Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 12:15:00
Orta məktəblərdə ikinci xarici dil hansı şərtlərlə keçirilməlidir? - Cavab

Orta ümumtəhsil müəssisələrində ikinci xarici dilin tədrisinə az saat verilməsi, əksər şagirdlərin 11 il ərzində bir əcnəbi dili mükəmməl öyrənə bilməməsi tez – tez xatırlanan problemlər sırasındadır.

Bəs, qanunvericilik bu kimi məsələləri necə tənzimləyir?

AzEdu.az 2019-cu ilin “Tədris planına dair qeydlər”inə istinadla məlumat verir ki, ölkə ümumtəhsil məktəblərində ingilis, alman, fransız, rus, ərəb, fars dilləri keçirilə bilər. Məktəblərdə xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan dil şagirdin məktəbdə öyrəndiyi əsas xarici dil hesab olunur.

Bir neçə xarici dil tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyn və ya qanuni nümayəndəsi tərəfindən seçilir. Onların seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə 2 xarici dil qrupu təşkil oluna bilər. Bu halda həmin sinif 2 qrupa bölünməli, bu qruplar dil seçiminə görə bərabər, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi. Məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki müəllimin olması mütləqdir.

Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunur. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduqda ikinci xarici dilin tədrisindən imtina yolverilməzdir. Bu xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı ödənilməklə digər təhsil müəssisələrindən müəllim dəvət oluna bilər.

Bununla yanaşı, qnaunvericilik I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol vermir.

Əsas xarici dil keçirilən, amma ikinci xarici dil tədris edilməyən məktəblərdə ikinci dilə ayrılan saat əsas əcnəbi dilin öyrənilməsinə verilir.

Xarici dil üzrə pedaqoji kadr potensialı olmadıqda əsas və ikinci xarici dillərə ayrılan saatlar ixtisaslı müəllimlərin olduğu məktəblərdə qeyd edilən fənlərin tədrisinə verilir:

-İbtidai siniflərdə tədris dilinin;

-V-VIII siniflərdə hər birinə 1 saat olmaqla tədris dilinin,

-“Ədəbiyyat”, “Riyaziyyat” və “Azərbaycan tarixi” fənlərinin;

-IX sinifdə hər birinə 1 saat olmaqla tədris dilinin,

-“Riyaziyyat” və “Azərbaycan tarixi” fənlərinin;

-X-XI siniflərdə hər birinə 1 saat olmaqla tədris dilinin, “Riyaziyyat”, “Kimya”, “Fizika”, “Coğrafiya” və “Azərbaycan tarixi” fənlərinin.

Qeyd olunan fənlər üzrə məktəbdə ixtisaslı müəllim olmadıqda, nəzərdə tutulan saatlar məktəb pedaqoji şurasının qərarına əsasən digər fənlərin tədrisinə verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları