binasından məcburən  çıxardılar. Şuşada məskunlaşmalı olduq. İmtahanları Şuşadakı orta ixtisas təhsili müəssisələrinin birində başa çatdırdıq.

Ermənilər hesab edirdilər ki, biz nə qədər az olsaq, əllərində burada əsas millətin onlar olduğunu sübut etməyə əsas olacaq. Ermənilərin sayını süni yolla artırmaq mövqeyi tutmuşdular. Fikrimcə, əsas məqsədləri bizi təhsildən kənarlaşdırmaq, asayişimizi pozmaq, nəhayət, Dağlıq Qarabağdan çıxarmaq idi.

Bilirsiz, mən və ailəm üçüncü dəfə deportasiyaya məruz qalmışıq. Bu, 1948-55-ci illəri əhatə edir. O vaxt Qərbi Azərbaycanın Göyçə mahalından deportasiya olunmuş, Tərtər rayonunun Qaradağlı kəndində məskunlaşmışıq. Mən orada anadan olmuşam. 1955-ci ildə isə dədə - baba torpaqlarımıza qayıtmışıq. Uşaqlıq dövrüm, sonrakı fəaliyyətim Göyçə mahalı və Qərbi Azərbaycanla bağlıdır.

-Xənkəndində dərs dediyiniz müddətdə belə bir tendensiya yox idi. İndi isə repetitorluq geniş vüsət alıb. Səbəbini nədə görürsüz?

-Bu, valideynlər arasında bir prestij kimi yayılıb. Düşünürlər ki, repetitor olmasa, ali məktəbə qəbul oluna bilməyəcəklər. Bu fikirlə qətiyyən razı deyiləm. Bu gün məktəblərimizdə yüksək bilikli müəlimlər dərs deyirlər. Kaş şagirdlərin məktəbdə keçirilən dərslərə marağı çox olaydı. Bəzən şagirdlər tədrisdən yayınırlar. Hesab edirlər ki, repetitorun verdiyi bilik kifayətdir. Amma hər halda bütün elmlərin başlanğıcı məktəbdə qoyulur.

Təhsil strategiyası üzrə prioritet istiqamətlərdən biri də repetitorluğun qarşısının alınması məqsədilə məktəblərdə təmayülləşmənin icrasıdır. Bu,  çox yaxşı təşəbbüsdür. Hələ təmayülləşmə dövrünün başlanğıcıdır. Müəyyən dövrdən sonra valideynlər də əlavə vəsait xərcləyib müəllim tutmaqda maraqlı olmayacaqlar. Məktəbdəki müəllimlərə bunun üçün yüksək əməkhaqqı verilir, onlar qiymətləndirilir və yaxşı müəllimlər sırasından seçilirlər. Bu, hər müəllim üçün stimuldur.

-Təhsilin bugünkü vəziyyətinə nəzər salaq: Tədris proqramının hansı formadasa dəyişdirilməsini istərdiniz?

-Bu gün qarşımızda həm “AR Təhsil haqqında” Qanun, həm də  Təhsilin İnkişafına dair Strategiya dayanıb. Onların əsasını isə yeni yanaşmalar təşkil edir. Məqsədimiz odur ki, hər şagirdə təhsil standartlarına və oxuduğu sinfə uyğun bilik və bacarıqlar verək. Hər birimizin üzərində böyük məsuliyyət var. Müəllim olaraq bilik səviyyəmizi artırmalı, yeni texnologiyalara yiyələnməliyik. Bu texnologiyaların əsasında şagirdlərə daha geniş bilik və dünyagörüşü verməliyik. Hesab edirəm ki, təhsilimizin qəbul etdiyi proqram praktiki bacarıq, bilik, savad, vətənpərvərlik hissinə sahib uşaqların yetişdirilməsinə imkan verir.

Məni hər zaman ən çox düşündürən yaralı yerimiz olan Qarabağ  tarixi dərsləri artıq keçirilir. Yəqin, həmin dərslərin effektivliyinin artırılması üçün müxtəlif vasitələrdən istifadə olunacaq. İstərdim, müəllimlər əlimizdəki vasitələrdən maksimum yararlanaraq şagirdlərə hadisələrin gedişini düzgün şəkildə çatdırsınlar.

-İxtisasınız fizika və astronomiyadır. Hazırda orta ümumtəhsil müəssisələrində astronomiya fənni tədris olunmur. Sizcə, bu fənnin keçiriləsinə nə dərəcədə ehtiyac var?

-İndi həmin fənn digərlərinin – coğrafiya, fizika, Həyat bilgisi - içərisinə inteqrasiya olunub. Düşünürəm ki, bu məlumatlar şagirdlərə kifayət qədər mənimsədilsə, yetərlidir.

“Yüksək pafosla bugünün tələblərinə tam cavab verən kadr hazırladığımızı desək, bu, qeyri – ciddi olar”

-Bu gün şagirdlərin şəxsiyyət kimi yetişdirilməsi, əqli inkişaf səviyyəsi sizi qane edir?

Bu istiqamətdə problemlərimiz ola bilər. Yüksək pafosla bugünün tələblərinə tam cavab verə bilən kadr hazırladığımızı desək, bu, qeyri – ciddi olar. Bu istiqamətdə müəyyən problemlərimiz var. Şəxsiyyətin hazırlanması üçün lazımi təhsil mühiti var. Amma bu istiqamətdə müəllimlərin fəaliyyətinə yeni tələblər qoymaq, yenidən baxmaq lazımdır. Hər yeniyetmənin inkişafı üçün vətənpərvərlik tərbiyəsi çox vacibdir. Milli qəhrəmanların tanıdılması, onlarla bağlı təqdimatların hazırlanması, şagirdlərin elmi tədqiqat işlərinə cəlbi bu istiqamətdə əsas işlərdir.

“Valideyni yarımildə 1- 2 dəfə iclasa dəvət etmək kifayət deyil”

-Azərbaycan valideyninin bəynədiyiniz xüsusiyyətlərini sadalamağınızı istərdik...

-Əksəriyyətinin məktəblə qarşılıqlı əlaqəsi zəifdir. Valideyni yarımildə 1- 2 dəfə iclasa dəvət etmək kifayət deyil. Maariflənmə işi aparmalıyıq. Onların məktəblə ünsiyyəti çox əsaslı, ciddi, yaxın olmalıdır. Hər valideyn dərk etməlidir ki, övladı bu məktəbdə sağlam bilik alır. Bu istiqamətdə fəaliyyətimizi daha da inkişaf etdirməliyik.

Yanlışlar isə əsasən tək valideynli ailələrdə olur. Uşaq ata-anadan birini itirir, və ya valideynləri ayrılırlar. Şagird bir valideynin himayəsində olur. Valideyn işləyir və övladına vaxt ayıra bilmir.

-Çoxları yeni qiymətləndirmə qaydalarının müəllimlərin işini artırmasından şikayətçidirlər. Bu tədris ilində yeni qiymətləndirmə qaydalarının müəllimlər tərəfindən mənimsənilməsi ilə bağlı irəliləyiş varmı?

-Əksinə, indi beynimizdə bir qədər də konkretlik var. Əlimizdə konkret dövlət sənədi var. Hesab edirəm ki, bu, əvvəlki qiymətləndirmə meyarlarında olan boşluqların qarşısını tamamilə alır. Əvvəla, bu qaydalar çox şagirdləri kifayət qədər yükdən azad etdi. Bu, müəllimlərin işlərinin fəallaşdırılmasına, şagird biliklərinin KSQ vasitəsilə əsaslı şəkildə yoxlanmasına şərait yaratdı. Pedaqoji Şuranın qərarı ilə özümüz də bəzi fənlərdən BSQ keçirə bilərik. Bunun nəyi pisdir?! Əksinə, əvvəlki qiymətləndirmə qaydaları ilə müqayisədə işlərimiz xeyli asanlaşıb. Amma müəllimlərin üzərinə xeyli məsuliyyət də qoyub. Bəzi siniflərdə BSQ keçirilmir. Amma bu o demək deyil ki, KSQ-ni necə gəldi 10 – 15 sualla əhatə edə bilərik. Testlər elə tərtib olunmalıdır ki, həm mövzunu əhatə etsin, həm də şagird biliyini daha aşkar şəkildə ortaya çıxarsın.

-Kurikulumun tətbiqini necə qiymətləndirirsiz?  Hansı boşluqlar var?

-Bəziləri düşünür ki, kurikulumu uğurla həyata keçirmək üçün kompüter, proyektor,  və s. lazımdır. Mən bu fikri o qədər də alqışlamıram. Elə yer ola bilər ki, bunların heç biri olmasın. Amma müəllim məsuliyyəti olmalıdır. Müəllim üzərində kifayət qədər işləməli, kurslarda iştirak etməli, əldə etdiyi biliyi şagirdlərə çatdırmalıdır. Bu, kurikulumun uğurla həyata keçirilməsinin həlqələrindən biridir.

“Uzunmüddətli pedaqoji təcrübəyə malik insanların fikirlərini dəyişmək çətindir”

-Yeri gəlmişkən, sizcə, müəllimlər öz üzərilərində kifayət qədər işləyirlər?

-Təhsil Nazirliyi səviyyəsində müxtəlif kurslar həyata keçirilir. Həmin kurslara demək olar,  bütün ixtisaslar ürzə müəllimlər cəlb olunurlar. Yazı işlərinin, yekun qiymətləndirilməni aparılması, bilik səviyəsinin artırılması ilə bağlı təlimlər verilir. Bu, idman müəllimləri üçün də mümkündür. Artıq 4-cü ildir, TOPs proqramı həyata keçirilir . Bu, fiziki tərbiyə müəllimlərinin təlim texnologiyalarının inkişafı ilə bağlı olan layihədir. Uğur üçün təhsil isə ingilisdilli müəllimləri əhatə edən proqramdır. 7 müəllimimiz həmin təlimlərdə iştirak edib. Müəllimlərin inkişafı müsbət istiqamət kimi daim rəhbərliyin diqqətindədir.

-Müəllimlər tədris proqramı, metodiki məsələlərlə bağlı əsas hansı yanlışlara yol verirlər?

-Deməzdim ki, bütün müəllimlər müasir tədris metodlarına tam uyğunlaşıblar. Onlar arasında elələri var ki, ənənəvi tədris metodlarına istinad edirlər. Bu istiqamətdə problemlər hələ də var. Amma çalışırıq ki, bugünkü tələbləri icra edək. Uzunmüddətli pedaqoji təcrübəyə malik insanların fikirlərini dəyişmək də bir qədər çətindir. Amma müasir təlim metodları ilə gənc müəllimlərdən heç də geri qalmayan yaşlı kadrlar da az deyil.

 -Direktorların səlahiyyətlərinə daha nələrin daxil olmasını istərdiz?

-Deməzdim ki, kimisə işdən çıxaraq, kimisə qəbul edək və s. Hər halda belə bir problem də yaşamırıq. Amma seçim şansı verilsə, yaxşı olar.

Məsələn, ingilis dili müəllimi var ki, savadına bir söz demirəm, iş yoldaşları da dil baxımından necə savadlı olduğunu deyirlər. Amma həmin savadı öz işində tətbiq edə bilmir.

-15 il sonra Azərbaycan məktəblərini necə görmək istərdiniz?

-Yəqin, o dövrdə elektron məktəblərin sayı artacaq. Əlavə yük bir qədər də azaldılacaq.  İnnovasiyalar istiqamətində yeni proqramlar qəbul olunacaq.

Məsələn, IX sinfi bitirən şagirdin yüksək biliyi yoxdursa, niyə X sinifdə təhsil almalıdır?! Qoy getsin peşə təhsilini davam etdirsin. Bəlkə öz bacarığını o istiqamətdə tapacaq. Amma məktəb olaraq bu gün bu istiqamətdə fəaliyyətimiz zəifdir. Peşə məktəblərinin əməkdaşlarını çağırır, təbliğat aparırıq. Amma bu, kifayət deyil.  Hər valideynin beynində “şagird XI sinfi başa çatdırmalıdır” fikri var. Dərin biliyə malik deyil, intellekti tələblərə cavab vermirsə, onun 11 il oxumasına nə ehtiyac var?!  

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları