Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-19 16:42:00
Bələdiyyə universitet ərazisini satıb –Təhsil Nazirliyinə müraciət olunacaq

Ötən günlərdə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran şəhərinə iki günlük səfər edib. Səfər çərçivəsində Şura üzvləri  Təhsil şöbəsinin işçiləri, Lənkəran Dövlət Universiteti və məktəb kollektivi ilə görüşlər keçirilib.

Səfər təəssüratları və nəticələr barədə  AzEdu.az-a danışan İctima Şuranın məsul katibi İlqar Orucov bu səfəri “Fəaliyyət Planı”-na daxil olan işlərin davamı olaraq qeyd edib.O, bildirib  ki, səfər Lənkəranda bütövlükdə təhsil mövqeyini öyrənmək, onu qiymətləndirmək,təhsil ictimaiyyətini narahat edən məsələləri gündəmə gətirmək və nəhayət baş verən problemləri Təhsil Nazirliyinə çatdırmaq məqsədi daşıyırdı.

“Səfər xeyli məhsuldar oldu. Birinci gün, yəni dekabrın 16-sı biz orta ümumtəhsil məktəblərində görüşlər keçirdik. Görüşdə Təhsil şöbəsinin rəhbərliyi də iştirak edirdi. Daha sonra biz məktəb direkorları, qabaqcıl müəllimlər və gənc müəllimlərin iştirakı ilə görüşlər keçirdik.  Biz bütövlükdə Lənkəran şəhərinin müəllimlərinin təhsilə can yandırmaları, əsl təhsil fədailəri olmalarını müşahidə etdik.  Təhsil mühitində müxtəlif yaş kateqoriyasından müəllimlər vardı. Yaşlı nəsil ilə gənc nəslin təcrübə mübadiləsinə, eləcə də rəqabətdə olmasına, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müəllimlərin iradə nümayiş etdirmələrinə şahid olduq. Öz uğurları ilə haqlı olaraq öyünən və əhəmiyyətli dərəcədə fərqlənən 6 saylı Lənkəran şəhər məktəbində, eyni zamanda kənd məktəblərinə səfər etdik. Hər ikisində çox yaxşı təhsil mühiti müşahidə olunurdu”.

O, təhsil mühitinin müsbət cəhətləri ilə yanaşı, müəllimləri narahat edən problemləri, narahatlıqları da vurğulayıb.

“Təbii ki, biz problemlərlə, müəllimləri  narahat edən məsələlərlə də maraqlandıq.  Ən çox narahatlıq məktəblərin maddi texniki bazası ilə əlaqəlidir.Məktəbdə laboratoriyaların olmaması, xüsusilə, kimya, fizika, biologiya kimi təbiət elmlərinin sadəcə sinif otaqlarında tədris etməklə təlimin effektli alınmaması ilə bağlı narahatlıqlar var.  Eyni zamanda məktəblərdə şagird sıxlığı  və müəllimlərə həvəsləndirici (H1,H2)  tədbirlərin görülməsi ilə bağlı narazılıqlar səsləndirildi. Belə ki, rayondan uzaqda yerləşən  qəsəbə məktəbləri var ki, həmin məktəbdə işləyən müəllimlərə  nəzərdə tutulmuş  əlavə məbləğ verilməsi tətbiq olunmur. Amma qəsəbə məktəbi olması, rayondan uzaqlığa təsir göstərmir. Bu haqlı narazılıq əslində təkcə Lənkəran şəhər təhsil şöbəsinin deyil, aidiyyatı qurumların problemidir. Xüsusilə, 65 yaşına çatmış müəllimlərin işlərinə xitam verilməsi ilə bağlı məsələlər müzakirə olundu. Müəllim çatışmazlığı olan məktəblərdə sağlamlığı imkan verən köhnə kadrların müddətli müqavilə ilə işini davam etdirilməsi arzu olunurdu. Bəzi məktəblərdə kadr çatışmadığına görə bir neçə fənni bir müəllim tədris edir. Direktorlar həmin yerləri vakansiyaya çıxarsa belə, gənc müəllimlər şəhərdən uzaq olduğuna görə həmin məktəbləri seçməkdə tərəddüd edirlər və yaxud seçmirlər. Dərslər boş qalmasın deyə fənlər bir müəllimə verilir. Halbuki coğrafiya müəlliminin kimya fənnini tədris etməsindənsə, bunu müsabiqə şərtini ödəməkdə iki balı çatmayan gənc kadra təklif edilməsi daha yaxşıdır”.

Şura üzvü Lənkaran Dövlət Universiteti ilə bağlı təəssüratlarını da səsləndirib.

“Bizim növbəti gün səfərimiz LDU-da baş tutdu. Bölgədə fəaliyyət göstərən bir universitet olduğuna baxmayaraq, universitetin fəaliyyəti paytaxt universitetləri üçün də təcrübə olacaq səviyyədədir. Həm universitetin tələbələri üçün nəzərdə tutulmuş yataqxananın istifadəyə verilməsi,   yeni tədris binalarının tikilməsi,   həm də ölkənin iqtisadiyyatı ilə bağlı kadr yetişdirməyə ciddi önəm verilməsi diqqətəlayiqdir.   Universitetdə kənd təsərrüfatı, turizm sahələri üzrə mütəxəssislərin hazırlanması ilə bağlı  yeni fakültə və ixtisalar yaradılıb. Hər iki fakültənin  tələbələrinin təcrübə keçməsi üçün münbit şərait var. Şəhərdə  LDU-ya məxsus otel fəaliyyət göstərir ki, həmin oteldə turizm fakültələrinin tələbələri təcrübə keçirlər.  Eyni zamanda universitetin həyətində əkin sahəsində  həm stirus meyvələr, həm də kənd təsərrüfatı məhsulları becərilir.  Bütün bunları tələbələr icra etməklə praktiki biliklərə yiyələnirlər. Sadaladıqlarımız çox nümunəvi təcrübədir. Onu da qeyd edim ki, kənardan gələn müəllimlərin burada daimi qalması, universitetin maddi texniki bazasının təkmilləşdirilməsi ilə bağlı xeyli işlər görülüb”.

O, eyni zamanda universitet kollektivini narahat edən məsələləri də diqqətə çatdırıb.

“Tələbələri narahat edən məqamlar magistratura pilləsində ixtisas fənlərinin ləğvi ilə gedən müzakirələrdir. Onlar  ixtisas fənlərini saxlamaqla imtahanlarda sadələşdirmə aparılması ilə bağlı fikirlər səsləndirdilər. Müəllimlərlə görüşdə isə universitetin reytinqinin qaldırılması, gənc kadrların cəlb edilməsi, gələcək elmi kadr hazırlama prespektivlərinin reallaşdırılması ilə bağlı müzakirələr apardıq və inanıram ki,  gələcəkdə bu universitetin reytinqi, prespektivləri  daha çox olacaq. Çünki müəllimlərin  məsuliyyəti doğurdan da hiss olunurdu. Onu da qeyd edim ki, universitetdə dərsliklərlə bağlı çox ciddi problemlər var. Eyni zamanda universitetin maddi texniki bazasının təkmilləşdirilməsi, laboratoriyaların yaradılması xeyli vəsait və zaman tələb edən məsələdir və düşünürəm ki, bu istiqamətdə universitetə kömək etməliyik”.

İ.Orucov yerli məmurların təhsil ocağına, LDU-ya olan münasibətini təəssüflə vurğulayıb.

“ Bir məqamı təəssüflə qeyd etmək istəyirəm. LDU-nun 3 saylı tədris korpusunun yerləşdiyi ərazi bələdiyyə tərəfindən satılıb və iş hazırda məhkəmədədir.  Xaricdə məmurlar universitetlərə dəstək olduğu halda, bizim yerli məmurlarımızın tələbələrin praktika keçdiyi universitet ərazisinə göz dikməsi çox təəssüfedici haldır. Bələdiyyə təsisatları mövcud olan ölkələrdə bələdiyyələr universitetə, məktəbə və bütövlükdə təhsilə dəstək verdikləri halda, təəssüf ki, bizim bələdiyyələr universitetlərin ərazilərini satmaqla məşğuldurlar. Digər təssüfləndirici hal isə universitetin ərazisini alan şəxsin Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini olmasıdır. Cənub regionunun ali təhsil müəsissəsinə, təhsil ocağına  belə mənfi münasibəti çox təəssüf doğurur. Biz universitetimizi qorumaq məqsədilə bu məsələni İctimai Şuranın iclasında qaldıracağıq və bununla  bağlı Təhsil Nazirliyinə də müraciət edəcəyik. Biz zaman-zaman təhsil müəsissələrinin ərazilərinin satılması, işbazlar tərəfindən zəbt olunması, təyinatdan kənar işlərin, tikintilərin salınması  bir ənənəyə çevrilməsinin şahidi olmuşuq. İctimai Şura olaraq  bu məsələnin axırına qədər gedəcəyik və universitetin xeyrinə həll olunmasına çalışacağıq”-deyə İ. Orucov əlavə edib.

Ayşə MÜSEYİB