Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 09:00:00
Sükutun məsum dünyaları – Himni ruhları ilə oxuyan uşaqlar – Təsirli reportaj

Uşaqlar inanın, inanın uşaqlar

Gözəl günlər görəcəyik günəşli günlər

Motorları maviliklərə sürəcəyik      

Gözəl günlər görəcəyik günəşli günlər

(Nazim Hikmət)

Şairin də dediyi kimi günəşli günlərdən biri-20 dekabrda Təhsil Nazirliyinin  təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəlik günü və Yeni il münasibətilə bayram şənliyinə, uşaqlarla görüşə yollandıq.

Həmin şənlikdən təəssüratlara keçməzdən əvvəl   məktəbin fəaliyyətindən söz açaq:

2 nömrəli xüsusi internat məktəbi 1962-ci ildən fəaliyyət göstərir. Məktəbdə təhsil alan uşaqlar eşitmə məhdudiyyəti olan şagirdlərdirlər. Hazırda məktəbdə 210 şagird təhsil alır, onlardan 120 nəfəri isə elə həmin müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 39 müəllim və 28 tərbiyəçi məşğul olur. İnternat məktəbində ümumtəhsil fənlərindən əlavə “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, həmçinin “Mimika və daktioloji iş” dərsləri 13 loqoped-müəllim tərəfindən fərdi şəkildə tədris olunur.

Xüsusi internat məktəbi 2015-ci ilin noyabr ayında əsaslı təmir və tikinti işləri yekunlaşdıqdan sonra şagirdlərin istifadəsinə verilib. Şagirdlərin peşəyönümlü təlimi üçün tədris emalatxanalarında dərnəklər (tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik) fəaliyyət göstərir. İnternat məktəbində rəqs, teatr, rəssamlıq kimi dərnəklər də təşkil olunub. Cari tədris ilində Təhsil Nazirliyi tərəfindən xüsusi internat məktəbinin yataqxana korpusu əsaslı təmir olunaraq müasir tələbələrə cavab verən yeməkxana, istirahət və yataq otaqları ilə təmin olunub.

Bu gün Təhsil Nazirliyinin əmakdaşları və KİV işçiləri şagirdlərin və müəllimlərin yəqin ki aylarla  hazırlaşdıqları tədbirdə iştirak edirdi. Məktəbin qapılarından içəri daxil olanda bizi üzlərinə oxşar təbəssüm, əyinlərinə isə fərqli qiyafələr geyinən uşaqlar qarşıladılar.

Onlar salamı dodaqlarımızdan oxuyur, gülümsəməklə “salam, xoş gəlmisiniz” deyir,  tədbirə də bir növ, ev sahibliyi edirdilər.

Uşaqlarla  bərabər bayram əhvalı ilə bəzədilən  zala daxil oluruq. Görüş  Dövlət Himnimizin sədaları ilə başlayır, amma  fərqli şəkildə; Bu uşaqlar himnimizin musiqisini heç vaxt eşitməyiblər, lakin onu hiss ediblər.  Müəllimin “dirijorluğu” ilə əl hərəkətləriylə himni təsvir edirlər.  Bəli, düz başa düşdünüz,  oxumurlar, sadəcə təsvir edirlər...Himni dilləri ilə deyil, məsum ruhları, gözlərindəki saf təbəssümlə ifa edirlər.

Hamı onlara maraqla baxır: bir-birilə durmadan əl-qolla ünsiyyət qururlar. Gün kimi aydın olur ki, ünsiyyət məhz belə bir ehtiyacdan yaranır. Onlara “uşaqlar, çox gözəlsiniz” demək istəyirəm, amma bədən dilini anlamıram.  Buna görə içimdə narahatlıq gəzişir.

Tədbir başladıqdan bir az sonra məktəbin direktoru Ümnisə Nəcəfbəyova şagirdlərin xüsusi bacarıqları, istedadları haqqında danışır.  O, zalda  gördüyümüz bəzəklərin çoxunu uşaqların hazırladıqları haqda məlumat verir və danışdıqca razılığı, sevgisi üzündən oxunur.  Ümnisə xanım sadəcə bir məktəb direktoru kimi yox, həm də bir valideyn kimi öz uşaqlarını gələn qonaqlara tərifləyir. Danışdıqca da ətrafında olan uşaqlara göz gəzdirir, onlara məhəbbət və ümid dolu nəzərlərlə baxırdı:

“ Burdakı uşaqlar həqiqətən çox bacarıqlıdırlar. Onların çoxu rəsmlə, toxuculuqla, rəqslərlə məşğul olur. Özünüz də gördüyünüz kimi, necə səhnəciklər nümayiş etdirdilər. Buradakı bütün əl işlərini əmək hazırlığı dərsində özləri hazırlayıblar. Təbii ki,  bütün  fəaliyyətimizi bizə bu şəaiti yaradan ölkə başçımızİlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya borcluyuq, məktəb kollektivi, valideynlər, uşaqlar  adından onlara  dərin təşəkkürümüz bildiririk.

2015-ci ildə Heydər Əliyev Fondu tərəfindən yeni tədris binası inşa edilib və həmin binada peşə yönümlü emalatxanalar tikilib. Orada şagirdlər aşpazlıq, xalçaçılıq, dülgərlik, çilingərlik peşələri üzrətəlim keçirlər. Rəsm, musiqi və gimnastika ilə də məşğul olurlar. Ən çox meyilli olduqları fənn isə riyaziyyatdır. Bizdə şöbələrdən biri 10 illik, ikincisi isə 12 illikdir. Amma hər iki şöbə 9 illik təhsil haqqında  attestat alırlar”.

Direktor xanım daha sonra şagirdlərin gündəlik gördüyü işlərdən danışır:

“Bildiyiniz kimi, burda həm yatılı qalan uşaqlar, həm də gündəlik məktəbə gəlib gedən uşaqlar var. Onlar dərs bitdikdən sonra ev tapşırıqlarını da burada tərbiyəçi müəllimin köməkliyi ilə yerinə yetirirlər.  Yəni günün birinci yarısı fənn müəllimləri, ikinci yarısı isə tərbiyəçilər onlarla məşğul olur.  Onlara yemək saatları, istirahət saatları və.s ayrılır”.

Və tədbir yenə də şən, maraqlı davam edirdi. Şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olundu. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndirdilər. Amma bunların hamısını sözsüz, səssiz reallaşdırdılar. Bu gurultulu, uşaqlarla dolu olan salonda bircə uşaq səsi çatmırdı.

“210 şagirdi olan məktəb uşaq danışığına həsrət qalıb”-deyə ağlımdan keçirirdim, elə bu məqam mikrafonda cingiltili balaca bir oğlan uşağının səsi divarlarda əks səda verdi.

-Gözəl qız sizi rəqsə dəvət etmək olarmı?

-…

-O zaman sizi rəqsə dəvət edirəm.

Hamı sanki diksinmiş kimi oldu. Hətta həmin uşağın bu məktəbin şagirdi olub- olmadığını soruşanlar da oldu.

Şagirdlərin hərəkətləri həqiqətən çox məharətli idi.  Məktəbin kimya müəllimi Quliyeva Könül uşaqların eşitmə və nitq məhdudiyyəti olduğu üçün daha çox sənətə meyilli olduğunu vurğuladı:

“Belə uşaqlar sayla rəqs edirlər. Məsələn bir, iki üç dedikcə hansısa hərəkəti göstərirlər. Müəllimlə üzbəüz dayanırlar və müəllimin hərəkətlərini birbaşa “kopyalayırlar”. Bu təbii ki, bir dəfə ilə başa gəlmir, xeyli məşq edəndən sonra artıq hərəkətləri əzbərləyir. Onlar musiqini eşitməsə də, hiss edirlər.  Belə uşaqlarda hissiyyat çox güclüdür. Kənardan baxan biri olsa, onların eşitmədiyini anlaya bilməz.  Onlar incəsənətlə yanaşı, riyyaziyyat, azərbaycan dili, xarici dili öyrənməyə səy göstərirlər. Çünki bu fənlər buraxılış imtahanında var və onların gələcəkdə peşə məktəblərinə qəbul olmalarına kömək edir”.

Könül müəllim 18 ildir bu məktəbdə işləyir. Dediyinə görə artıq uşaqlarla işləmək ona çətin deyil və heç vaxt başqa  məktəbə getməyi də düşünməyib.

Bu dünya uşaqlarındır... Bugünün sabahı uşaqların...

Təəssüf ki, bu yazıda uşaqların təəssüratlarını verə bilməyəcəm. Amma onların gözlərindən oxuduğum qədərilə bu günü çox bəyəniblər. Uşaqların içində saçları qıvırcıq balaca  oğlan  gözümə sataşdı. Və bu misraları dodaqaltında pıçıldadım: “Hələ üzülmək tezdi,hələ tezdi, qıvırcıq, hələ külək əsəcək,açacaq saçlarının taleyinə hörülmüş düyünlərini bir-bir…”

Və beləliklə, tədbir yekunlaşdı. Müəllimdən “uşaqlar, siz çox gözəlsiniz” cümləsini əl-hərəkəti ilə ifadə etməyi öyrəndim və özümü onlara ifadə etdim.  Gülümsəməklərindən hiss etdim ki, məni başa düşüblər. Yazının əvvəlində söz açdığım içimdəki narahatlıqığı onların təbəssümü əridib yox etdi.

Ayşə MÜSEYİB