Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 14:42:16
Beynəlxalq Olimpiadanın azərbaycanlı qalibi: “Xaricdə təhsil üçün iki seçimim vardı”

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri haqqında layihənin budəfəki  qonağı Mustafa Abdullayevdir.

O, hazırda Türkiyənin İhsan Doğramaçı Bilkənt Universitetində təhsil alır.

Mustafa deyir ki, olimpiadaya gedən yolda nailiyyətləri çox olub.


“Bakıya gələndən sonra əhatəm genişləndi”

“1997-ci ildə Xaçmazda anadan olmuşam. İlk təhsilimi də elə Xudat şəhər Kərim Məhərrəmov adına 3 saylı orta məktəbdə almışam. Daha sonra isə 7-ci sinifdə oxuyarkən indiki İstək Liseyinə (Quba Özəl Türk Liseyi) qəbul olunmuşam. Daha sonra burada olimpiada seçmə imtahanında birinci olmuşam və buna görə istədiyim sahəni seçməyə icazə veriblər. Nəticədə riyaziyyatı seçməli oldum. Bu fənni seçməyimin sadə səbəbi vardı. Çünki uşaqlıqdan bəri riyaziyyata xüsusi marağım olub. Xaçmaz mənim doğulub böyüdüyüm yerdir. 9-cu sinifdə oxuyarkən müvəqqəti olaraq doğulduğum evdən uzaqlaşdım. Çünki imtahanlarda uğurlu nəticə göstərdiyim üçün təhsilimi Bakı Özəl Türk Liseyində davam etdirdim. Bakıya gələndən sonra əhatəm genişləndi. Yeni dostlar, müəllimlər qazandım.
Bəzən kimlərsə kənddən şəhərə gələnlərə birtəhər baxır. Sanki kənddə doğulub-böyüyən savadlı, dünyagörüşlü ola bilməz. Hər halda, deyilənlərin əksi olaraq özümü nümunə göstərə bilərəm. 2012-ci ildə yeniyetmələr arasında Balkan Riyaziyyat Olimpiadasında (Junior Balkan Mathematical olympiad) gümüş medal qazanmışam. Həmin ildə həmçinin Respublika Riyaziyyat Olimpiadasında 3-cü olmuşam. 2013-cü ildə Respublika Olimpiadasında 2-ci yeri tutmuşam. 2013 və 2014-cü illərdə Beynəlxalq Riyaziyyat Olimpiadasında 4-cü yerə layiq görülmüşəm (Honourable Mention). Bundan əlavə 2013-cü ildə Zhautykov Olimpiadasında 4-cü yeri qazanmışam”.

“Şəhər uşaqları hazırcavab olurlar”


Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbənin sözlərinə görə, ailənin hər bir övladın həyatında mütləq uğurlu payı var:


“Ailənin dəstəyi mütləq olmalıdır. Kənd mühiti bir qədər qapalı olur. Adətən şəhərdə həyat qaynadığından şəhər uşaqları erkən yaşlarından hazırcavab böyüyürlər. Ona görə də kiçik yaşlı uşaqların yanında ailənin diqqət və qayğısı olmalıdır. Adətən kiçik yaşlarımızda həyatın çətinliklərini anlaya bilmirik. O zaman həyatın acı burulğanına düşmək də asan olur. Ona görə də ailənin dəstəyi mütləq lazımdır. Ailəmin mənə dəstəyi həmişə olub. Dərslərimi yaxşı oxumağım üçün mənəvi güc veriblər. Heç zaman ixtisas seçimimə müdaxilə etməyiblər. Hər zaman olimpiada müəllimlərimlə əlaqədə olub, dərslərimlə maraqlanıblar”.

 


“Anamin təkidi ilə Türkiyəni seçdim”

Mustafa deyir ki, Türkiyədə təhsil almaq istəməsində anasının da rolu var:

“Olimpiada qalibi olduğuma görə bir çox ölkələrdə təhsil almaq imkanı yaranmışdı. Özümün ən çox təhsil almaq istədiyim ölkələr arasında Kanada və Türkiyə ilk sıralarda gəlirdi. Amma daha sonra ailəmlə məsləhətləşdim və özəlliklə anamın təkidi ilə Türkiyə variantını seçdim.

Hazırda Türkiyənin İhsan Doğramaçı Bilkənt Universitetində riyaziyyat ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Düşünürəm ki, ixtisasıma görə bu universitet Türkiyənin ən yaxşı ali təhsil ocaqlarındandır”.

“Türkiyədə özümü qərib hiss etmədim”

Olimpiada qalibi Türkiyədə təhsil alarkən bir çox məsələləri də diqqətdən keçirib:


“Türkiyəyə gələndə heç də özümü yabançı hiss etmədim. Bəlkə də başqa ölkəyə getmiş olsaydım, ilk günlərdə çox sıxılardım. Amma Türkiyə qardaş ölkə olduğu üçün darıxmaq, sıxılmaq hissini yaşamadım. Dil yaxınlığımız var. Mədəniyyətlərimiz, dəyərlərimiz çox yaxındır. Bunun müsbət tərəfləri mütləq var. Əvvəla, insanlarla anlaşmada, ünsiyyət qurmaqda çətinlik çəkmirsən. Bir məqamı da deyim. Mədəniyyətlərin bu dərəcədə yaxın olması insanı daha fərqli təcrübələrdən məhrum edir. Demək istədiyim odur ki, daha fərqli cəmiyyətdə yaşamadığına görə insanın təcrübəsi qismən qısa olur. Bəyəndiyim məqamlar da var. Məsələn, burda oxuyarkən şahidi olduğum hadisələrdən biri sənə qarşı heç bir ayrıseçkiliyin olmamasıdır. Türkiyədə, əsasən yaşadığım bölgədə əksəriyyət Azərbaycanı və azərbaycanlıları sevir. Bizdən başqa burada tanışlarım arasında koreyalı, amerikalı, pakistanlı və iranlılar çoxdur. Əcnəbi tələbələrlə də çox yaxşı dil tapırıq”.