Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-21 11:55:00
Müharibənin xarabalığa çevirdiyi Hələb: Nəsiminin məzarından REPORTAJ  

Suriya çoxdan səfər etmək istədiyim ölkələrdən idi. Hələ yeniyetmə olanda Suriya barədə nənə-babamdan eşitmişdim. Onlar danışırdılar ki, Suriya böyük ticarət ölkəsidir, qədim tarixi məkandır.

Sonra müharibə başladı. O müharibə ki, tarixi az-çox sevən adamlar kimi məndə də narahatlığın yaranmasına səbəb oldu. Məni də oradakı insanların taleyi, tarixi abidələr maraqlandırırdı və bu maraq mənim Suriyaya səfər etmək istəyimi daha da artırırdı. Suriyada müharibəni fotoreportyor kimi yaddaşlara köçürmək istəyirdim. Müharibə vaxtı ora getməyə çox cəhd etsəm də, alınmadı, bu, elə arzu olaraq qaldı.

 “Nəsimi ili”nin doğurduğu istək

 2019-cu il “Nəsimi ili” elan olunanda isə Hələbə getmək, Nəsiminin məzarını çəkmək istəyim yenidən baş qaldırdı. Uzun zamandan, çox cəhddən sonra Hələb şəhərinə fotoreportyor olaraq giriş izni ala bildim. Gecikmədən biletimi alıb, səfər vaxtımı gözlədim. Bu il noyabrın 28-də Bakı-Tehran-Dəməşq təyyarəsi ilə Suriyaya endim.

Dəməşqə çatanda hava qaralmışdı, pasport yoxlamasına yaxınlaşanda içimdə qorxu qarışıq bir sevinc vardı. Həqiqətənmi gəldim? Viza üçün anket dolduracağımı söyləyib, 1 nömrəli pəncərəni göstərdilər. Əvvəlcədən danışdığım, bütün bu işlərdə mənə dəstək və yardımçı olacağını söyləyən suriyalı bələdçim, xanım Hutun Akuş məni hava limanının çıxışında gözləyəcəyini demişdi. Anketi doldurduğum vaxt kənardan bir səs “hoş geldiniz, Orhan bey” söylədi. O an elə bildim ki, dünyada ən doğma səsi eşitdim. “Mən sizin bura qədər gələcəyinizi bilmirdim” dedim. O isə cavabında əlindəki icazə kağızlarını göstərib “Bura qədər girişim üçün də icazə almışam” söylədi. 5 dəqiqə çəkən viza prosesi (viza girişdə verilir) ərzində Suriya haqqında ilk təsəvvürüm özünü doğrultmadı. Düşünürdüm ki, müharibə gedən ölkədə, insanlar daha çox kədərli və bu kimi proseslərdə daha sərt reaksiya göstərəcəklər. Amma hamı gülərüz və mehriban idi. Sanki gözlənilən qonaq gəldi anlamında.

Hava limanında məlum yoxlama prosesini keçəndən sonra biz çölə çıxdıq. Bələdçim Hutun xanımın əvvəldən tutduğu avtomobil Hələbə doğru istiqamət aldı. Yol boyu Nəsiminin məzarı, Hələbin tarixi, abidələri, mədəniyyəti, insanlarını görmək üçün tələsirdim. Gecə yarısı Hələbə çatdıq. Sanki yeni bir nəfəsin ruhuma daxil olduğunu hiss etdim. “Hələb mistik şəhərdir” deyirlər və mən bunu az da olsa, şəhərə daxil olanda hiss etmişdim. Otelə yerləşdim, yatıb dincəldikdən sonra səhər 8-də bələdçimlə gəzintiyə başlayacaqdıq. Deyilən vaxt bələdçimi aşağıda gözləyirdim. Və təyin olunmuş vaxta 1 dəqiqə qalmış bələdçim məni salamladı. “Maşınla, yoxsa gəzərək gedək sualına” təbii ki, gəzərək cavab verdim.

  Dünyanın xaraba qalmış ən böyük üstüörtülü bazarı

 Terrorçulardan təmizlənsə də Hələb şəhəri hələ də müharibə havası ilə nəfəs alır. Hər addımda müharibənin izləri, dağıntılar, xarabalıqlar... Amma  hələblilərin həyatı hər şeyə rəğmən davam edir. 

 İlk olaraq İmam Hüseynin başını nizədə Hələbdən Dəməşqə apararkən başından tökülən qan yerində ucaldılan məqbərəni ziyarət etdik. Müharibə vaxtı bir çox hissəsi uçsa da, sonradan bərpa olunub. Oranı ziyarətdən sonra Hələb qalasına doğru istiqamət aldıq. Günün proqramına görə, qaladan sonra Nəsiminin məzarını ziyarət edəcəkdik. Oranı ziyarət etmək üçün icazə saatı günorta 2-yə alınmışdı. Necə tələsdiyimi bir mən bilirdim, bir də fotoaparatım. Az-çox da bələdçim hiss edirdi. Qalanı gəzdikdən sonra, vaxtımız olduğu üçün qalanın aşağısında yerləşən, vaxtilə dünyanın ən böyük üstüörtülü bazarı olan (uzunluğu 13 km) dağıdılmış bazarı gəzməyə başladıq. Gəzdikcə bir vaxtlar burda necə qızğın ticarət getdiyini, buraya nə qədər insan toplandığını təsəvvür etmək o qədər də çətin olmurdu. İndi yerlə yeksan idi. Bir qismi bərpa olunsa da, çox hissəsi ziyan görmüşdü. Bazara baxdıqca, burada hansı dəhşətlərin baş verdiyini də anlamaq çətin deyildi. Burada vaxtilə 39 bazar fəaliyyət göstərib. Parça bazarı, qızıl, ədviyyat, qiymətli daşlar bazarı və s və i. İndi isə bütün bunlardan əsər-əlamət yox idi.

 “Hüzurundayam”

 Vaxt getdikcə azalır, Nəsiminin qəbrini ziyarət etmək vaxtı yetişirdi. Bələdçim mənə istirahət etməyi, ərəb qəhvəsinin dadına baxmağı təklif etdi. Vaxtımız olduğundan razılaşdım. Qəhvəni sevməsəm də, Hutun xanımın təkidi ilə dadına baxdım. O zaman anladım ki, “Hələb qəhvəsi”nin adla olması elə-belə deyilmiş. Sanki qəhvənin dadına şəhərin mistikası da, əlavə olunmuşdu. 

 Fərqli dad, fərqli ətir. Sonralar burada olacağım 4 gün ərzində ancaq qəhvə içəcəkdim.

Dincəldikdən sonra Nəsiminin məzarının olduğu məqbərəyə doğru getdik. Məqbərə Hələb qalasının aşağısında yerləşir. 

Oraya yaxınlaşdıqca hiss edirdim ki, nəsə hər şey bir başqa cürdür. Məqbərəyə çatanda bir anlıq ayaq saxladım. Dərindən nəfəs alıb hələ də böyük bir xəzinə ilə üz-üzə dayandığımın fərqində olduğumu hiss etdim. Deyilən vaxt tamam oldu - məqbərənin gözətçisi gəldi, qapıları açdı və biz içəri daxil olduq. 

Və budur, hüzurundayam... Özümü əvvəldən psixoloji cəhətdən hazırladığım üçün o saat fotokameramı işə salmadım. Əvvəlcə tanış olduq, hiss etməyə başladıq, nəfəsini içimizə çəkdik və o an hiss etdim ki, möcüzə görürəm. İnanmırdım, inana bilmirdim ki, uzun zamandan sonra həsrətlə gözlədiyim arzuma çatmışam - dahi Nəsiminin məzarı önündəyəm. Hamıdan məqbərədən çıxmağı xahiş edib, işə başladım. Bir də o zaman ayıldım ki, artıq 1 saatdan çoxdur, məzarın fotolarını çəkirəm, özü də eyni rakurslardan. Fərqində olmadığım üçün artıq təkrar davam edirdim. Sanki özümdə deyildim. Məqbərənin içində mistik bir ab-hava var idi. Ora daxil olandan məni ovsunlamışdı. Divarlarındakı soyuqluq belə adamı isidirdi. 

 Özümü toparlayıb, hər tərəfə diqqət etməyə, gördüklərimi göz yaddaşıma köçürməyə başladım. Nəsiminin məzarına baxdım. Məzar müharibə dəhşətlərindən zərər görməyib, dağılmayıb. Məqbərə isə burada baş vermiş bəşəri fəlakətin izlərini özündə yaşadır. Məqbərənin divarları güllələrdən dəlik-deşikdir. 

 İçimdə bir hayqırtı hiss etdim. Hansı qansız bu divarları gülləbaran edib? Kim mənim doğmamın, əziz şairimin sakitliyini pozub? Qarabağda, işğal altında qalan məzarlarımız keçdi gözümün önündən, qəriblikdə, tənha qalan yurd yerlərimiz…

 Bizə dedilər ki, əvvəllər məzarın üstündə yaşıl parça, məqbərənin divarlarında Nəsiminin Azərbaycan şairi olduğunu bildirən yazılar olub. Müharibə zamanı məqbərə çox ziyan gördüyü üçün bu sadalananlar qalmayıb. Amma yenə də məzarın ziyan görməməsi sevindiricidir. Bundan başqa, artıq məqbərədə və məqbərənin ətrafında təmir işləri aparılır. Odur ki, yalnız əvvəldən icazə aldıqdan sonar məqbərəni rahat ziyarət edə bilərsən. Müharibənin dəhşətindən sonra ümumilikdə Suriyada dağıdılmış bütün tarixi abidələrin, bu kimi məzarlıqların bərpasına başlanılıb.

Qəriblikdəki məzar

 Artıq vaxt yetişmişdi, məqbərəni, Nəsimini tərk etməliydim. Amma ayaqlarım sözümə baxmırdı. Sanki Nəsimi elindən, obasından gələn olduğunu, doğma bir nəfəsi hiss edib, məndən qalmağımı, yüz illər əvvəl perik düşdüyü məmləkətinin əhvalını xəbər almaq istəyirdi. Əlimi məzar daşına qoydum, elə bil hiss elədim onu.

 Qəribədir dünyanın işləri… Bu nə ovqat, bu nə aləm, bu nə mərtəbə, bu nə sızıltı? Yad diyarda 6 əsr əvvəl dünyasını dəyişmiş soydaşıma hiss etdiyim bu doğmalıq nədir?!

Xəyalən Azərbaycandan gətirdiyim doğmalığı, ehtiramı bölüşdüm şairlə. Günəşin şəfəqləri pəncərədən qəbrinin üstünə düşürdü, sanki xəyali söhbətimizdən çöhrəsinin nura boyandığını, gülümsədiyini gördüm. Mənə çox çətin idi... Bu doğmalıqdan, bu rahatlıqdan, bu mistik ortamdan ayrılmaq mənə çox çətin gəlirdi, gözlərim dolmuşdu. Doğma bir adamımı qəriblikdə tək qoyub, geri - Vətənə qayıtmalıydım. Məqbərədən çıxanda çevrilib bir də baxdım, bayaq nura boyanmış məzar gözümə çox solğun dəydi, sanki yenidən tənha qalacağından solmuşdu. Və söz verdim, söz verdim ki, biz yenidən görüşəcəyik... Ürəyimdə yox, eşidiləcək səslə, doğma dilimizdə sağollaşdım dahi şairlə.

Mən Vətənə ruhu yad məmləkətə sığmayan Nəsiminin sevgisini, məzarının, məqbərəsinin fotolarını gətirdim...

Bir də pıçıltısını… Sətirlərinin arasında gəzişəndə tapacağınız pıçıltısını:

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam.

Orxan Əzim