Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 15:39:00
Elmi sessiya: milli xoreoqrafiya sənətinin görkəmli ustadı

Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq Bakı Xoreoqrafiya Akademiyasında (BXA) silsilə tədbirlər keçirilir. Növbəti tədbir “Milli xoreoqrafiya sənətinin görkəmli ustadı” mövzusunda elmi sessiya olub.

AzEdu.az xəbər verir ki, tədbirdən əvvəl akademiyanın tam orta məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Proqramda milli və klassik rəqs nömrələri yer alıb. Həmçinin Bakı Xoreoqrafiya Akademiyasında Əminə Dilbaziyə həsr olunmuş sərgi də açılıb. Sərgidə sənətkara məxsus səhnə geyimləri və aksesuarlar, rəssamlar tərəfindən yaradılmış portret və xalça, onun haqqında yazılmış kitablar, məqalələr, fotomateriallar və digər əşyalar nümayiş olunub.

Sonra BXA-nın rəhbərliyi, professor-müəllim, tələbə heyəti, magistrant və doktorantlar, sənətkarın ailə üzvləri, elm, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə elmi sessiya keçirilib. Tədbirdə BXA-nın Sənətşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Rafik Sadıxov “Sənətdə Əminə Dilbazi zirvəsi”, Baletmeyster kafedrasının müdiri, professor Lyudmila Həsənova “Əminə Dilbazini bütün dünya alqışlayıb”, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, professor Gülnaz Abdullazadə “Əminə Dilbazi-Cövdət Hacıyev yaradıcılıq vəhdəti”, Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli “Əminə Dilbazi Azərbaycanın qədim rəqslərinin unudulmaz ifaçısı kimi”, Bakı Musiqi Akademiyasının doktorantı və Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nigar Bayramova “Əminə Dilbazinin səhnə fəaliyyətində Qılman Salahovun “Qaval” və “Naz eləmə” rəqsi”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrantı Emil Ağayevin “Rəqqasə Əminə Dilbazi obrazı rəng və plastika ifasında” mövzularında məruzələri dinlənilib.

BXA-nın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin moderatorluğu ilə keçən elmi sessiyada sənətkarın qızı, Florida Texnoloji İnstitutunun Fortepiano kafedrasının professoru, Azərbaycan-ABŞ Assosiasiyasının Florida ştatı üzrə mədəniyyət və təhsil təşkilatının direktoru, “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin təsisçisi və art direktoru, “Musiqi təhsili və autizm” fondunun təsisçisi Pərvin Muradova-Dilbazi, Xalq artistləri Yusif Qasımov, Cəmilə Bayramova, Roza Cəlilova, eləcə də Əminə Dilbazinin yaratdığı əfsanəvi “Çinar” rəqs ansamblının üzvü Mədinə İsmayılova sənətkar haqqında xatirələrini bölüşüblər.

Tədbirdə, həmçinin arxiv videomateriallar da nümayiş etdirilib.