Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 11:30:00
Ötən il tam orta təhsilini başa vurmuş şagirdlərin 25 faizi təhsilini davam etdirməyib

Dövlət İmtahan Mərkəzində 2017-ci ildə də ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələrini bitirən şagirdlərin təhsilə davamiyyətinin vəziyyəti, bilik səviyyəsi və bütövlükdə bu sahədə gedən dəyişikliklərin dinamikası müqayisəli şəkildə təhlil edilib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində bildirilib ki, 2017-ci ildə 11-ci sinfi bitirən şagirdlər 2006-cı ildə 1-ci sinfə daxil olublar.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2006-cı ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 117 330 nəfər olub: “2015-ci ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 108 565 nəfər idi. 2015-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanında faktiki olaraq 105 608 nəfər şagird iştirak edib. Həmin ildə 2957 nəfər şagirdin buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etmədiyini nəzərə alsaq, məlum olur ki, 2006-cı ildə 1-ci sinfə daxil olan şagirdlərin təxminən 7.5 %-i ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur.

Qeyd olunduğu kimi, 2015-ci ildə ölkədə 9-cu sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 105 608 nəfər olub və bu şagirdlərin təxminən 17%-i təhsilini davam etdirməyib. Bu kontingent buraxılış imtahanlarında, əsasən, "2" və "3" qiymət alanlardır. Qeyd etmək lazımdır ki, belə zəif nəticə göstərən şagirdlərin 71%-i kənd məktəblərini təmsil edir. IX sinfi bitirənlərin yalnız 7%-i təhsilini peşə liseylərində və orta ixtisas təhsili müəssisələrində davam etdirib. Şagirdlərin qalan 77%-i isə 2017-ci ildə tam orta təhsilini başa vurub. Nəticədə, 2006-cı ildə 1-ci sinfə daxil olan 117 330 şagirdin 71 %-nin tam orta təhsil səviyyəsini, 22 %-nin isə ümumi orta təhsil səviyyəsini başa vurduğu məlum olub. 2017-ci ildə tam orta təhsilini başa vurmuş şagirdlərin təxminən 25%-i təhsilini davam etdirməməyi qərara alıb və ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciət etməyib. Onların 64%-i oğlan, 36%-i qız şagirddir”.

Jurnalda qeyd olunub ki, 2017-ci ildə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 62842 şagird, yəni 2006-cı ildə 1-ci sinfə daxil olan şagirdlərin yalnız 54%-i ərizə verib: “Yuxarıda sadalananları ümumiləşdirərək qeyd etmək olar ki, 2006-cı ildə 1-ci sinfə daxil olan 117330 şagirdin 61%-i əmək bazarına heç bir peşə və ixtisas üzrə təhsil almadan çıxacaq”.