Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-17 13:14:00
Müəllimlərin maaşından çıxılan vergilər bu formada hesablanır –Nümunə

Hazırda müəllimlərin diqqət mərkəzində olan nüanslardan biri də əməkhaqlarından vergi tutulmasıdır. Bəs, əməkhaqlarından çıxılan vergilər hansı formada hesablanır?

Öncə hesablama üçün bir neçə zəruri məlumatı qeyd edək:

AzEdu.az xəbər verir ki, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirlərdən 14 % gəlir vergisi tutulur.

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3 % miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

Qeyd olunanlardan əlavə, Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən, əməkhaqqından 2 % üzvlük haqqı tutulur.

Bəzi müəllimlərə vergi tutulmaları zamanı güzəştlərin tətbiq edilməsi də çoxlarına məlumdur:

Əməkhaqqı 2500 manata qədər olduqda, ondan ölkə üzrə yaşayış minimumu, 180 manat çıxıldıqdan sonra qalan məbləğdən 14 % gəlir vergisi tutulur. Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən bəzi kateqoriyadan olan işçilərin əməkhaqqından gəlir vergisi güzəştli tutulur.

I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər hər hansı işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Güzəştlərlə bağlı məsələyə nümunələr əsasında nəzər salaq:

Tutaq ki, müəllimin əməkhaqqı 400 manat təşkil edir.

Gəlir vergisi – (400-180) = 220 * 14% = 30,8 manat.

Sosial sığorta – 400 * 3 %= 12 manat.

Həmkarlar – 400 * 2 %= 8 manat.                           

İndi isə müəllimin əmək haqqından vergi faizlərini çıxaq:

400-(30,8+12+ 8) = 349,2 manat.

Beləliklə, vergilər tutulduqdan sonra müəllimin əməkhaqqı 349,2 manat təşkil edir.

İndi isə ona tətbiq olunan güzəştləri nəzərə alaraq, məcburi köçkün müəllimin əməkhaqqı və vergi tutulmalarını hesablayaq:

Tutaq ki, məcburi köçkün müəllim 450 manat əməkhaqqı alır.

Gəlir vergisi – (450-180-100)= 170* 14 %= 23,8 manat.

Sosial sığorta – 450 * 3 %= 13,5 manat.

Həmkarlar – 450 * 2 %= 9 manat.

İndi isə məcburi köçkün müəllimin əmək haqqından vergi faizlərini çıxaq:

(450 – (23,8+13,5+9) = 403,7manat.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları